Məhkəmə qərarları › İş №2(012)-811/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-811/2021

08.12.2021 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-811/2021 08.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkilnın, Cavabdeh Abşeron Rayonu Güzdək Bədədiyyəsinin X1 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayonu Güzdək Bədədiyyəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın, qərarın və aktların ləğv edilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin icarəyə verilməsi haqqında 09 sentyabr 2006-cı il tarixli, 77 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqaviləyə əlavə edilmiş Abşeron rayonu Güzdək bələdiyyəsinə təhkim edilmiş torpaqların yerquruluşu planından çıxarışın, 11 sentyabr 2006-cı il tarixli torpağın ayrılması barədə qərarın, 10 oktyabr 2016-cı il tarixli aktın və 19 oktyabr 2016-cı il tarixli inzibati aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, heç vaxt heç bir sahibkarlıq faəliyyəti ilə məşğul olmamış, hər-hansı bir hüquqi şəxsin rəhbəri və s. qismində işləməmiş, heç bir torpaq sahəsinin ayrılması üçün müraciət etməmişdir. Bir müddət əvvək Güzdək Bələdiyyəsindən 26 may 2016-cı il tarixli, 28 saylı məktub almışdır. Məktubda yazılmışdır ki, guya bələdiyyyənin 09 sentyabr 2006-cı il tarixli 77 saylı qərarı ilə mişar daşı istehsal etmək üçün 5 hektar torpaq sahəsi ayrılmış və onun bələdiyyəyə 76000 manat borcu vardır. Bunun ardınca Abşeron Rayon İcra Şöbəsindən onu dəvət edərək bildirmişlər ki, guya bələdiyyəyə onun 4000 manat borcu var və İcra Şöbəsinə inzibati akt gəldiyi üçün icra edilməlidir. Həmçinin pul tələbinin onun təqaüdünə yönəldiyi bildirilmişdir. Bundan sonra o, bələdiyyəyə müraciət edərək müvafiq sənədləri almışdır. Məlum olmuşdur ki, 09 sentyabr 2006-cı il tarixdə onun imzası saxtalaşdırılaraq 77 saylı müqavilə bağlanılmış, guya mişar daşı istehsal etmək üçün 5 hektar torpaq sahəsi ayrılmış, bu barədə 11 sentyabr 2006-cı il tarixli, 77 saylı qərar verilmişdir. Onun həmin müqavilədən və qərardan heç bir məlumatı yoxdur. Həmin müqavilənin 4-cü səhifəsində İddiaçı adı qarşısındakı və müqaviləyə əlavə edilən yerquruluşu planından çıxarışdakı İddiaçı adı qarşısındakı imza ona məxsus deyil və onun tərəfindən imzalanmamışdır. Müqavilədən görünür ki, cavabdeh onun şəxsiyyət vəsiqəsini əldə etmiş və onun əvəzinə imza edilərək müqavilə bağlanmışdır. Həmçinin ona heç vaxt torpaq təhvil verilməmiş, bu günə qədər də həmin torpaq sahəsinin harada olmasından belə xəbərsizdir. Müqavilə onun tərəfindən imzalanmadığından, müqavilə üzrə torpaq sahəsi verilmədiyindən torpağın icarəyə verilməsi barədə müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa müqavilə onun tərəfindən imzalanmadığından, müqaviləyə əsaslanaraq qəbul edilmiş 11 sentyabr 2006-cı il tarixli torpağın ayrılması barədə qərar, 10 oktyabr 2016-cı il tarixli akt və 19 oktyabr 2016-cı il tarixli inzibati akt ləğv edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilə iki tərəfli əqd olduğundan o hər iki şəxs tərəfindən imzalanmalıdır. Müqavilə hər iki şəxs tərəfindən imzalanmamışdırsa həmin müqavilə əhəmiyyətsiz və etibarsızdır. Qeyd edilməlidir ki, mənim həmin müqavilənin imzalanması üçün iradə ifadəm yəni müqavilənin imzalanması halı olmamışdır. MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilməlidir ki, müqaviləni mən imzalamadığımdan və ümumiyyətlə mənim müqavilədən xəbərim olmadığından, ayrılmış torpaq sahəsi mənə təhvil verilmədiyindən və torpaq sahəsini ümumiyyətlə istifadə etmədiyimə görə qeyd edilən müqavilə üzrə öhdəliyim də əmələ gəlməyib və ona görə də akt, inzibati akt da ləğv edilməlidir. İPM-riin 32.1ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh Abşeron Rayonu Güzdək Bədədiyyəsinin X2 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayonu Güzdək Bədədiyyəsi ilə İddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 09 sentyabr 2006-cı il tarixli, 77 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 1500 manat icarə haqqı ödənilməli idi. İddiaçı tərəfindən isə bu məbləğ ödənilməmişdir. Hazırda onda sözügedən icarə müqaviləsinin əsli yoxdur, sənədlər arxivə təhvil verilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutlar araşdırılarkən müəyəyn edilmişdir ki, iş materialalrına əlavə dilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında 09 sentyabr 2006-cı il tarixli, 77 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş Abşeron rayonu Güzdək bələdiyyəsinə təhkim edilmiş torpaqların yerquruluşu planından çıxarış, 11 sentyabr 2006-cı il tarixli torpağın ayrılması barədə qərar, 10 oktyabr 2016-cı il tarixli akt və 19 oktyabr 2016-cı il tarixli inzibati akt kserosurətdən ibarətdir, yəni yazılı sübutlar AR MPM-in 89.3-cü maddəsinin tələblərinə uyğun deyildir və məhkəmə baxış iclasları zamanı həmin sübutların lazımi qaydada təqdim edilməməsi iddiaçıya və onun nümayəndəsinə bildirilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin qüsurlar aradan qaldırılmadığı üçün sübutların mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə yuxarıda qeyd etdiyi kimi kserosurət sənədlər əsasında sübutları qiymətləndirə bilmədiyindən, iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Abşeron Rayonu Güzdək Bədədiyyəsinə qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında 09 sentyabr 2006-cı il tarixli, 77 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqaviləyə əlavə edilmiş Abşeron rayonu Güzdək bələdiyyəsinə təhkim edilmiş torpaqların yerquruluşu planından çıxarışın, 11 sentyabr 2006-cı il tarixli torpağın ayrılması barədə qərarın, 10 oktyabr 2016-cı il tarixli aktın və 19 oktyabr 2016-cı il tarixli inzibati aktın ləğv edilməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar