Məhkəmə qərarları › İş №2(012)-785/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-785/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-785/2023 02.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6 ədəd qapının dəyəri olaraq 1080 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdə 1080 manat dəyərində olan 6 ədəd qapı satmışdır. Cavabdeh pulu ödəmədiyi üçün o, Bakı şəhəri Nəsimi rayon Polis idarəsinə müraciət etmiş, polis idarəsində izahat vermiş cavabdeh xx.xx.2022-ci il tarixdə 6 ədəd qapının pulunu verəcəyini və yaşadığı ünvanı öz iltizamında göstərmişdir. Cavabdeh Gürcüstan Respublikasının vətəndaşıdır. Lakin bu günə qədər pulu verməmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, qapı alqı-satqısı ilə məşğul olmaqla pərakəndə satış həyata keçirir. Cavabdeh ondan 6 ədəd qapı almışdır. Belə ki, cavabdeh həmin qapıları kiminsə evinə quraşdırmaq üçün almışdır. Cavabdeh əvvəllər ondan alqı-satqı etmişdir. Bununla da, onun etibarını qazanmış və dəyəri 1080 manat olmaqla 6 ədəd qapını nisyə götürmüşdür. Belə ki, qapını alan zaman axşam pulu ödəyəcəyini bildirmiş, lakin bir ildir ki, ödəniş etmir. Cavabdeh pulunun olmadığını bildirmiş, onun telefon zənginə cavab verməmişdir. O, 22-ci Polis bölməsinə müraciət etmiş, cavabdeh Polis idarəsinə gələrək qara qələmlə izahat yazaraq 1 ay möhlət istəmişdir. Lakin həmin tarixdən 8-9 ay müddət keçmişdir. Sözügedən iltizam qara qələmlə yazılmaqla sənədin əslidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli ******* saylı qaimə fakturadan görünür ki, Cavabdeh İddiaçı 6 ədəd qapı almış və dəyəri 1080 manat olmaqla həmin pulu ödəməlidir. -Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 086-5418A-3222 saylı məktubdan görünür ki, Cavabdeh borcunun geri qaytarılması barədə iltizam yazaraq qısa müddət ərzində geri qaytaracağını qeyd etmişdir. Əks təqdirdə, müraciətdə qeyd olunanlarla bağlı araşdırma aparılmış, göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. -Cavabdeh xx.xx.2022-ci il tarixli iltizamından görünür ki, o, İddiaçı olan 1080 manat borcunu xx.xx.2022-ci il tarixdə qaytaracağına dair söz vermiş və qaytarmadığı təqdirdə qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti öz üzərinə götürmüşdür. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Vağzalyanı küçəsi 46 saylı evin 38 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş yazılı iltizam əsasında Cavabdeh imzası ilə təsdiq edilmiş iltizam əsasında İddiaçı 6 ədəd qapının alınması müqabilində 1080 manat borcunun yaranması təsdiq olunmuşdur. Cavabdeh alınmış əşyanın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində xx.xx.2022-ci il tarixdə yazılaraq və imzalanaraq tərtib olunmuş iltizam işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur, ona görə də etiraf kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Mülki iş materiallarından göründüyü kimi, 1080 manat borcunun olmasına dair cavabdehin yazılı şəkildə tərtib olunmuş iltizamı cavabdehin iradə ifadəsi əsasında yazılmış və onun imzası ilə təsdiq edilmiş həmin sənəd birtərəfli əqd olaraq cavabdehdə iddiaçı qarşısında vəzifələr yaratmış və cavabdeh bu vəzifələrin yerinə yetirilməsi öhdəliyini daşımışdır. İddiaçı məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etsə də, cavabdeh ona qarşı iddia tələbinə dair öz hüquqlarının müdafiə etməsi üçün şərait yaradılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, hər hansı bir münasibət göstərməmişdir. Belə olan halda, cavabdeh iddianı etiraf etməsi münasibətini yaratmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlara əsasən, cavabdehin iddiaçı qarşısında 1080 manat pul vəsaitini qaytarmaq öhdəliyini icra etməməsi öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatorundan görünür ki, iddianın qiyməti 1080 manat olduqda iddia ərizəsinin verilməsinə görə 30.8 manat pul vəsaiti ödənilməlidir. İddiaçı iddia ərizəsinin verilməsinə görə 43 manat dövlət rüsumu ödədiyindən dövlət rüsumunun məbləğinin 30.8 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, qalıq qalan 12.2 (43-30.8=12.2) manat pul vəsaiti isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1080 (min səksən) manat pul vəsaiti və dövlət rüsumuna görə 30.8 (otuz manat səksən qəpik) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 1110.8 (min yüz on manat səksən qəpik) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Artıq ödənilmiş 12.2 (on iki manat iyirmi qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar