Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2116/2021 20.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və evdən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-808/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-808/2021 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində yerləşən Cavabdeh yaşadığı özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdehlə 1992-ci ildən faktiki nikah münasibətlərində olmuş, bu nikahdan 08.02.1994-cü il təvəllüdlü X1 və 03.04.1995-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. 7-8 ay əvvəl, cavabdeh onu evdən qovduğu üçün müvəqqəti olaraq qızının yanında qalmışdır. Hələ lap əvvəllər onun qardaşı ona ev bağışlamış, cavabdeh həmin evi sataraq başqa bir ev almış, daha sonra isə həmin evi sataraq 15 000 manata hazırki mübahisəli evi almışdır. O, evin hər bir avadanlığını tək başına özü almış, evə öz cehiz əmlaklarını yığmışdır. Hazırda cehiz əmlaklarından cavabdeh istifadə edir. O, "xxxx" ASC-nin İnzibati Təsərrüfat filialında 01.03.2007-ci il tarixdən xadimə işləyir və aylıq 260 manat əmək haqqı alır. Həm də ki, 6 ildir ki, təqaüdçüdür. Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi M.Araz küçədində yerləşən fərdi yaşayış evində ona məxsus xeyli cehiz əmlakı və öz vəaiti hesabına aldığı əşyaları vardır. Həmin əşyalar aşağıdakılardan ibarətdir. kondisioner - 1000 manat dəyərində, televizor- 900 manat dəyərində, soyuducu - 2000 manat dəyərində, taxt kravat - 600 manat dəyərində, stol - stul dəsti - 700 manat dəyərində, qızdırıcı - 200 manat dəyərində, mətbəx mebeli - 1700 manat dəyərində, mətbəx stolu - 150 manat dəyərində, çilçıraq - 300 manat dəyərində, 7 ədəd yorğan - 400 manat dəyərində, 4 ədəd döşək - 200 manat dəyərində, 5 ədəd yastıq -100 manat dəyərində, 3 ədəd xalça - 340 manat dəyərində, 5 ədəd çaydan - 80 manat dəyərində, 6 dəst tülü ilə birlikdə pərdə dəsti - 600 manat dəyərində, 15 ədəd bohemiya büllur dəsti - 500 manat dəyərində, 20 ədəd balaca və böyük boşqab - 250 manat dəyərində, 10 ədəd bıçaq, 10 ədəd çəngəl dəsti - 50 manat dəyərində, 3 dəst ədyal - 150 manat dəyərində, 2 ədəd termos- 40 manat dəyərində, 3 dəst qəhvədan - 50 manat dəyərində, 10 dəst tava və qazanlar- 300 manat dəyərində, balaca stol (jurnalni) - 300 manat dəyərində, 1 ədəd saat - 60 manat dəyərində, 2 ədəd güldan - 40 manat dəyərində, 5 ədəd meyvə qabları - 150 manat dəyərində, 8 ədəd konfet qabları - 120 manat dəyərində, 1 ədəd ütü- 50 manat dəyərində, video-kaset dəsti -150 manat dəyərində, 5 ədəd suvenir - 200 manat dəyərində, tozsoran - 200 manat dəyərində, akvarium (boş) - 50 manat dəyərində, plastmas süyürmə - 30 manat dəyərində, 4 ədəd yataq dəsti - 70 manat dəyərində, Tefal markalı çaydan - 30 manat dəyərində, şampun, sabun, qab yuyan və maye qabı dəsti - 100 manat dəyərində. Bu əşyalar cavabdeh tərəfindən istifadə edilir və onlar mübahisəli evdədir. Cavabdeh ona bildirir ki, rəsmi nikahda olmadıqlarından heç nə əldə edə bilməz. rəsmi nikahda olmasalar da, onların iki övladları vardır və 1992-ci ildən onunla birgə təsərrüfat aparırlar. Onların 6 nəvəsi var. Cavabdeh işləməmişdir, nə ona, nə övladlarına, nə də nəvələrinə qayğı göstərməmişdir və tüfeyli həyat tərzi keçirir. Mübahisəli evdə yaşamaq hüququ olduğundan o, həmin evə köçürülməli, oradan istifadə qaydaları müəyyən edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, M.Araz küçəsində yerləşən fərdi yaşayış evini təxminən 2015-ci ildə əldə etmişdir və hazırda ona məxsusdur. Həmin evdə İddiaçı ilə rəsmi nikahsız və kəbinsiz bir müddət yaşamışdır. Yaşadığı müddətdə iddiaçının ona məxsus evdə qeydiyyatı olmamışdır. 3 ilə yaxındır ki, iddiaçı bu evi tərk edərək özbaşına getmişdir. Yaşlı atası və anası, həmçinin qardaşı onun dalınca getməsinə baxmayaraq iddiaçı evə bir daha qayıtmamışdır. Hətta yaşlı insanları nalayiq ifadələrlə təhqir də etmişdir. Mübahisəli evdə İddiaçı məxsus hər hansı bir əşya və ya əmlak yoxdur. Özü dediyi kimi 1 il 4 ay yox, təxminən 3 il əvvəl könüllü olaraq buradan çıxıb getmişdir və hazırda öz istəyilə qızının evində yaşayır. Bu halı qonşular da təsdiq edə bilər. İddiaçının təqdim etdiyi və iş materiallarında olan 4 nömrəli MTİİTS tərəfindən verilən 08.09.2020-ci il tarixli, 1625 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, M.Araz küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni iddiaçının cavabdeh tərəfindən evdən qovulması və məcburən müvəqqəti olaraq qızının evində məskunlaşmağa başlaması iş üzrə toplanmış sübutlarla təsdiq edilmir. Çünki bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçı onun ailə üzvü deyil, həm də uzun müddətdir ki, könüllü olaraq evi tərk etmişdir. Uzun müddət ərzində başqa ünvanda yaşayan və evə heç bir aidiyyəti olmayan, ən əsası da ailə üzvü olmayan şəxsin ona məxsus evə köçürülməsi tamamilə əsassızdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunan Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstismar Təmir Birliyi 4 saylı MTİİTS tərəfindən verilən 08.09.2020-ci il tarixli, 1625 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Yenə iş materiallarında olan 14.09.2016-cı il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində yerləşən 22A saylı fərdi yaşayış evinin bazar dəyəri 17000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki ər-arvad münasibətlərindən 08.02.1994-ü ildə X1, 03.04.1995-ci ildə X2 doğulmuş, doğum şəhadətnamələrində ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı yazılmışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, iş üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər ər-arvad kimi faktiki nikah münasibətlərində olmuşlar və onların bu nikahdan iki övladları olmuşdur. Nikahda olduqları zaman birgə təsərrüfat idarə etmiş və Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində yerləşən 95,85 kv.metrlik özbaşına tikili olan mübahisəli evi əldə etmiş və burada yaşamışlar. İddiaçıya məxsus bütün məişət əşyaları həmin evdədir. Hazırda cavabdeh mübahisəli evdə yaşayır, lakin o, iddiaçının bu evdə yaşamasına maneçilik törədilir. Mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əşya hesab edilmir. Bu tip mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini əsas götürən məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli ev iddiaçı ilə faktiki nikaha girəndən əvvəl cavabdehə məxsus olmamış, məhz onların faktiki nikahı dövründə əldə edilmişdir. Belə olan halda, iddiaçının da bu evin əldə edilməsində hansısa formada iştirakı istisna deyildir. Cavabdehin özünün də izahatından aydın olur ki, özbaşına tikili olan mübahisəli ev onların ər-arvad kimi faktik nikahı müddətində əldə edilmişdir. Nə qədər ki, mübahisəli ev iddiaçının iştirakı ilə məhz ər-arvad kimi birgə yaşadıqları faktiki nikah dövründə əldə edilib, iddiaçı da bir neçə ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin özbaşına tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər, çünki hazırkı Mənzil Məcəlləsinin anoloji (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir. Qeyd olunan Mənzil Məcəlləsinin 30.1, 30.2. 30.3 və 30.4-cü maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Yenə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, özbaşına tikili olan mübahisəli yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin ər-arvad kimi yaşadıqları dövrdə bu evin əldə edilməsində iştirakı istisna edilmədiyindən onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşılqdığında isə həmin mübahisəli evə köçürülməsi barədə İddiaçı iddiasının əsaslı olması şübhə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası sadalanan bu normaların tələbi baxımından çıxış edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, M.Araz küçəsində yerləşən 95,85 kv.metrlik özbaşına mübahisəli fərdi yaşayış evinə köçürülməlidir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda mübahisəli evdə tək yaşaması, rəsmi nikahlarının olmaması faktından, yəni hüquqdan sui-istifadə etməsi İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikli olan mübahisəli evə dair tərəflər eyni hüquqlara malik olduqlarından iddia təmin edilməli, İddiaçı mübahisəli evə köçürülməlidir və bu barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də qüvvədə olan maddi hüquq normalarına uyğundur. Tərəflərin münasibətlərinin pis olması, rəsmi nikahda olmamaları və buna görə də iddiaçının mübahisəli evə köçürülməli olmaması barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunduğundan iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh isə apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-808/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)- 808/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2116/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2116/2021
20.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver