Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-808/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 1992-ci ildən faktiki nikah münasibətlərində olmuş, bu nikahdan xx.xx.1994-cü il təvəllüdlü X1 və xx.xx.1995-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. 7-8 ay əvvəl cavabdeh iddiaçını evdən qovduğu üçün cavabdeh müvəqqəti olaraq qızının yanında qalmışdır. Hələ lap əvvəllər iddiaçının qardaşı ona ev bağışlamış, cavabdeh həmin evə sataraq başqa bir ev almış, daha sonra isə həmin evi sataraq 15 000 manata hazırki mübahisəli evi almışdır. İddiaçı evin hər bir avadanlığını tək başına özü almış, evə öz cehiz əmlaklarını yığmışdır. Hazırda cehiz əmlakları cavabdeh istifadə edir. İddiaçı hazırda Azəraqrartikinti ASC-nin İnzibati Təsərrüfat filialında xx.xx.2007-ci il tarixdən xadimə işləyir və aylıq 260 manat əmək haqqı alır. Həm də ki, 6 ildir ki, təqaüdçüdür. Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi M.Araz küçədində yerləşən fərdi yaşayış evində ona məxsus xeyli cehiz və öz vəaiti hesabına aldığı əşyaları vardır. Həmin əşyalar aşağıdakılardan ibarətdir. Kondisioner - 1000 manat dəyərində, Televizor-900 manat dəyərində, Soyuducu - 2 000 manat dəyərində, Taxt kravat - 600 manat dəyərində stol- stul dəsti - 700 manat dəyərində, Qızdırıcı - 200 manat dəyərində, Mətbəx mebeli - 1700 manat dəyərində, Mətbət stolu - 150 manat dəyərində, Çilçıraq - 300 manat dəyərində, 7 ədəd yorğan - 400 manat dəyərində, 4ədəd döşək - 200 manat dəyərində, 5 ədəd yastıq -100 manat dəyərində, 3 ədəd xalça - 340 manat dəyərində, 5 ədəd çaynik - 80 manat dəyərində, 6 dəst tülü ilə birlikdə pərdə dəsti - 600 manat dəyərində, 15 ədəd bogema dəsti - 500 manat dəyərində, 20 ədəd balaca və böyük boşqab - 250 manat dəyərində, 10 ədəd bıçaq, 10 ədəd çəngəl dəsti - 50 manat dəyərində, 3 dəst ədyal - 150 manat dəyərində, 2 ədəd Termos- 40 manat dəyərində, 3 dəst qəfədan - 50 manat dəyərində, 10 dəst tava və qazanlar- 300 manat dəyərində, Balaca stol (Jurnalni) - 300 manat dəyərində, 1 ədəd saat - 60 manat dəyərində, 2 ədəd güldan - 40 manat dəyərində, 5 ədəd meyvə qabları - 150 manat dəyərində, 8 ədəd konfet qabları - 120 manat dəyərində, 1 ədəd ütü- 50 manat dəyərində, Video-kaset dəsti -150 manat dəyərində, 5 ədəd suvener - 200 manat dəyərində, Tozsoran - 200 manat dəyərində, Akvarium (boş) - 50 manat dəyərində, Plasmas süyürmə - 30 manat dəyərində, 4 ədəd poslet dəsti - 70 manat dəyərində, Tefal çaydan - 30 manat dəyərində, Şampun, sabun, qab yuyan və maye qabı dəsti - 100 manat dəyərində. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, evin sənədi yoxdur. Hazırda kirayədə yaşayır. Mübahisəli evdən 1 il 4 aydır ki, gedib. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının evdə yaşamasına razı deyil. Hazırda tək yaşayır. Onların barəsində cinayət işi açılıb. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 4 №-li MTİİTS tərəfindən verilən xx.xx.2020ci il tarixli, 1625 №-li arayışdan müəyyən edilir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Məhkəmə araşdırmaları zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin verdikləri izahatlardan məlum olmuşdur ki, iddiaçı və cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində özbaşına tikilidə 2015-ci ildən yaşamışlar , təxminən üç il bundan qabaq aralarında olan münaqişəli vəziyyətə görə tərəflər arasındakı münasibətlər pisləşdikdən sonra iddiaçı cavabdeh tərəfdən evdən qovulmuş və məcburən müvəqqəti olaraq qızının evinə məskunlaşmağa başlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə xx xxxxxx 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna, habelə oradan istifadə qaydaları müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində yerləşən Cavabdeh yaşadığı özbaşına tikiliyə köçürülməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində yerləşən Cavabdeh yaşadığı özbaşına tikiliyə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-808/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-808/2021
29.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver