Məhkəmə qərarları › İş №2(012)-79/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-79/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-79/2023 12.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" şirkətindən 172087 manat icarə haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı adından X1 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X3 arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin icarə müqavilələrinin uzadılması barədə olan müqavilələrə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən sahəni (“Obyekt”) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçiyə icarəyə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış, hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinin 4.3-cü maddəsinə əsasən, cavabdeh hər ayın 3-cü təqvim günündən gec olmayaraq icarə haqqını icarəyə verənin bank hesabına köçürməli olmasına baxmayaraq 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla cəmi 172087 manat icarə haqqını heç bir səbəb olmadan ödəməmişdir. Bununla əlaqədar tərəflər arasında dəfələrlə danışıqlar, yazışmalar, görüş olmuş, cavabdeh maddi imkanının olmamasını, hesablarında pulun olmamasını və sair bu kimi mənasız və əsassız bəhanələr gətirərək icarə haqqını ödəməkdən yayınmışdır. Bu səbəbdən də, icarə haqqı ödənişinin məhkəmə qaydasında ödənilməsi zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, ekspert rəyinə əsasən, icarə müqaviləsində imzanın cavabdeh şirkətin rəhbərinə məxsus olmaması öz təsdiqini tapmışdır. Baxmayaraq ki, cavabdehin nümayəndəsi imza və möhürün cavabdehə məxsus olduğunu bildirmişdir. Tərəflər arasında bağlanmış akta əsasən, cavabdehin imza və möhürü vardır. İddiaçının tələb etdiyi icarə haqqı ödənişi icarə müqaviləsindən irəli gələn borcdur. Məhkəmə iclasında cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, möhürün şirkətə məxsus olmamasına dair o, hər hansı bir ifadə səsləndirməmişdir. Əksinə, möhür onlara məxsus olsa da, möhür şirkətin nümayəndəsi tərəfindən istifadə olunmamışdır. Cavabdehin iddiaçı ilə 2017-ci ildən əvvəl icarə münasibətləri olmuş, sonradan pul ödənişi edilmədiyindən cavabdehin nümayəndəsi icarəyə verilmiş obyektə buraxılmamışdır. Bu səbəbdən də, möhür, müsahibatlıq sənədləri təxminən, bir ildən sonra götürülmüşdür. Digər tərəfdən, mülki iş materiallarına əlavə olunmuş sənədlər də təsdiq edir ki, imzalar cavabdehin rəhbərinə məxsus olan imza deyildir. Lakin möhür başqa şəxs tərəfindən vurula bilər. Cavabdeh artıq uzun müddətdir ki, başqa bir ünvanda fəaliyyət göstərir. Şirkətin Əsgər adlı nümayəndəsi şirkətə məxsus olan sənədləri həmin ünvandan götürmüşdür. Cavabdeh icarəyə verilmiş obyektdə 2016-cı ilin noyabr-dekabr aylarına kimi fəaliyyət göstərmişdir. Borc olduğuna görə əşyalar ofisdə saxlanılmış və bu səbəbdən də, təhvil-təslim aktı mövcud deyildir. Cavabdehin pul borcu olduğu halda müqavilə müddətinin uzadılması barədə bağlanmış aktların hər hansı bir əsaslı məntiqi yoxdur. Möhürün cavabdehə məxsus olması istisna deyildir, bu səbəbdən də, qərardadda möhür deyil, imza mübahisələndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, müqavilə imzalanmış və bundan savayı, pul borcunun qalığı ilə bağlı akt mövcuddur. Şirkətin əsasən, Əsgər adlı nümayəndəsi həmin proseslərdə iştirak etmişdir. Rəhbərin adını və soyadını xatırlamasa da, müqavilənin tərtib olunmasında imza olaraq şirkətin direktoruna məxsusdur. İcarə müqaviləsində imza iddiaçının adından ona məxsusdur və bu barədə ona baş etibarnamə verilmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İcarəyə verən İddiaçı əvəzinə X1 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən 4-cü mərtəbə, blok A, ümumi sahəsi 246.8 kv.m olan 3 saylı mənzili xx.xx.2017-ci il tarixdən etibarən 2 il müddətinə, icarə haqqı 3000 manat, vergi haqqı 488.37 manat olmaqla, cəmi 3488.37 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə verməyi öhdəsinə götürmüşdür. -İcarəyə verən İddiaçı əvəzinə X1 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 3 ünvanında icarəyə götürülmüş obyektin xx.xx.2018-ci il tarixədək icarə haqqı borcu 55087 manat təşkil edir. -İcarəyə verən İddiaçı əvəzinə X1 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı əlavədən görünür ki, tərəflər icarə müddətinin xx.xx.2019-cu il tarixdən başlayaraq 11 ay müddətinə uzadılmasına dair razılığa gəlmişlər. -İcarəyə verən İddiaçı əvəzinə X1 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2 saylı əlavədən görünür ki, tərəflər icarə müddətinin xx.xx.2017-ci il tarixdən başlayaraq 11 ay müddətinə uzadılmasına dair razılığa gəlmişlər. -"xxxx" şirkətinin xx.xx.2021-ci il tarixədək hesablanan borcu üzrə cədvəldən görünür ki, xx.xx.2018-ci il tarixədək 55087 manat olmaqla, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3000 manat olmaqla, ümumilikdə, cəmi 172087 manat borc hesablanmışdır. Mülki Prosessual Məcəllənin: 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/874 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 80-84-cü vərəqlərində olan 01 mart 2017-ci il tarixli icarə müqaviləsinin “İcarəçi” qrafasında “Novruzov.A.M.” yazıları qarşısındakı imza; 75-ci vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “19” aprel 2016-cı il tarixli icarə müqaviləsinə 01 mart 2017-ci il tarixli, 01 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov.A.M.” yazıları qarşısındakı imza; 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli aktda “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza; 76-cı vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-ci il tarixli icarə müqaviləsinə 01 mart 2019-cu il tarixli 01 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza; 74-cü vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-cı il tarixli icarə müqaviləsinə 01 fevral 2020-ci il tarixli 02 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza X3 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı ilə cavabdeh "xxxx" Şirkəti arasında icarə müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 2 ünvanında yerləşən 4-cü mərtəbə, blok A, ümumi sahəsi 246.8 kv.m olan 3 saylı mənzili xx.xx.2017-ci il tarixdən etibarən 2 il müddətinə, icarə haqqı 3000 manat, vergi haqqı 488.37 manat olmaqla, cəmi 3488.37 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, icarəyəverən müqavilə üzrə öhdəliyini yerinə yetirərək obyekti icarəyə vermiş, icarəçi isə icarə haqqının ödənilməsindən yayınaraq müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki iş materiallarında olan, tərəflər arasında bağlanmış xx.xx.2017-ci tarixli icarə müqaviləsindən göründüyü kimi, icarəyə verən müqavilə ilə nəzərdə tutulmuş obyekti icarəçiyə təhvil verməklə tərəflər arasında icarə hüquq münasibətlərindən irəli gələn hüquq yaranmış və tərəflər həmin müqavilə üzrə qarşılıqlı hüquq və vəzifələr daşımışlar. Mülki Məcəllənin: 700.1. maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki iş materiallarına əlavə olunmuş icarə müqaviləsi və ona əlavə olunmuş aktların cavabdeh "xxxx" Şirkətinin direktoru tərəfindən imza edilib-edilməməsi mübahisə doğurduğundan mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və məhkəməyə təqdim olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/874 saylı rəyinə əsasən, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin, xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavənin, xx.xx.2018-ci il tarixli aktın, xx.xx.2019-cu il tarixli, 01 nömrəli əlavənin, xx.xx.2020-ci il tarixli, 02 nömrəli əlavənin “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imzanın X3 tərəfindən deyil, başqa şəxslər tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Beləliklə, tərtib olunmuş müqavilə səlahiyyətli nümayəndənin deyil, başqa şəxsin imzası ilə təsdiq edilməklə müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq tərtib olunmuşdur. Beləliklə də, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi nəzərə alaraq xx.xx.2017-ci il tarixli müqavilədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imzanın X3 icra edilmədiyi qənaətinə gəlir. Bununla da, bağlanmış müqavilə üzrə cavabdehin öhdəlik daşımadığı təsdiq olunmaqla göstərilən hal cavabdehin iddiaçı qarşısında öhdəliyinin icrasını istisna edir. Ona görə də iddia tələbləri əsaslı olmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən həmin tələb üzrə ödənilmiş dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 138 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatına görə 138 (yüz otuz səkkiz) manat pul vəsaiti alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar