Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-807/2025 29.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 10000 manat məbləğində pulun, mənəvi ziyan kimi dəymiş 5000 manat məbləğində ziyanın və dövlət rüsumu kimi ödənilmiş 135 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi yaşayış evi tikdirmək istəmiş, əvvəllər tanımadığı Cavabdeh isə ona bu işdə köməklik edə biləcəyini bildirmişdir. Bu məqsədlə onlar xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən 14 saylı notariat ofisində getmiş və orada onunla Cavabdeh arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, cavabdehə həmin gün 11500 manat, növbəti 7 gün ərzində 3500 manat, 50 ay isə hər ay 500 manat olmaqla 25000 manat, ümumilikdə isə 40000 manat pul ödəməli, cavabdeh isə 3 ay müddətinə müqavilə ilə nəzərdə tutulan yaşayış evini tikib ona təhvil verməli idi. O, cavabdehə xx.xx.2023-cü il tarixdə 11500 manat, 3 gün sonra isə 2500 manat pul olmaqla, ümumilikdə 14000 manat pul vermişdir. Lakin bir müddət sonra Cavabdeh tərəfindən yaşayış evinin tikilməsi ilə bağlı hər hansı iş görülmədiyini bilib cavabdehdən pulunu qaytarmasını tələb etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh ona 4000 manat pul qaytarmış, qalan 10000 manatı da qızının toy məclisindən sonra verəcəyini bildirmişdir. Lakin 1 ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək, ona yalan vədlər verərək borcunu ödəməkdən boyun qaçırmışdır. Bundan sonra başa düşmüşdür ki, cavabdeh onu aldadır. O, cavabdehə dəfələrlə müraciət etsə də nəticəsi olmamışdır, hal-hazırda da cavabdeh öz qanunsuz əməllərini davam etdirir. O, cavabdehin qanunsuz əməli barədə Abşeron RPİ Qobu PŞ-yə şikayət etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona və ailə üzvlərinə mənəvi ziyan dəymişdir. Belə ki, o, həmin evi tikdirib övladına toy etmək fikrində olmuşdur. Cavabdehin bu hərəkətlərinə görə o, ailəsinin və qohum-əqrabasının içində biabır olmuşdur. Qeyd edir ki, ev tikdirmək üçün o, cavabdehə ödədiyi pul məbləğini kredit götürmüş və krediti ödəmək üçün həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını satmışdır. O, hər gün cavabdehə aldandığına görə mənəvi iztirab keçirir. Nəticədə o, artıq cavabdehin qanunsuz hərəkətlərindən təngə gələrək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh maklerdir və ofisi vardır, lakin hazırda cavabdehin ofisi bağlıdır. O, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra məhkəmə prosesi gedişində Cavabdeh 10000 manat puldan 2500 manatını qaytarmış, qalan 7500 manatını isə hələ də ödəməmişdir. Belə ki, cavabdehə pulun qaytarılması üçün vaxt verilsə də ona cavabdeh tərəfindən əlavə olaraq heç bir ödəniş edilməmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil izahatında bildirdi ki, iddianı qismən qəbul edirlər. Belə ki, Cavabdeh iddia tələbini İddiaçı dəymiş maddi ziyana görə 10000 manat məbləğində pulun ödənilməsi hissəsində qəbul etsə də mənəvi zərərə görə 5000 manat məbləğində pul ödənilməsi hissəsində qəbul etmir. Cavabdeh artıq iddiaçıya ödəməli olduğu 10000 manat məbləğində puldan 2500 manatını ödəmiş, nəticədə qeyd edilən məbləğdən 7500 manat qalmışdır. Cavabdeh, həqiqətən də pul vəsaitini iddiaçıya ödəmək niyyətindədir, lakin indiyədək lazımi məbləğdə pul toplaya bilməmişdir. Bu səbəbdən o, iddiaçıya qaytarılmalı olan pul vəsaitinin ödənilməsi üçün cavabdehə vaxt verilməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh (podratçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış 26 may 2023-cü il tarixli podrat müqaviləsindən görünür ki, Cavabdeh (podratçı) öz materiallarından istifadə etməklə Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən tikinti sahəsi 100 kv.m təşkil edən 6,40 metr hündürlüyü yeddi daş kürsü, 3 metr tavan hündürlüyü olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, İddiaçı (sifarişçi) isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə həmin müqavilədə hazırki müqavilə üzrə Cavabdeh (podratçı) tərəfindən icra olunan işin ümumi dəyərinin muzd da daxil olmaqla 40000 manat təşkil etdiyi, İddiaçı (sifarişçinin) həmin məbləğin 11500 manat notariusun depozit hesabı vasitəsilə ödədiyi, qalan 3500 manatın 7 gün müddətinə və 25000 manatın 50 ay hər ay 500 manat notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 29 avqust 2023-cü il tarixdə əl yazısı ilə yazılmış izahatından görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə İddiaçı ev tikmək adı ilə 14 nömrəli notariusda 13000 manat almış, lakin işləri düzgün getmədiyinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 7 daş kürsü üzərində 3 otaqlı mənzili tikə bilmədiyinə görə 4000 manatı xx.xx.2023-cü ildə İddiaçı qaytarmış, qalan 10000 manatı isə xx.xx.2023-cü ilədək ödəyəcəyinə söz vermiş və izahatı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1-242317122 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı bank hesabına 2500 manat məbləğində ödəniş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. İşin mübahisə edilməyən hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Hökməli qəsəbəsində tikinti sahəsi 100 kv.m təşkil edən 6,40 metr hündürlüyü yeddi daş kürsü, 3 metr tavan hündürlüyü olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin tikilməsi ilə bağlı 26 may 2023-cü il tarixdə podrat müqaviləsi bağlanmış, sözügedən podrat müqaviləsinə əsasən müqavilə üzrə Cavabdeh tərəfindən icra olunan işin ümumi dəyərinin muzd da daxil olmaqla 40000 manat təşkil etdiyi, İddiaçı (sifarişçinin) həmin məbləğin 11500 manat notariusun depozit hesabı vasitəsilə ödədiyi, qalan 3500 manatın 7 gün müddətinə və 25000 manatın 50 ay hər ay 500 manatı notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. Cavabdeh tərəfindən 29 avqust 2023-cü il tarixdə əl yazısı ilə yazılmış izahatdan da göründüyü kimi Cavabdeh xx.xx.2023-cü ildə İddiaçı ev tikmək məqsədi ilə 13000 manat aldığını etiraf etmiş, lakin işləri düzgün getmədiyinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 7 daş kürsü üzərində 3 otaqlı mənzili tikə bilmədiyinə görə 4000 manatı xx.xx.2023-cü ildə İddiaçı qaytarmış, qalan 10000 manatı isə xx.xx.2023-cü ilədək ödəyəcəyinə söz vermişdir. Cavabdeh vəkili-nümayəndəsi məhkəmə iclasında cavabdehin iddianı qismən qəbul etdiyini, 10000 manat pul məbləğinin 2500 manat məbləğində hissəsini iddiaçıya qaytardığını, hazırda iddiaçıya 7500 manat borcu olduğunu bildirmiş və məhkəməyə cavabdehin iddiaçıya 2500 manat ödəniş etdiyini təsdiq edən xx.xx.2025ci il tarixli, 1-242317122 nömrəli qəbzi təqdim etmişdir. Hazırki mübahisənin həlli ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu qalan məbləği iddiaçıya geri qaytarmamış və heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Beləliklə, Cavabdeh İddiaçı qaytarmalı olduğu 10000 manat məbləğində puldan 2500 manatını məhkəmə prosesi gedişində ödədiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qalan 7500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə iddia tələbinin İddiaçı dəymiş mənəvi zərərə görə 5000 manat məbləğindən pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf ona dəymiş mənəvi zərərin ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh tərəfindən ona 5000 manat məbləğində mənəvi zərər dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 135 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7500 manat məbləğində pul vəsaiti və 135 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi İddiaçı dəymiş mənəvi zərərə görə 5000 manat məbləğindən pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-807/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-807/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver