Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2167/2023 30.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Qazax rayonu notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi, çıxarışın etibarsız hesab olunması və daşınmaz əmlakdan çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Qazax rayonu notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv olunması və daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0,0363 ha həyətyanı torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,024 ha hissəni 4800 (dörd min səkkiz yüz) manata alıcı Cavabdeh1 satmışdır.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 noyabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Qazax şəhəri Əhməd Seyidov küçəsi 4 sahə 1B-də yerləşən 0,024 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2(104)-804/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Qazax Rayon Notariat Ofisi və Cavabdeh1 Zohrab oğluna qarşı əqdin etibarsız hesab edilməsi, həmin müqavilə ilə əldə olunmuş çıxarışın ləğv edilməsi, Cavabdeh1 Zohrab oğlunun Qazax şəhəri Əhməd Seyidov küçəsi 4, sahə 1B ünvanında yerləşən 0.24 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Zohrab oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satın aldığı Qazax şəhəri Ə.Seyidov küçəsi 4, sahə 1B-də yerləşən, hazırda onun mülkiyyətində olan 0,024 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş yardımçı tikili üçün ödədiyi 28.000 manat və yarımçıq tikilini ev halına salınması üçün aldığı materiallar üçün xərclədiyi 28.298 manat, ümumilikdə 56.298 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair iddialarının rədd edilməsi haqqında Qazax Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(023)-108/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Zohrab oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Qazax rayonu notariat ofisinə qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi, çıxarışın etibarsız hesab olunması və daşınmaz əmlakdan çıxarılma tələbinə dair Qazax Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 ilə onun arasında Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı andan ləğv edilməsi; Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin nəticələrinin ləğv olunması; Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh1 adına Qazax şəhəri Əhməd Seyidov küçəsi 4 sahə 1B-də yerləşən 0,024 ha torpaq sahəsinə dair verilmiş 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Cavabdeh1 Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4 sahə 1B-də yerləşən 0,024 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0,024 ha torpaq sahəsi və üzərində yerləşən yarımçıq tikilini Cavabdeh1 aralarında olan şifahi razılaşmaya əsasən 28000 manata satmışdır. Torpaq üzərində tikilinin layihəsi onun adına sənədləşdirilmiş və Qazax rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Lakin Cavabdeh1 razılaşdıqları 28000 manatı ona ödəməmişdir. Qeyd olunan hallar Qazax Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-804/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Beləki, əvvəlki iş üzrə pul ödənilmədiyinə və aldadıldığına görə alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Məhkəmələr onun iddiasını təmin etməyərək, qeyd etmişlər ki, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələblərinə uyğun olaraq, müqavilənin ləğv edilməsi və ya müqavilə üzrə ödənilməli olan pulun tələb edilməsi ilə bağlı iddia qaldırmaqda haqqlı ola bilərdi. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-804/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 2(102)-4396/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ona görədə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Beləki, öncədən cavabdehin onu aldadacağını, sövdələşməyə uyğun olaraq, 28000 manatı verməyəcəyini bilsəydi, cavabdehlə başqa şərtlərlə müqavilə bağlayardır. Halbu ki, mübahisələndirdiyi müqaviləni bağlayarkən cavabdehin verdiyi vədə uyğun olaraq, haqqı çatan 28000 manatı cavabdehden almağa ümidi olsada, cavabdehin onu aldatması nəticəsində həmin pulu ala bilməmişdir.
6. Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qətnaməsi ilə (hakim F.Məmmədov) iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı andan ləğv edilməsi; Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin nəticələri ləğv edilməsi; Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə- 884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh1 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0,024 hektar torpaq sahəsinə dair verilmiş 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməsi, Cavabdeh1 Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1Bdə yerləşən 0.024 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması; Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutularaq İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5, 421.2, 423.2, 567, 568,1, 568.2, 569.1, 569.2, maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 216-220, 227, 233.1, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. İddiaçı tərəfindən pritenziya qaydasına riayət olunmamış və 3 illik iddia müddəti nəzərə alınmamışdır. İddiaçının tələbinin əsası kimi müqavilə üzrə 28000 manatı ödəməməsi qeyd olunmuş və bu halı subut etmək onun üzərinə düşür. Belə ki, iddia torpaq sahəsini satdığı qeyd etsədə, pulun tam ödənilməməsi barədə subut təsdim etməmişdir.
10. Apellyasiya icraatı zananı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh ona 1850 manat ödəmiş, lakin qalan pulu qaytarmamışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Qazax rayonu notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə məlumat verilsədə, lakin sonuncular məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
15. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.[394]
16. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Qazax rayon notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi və daşınmaz əmlakdan çıxarılmasına dair iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
29. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0,024 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən yarımçıq tikilinin birlikdə 28000 (iyirmi səkkiz min) manata satılmasına dair tərəflər razılığa gəlmişlər. 0,024 ha torpaq sahəsində yerləşən yarımçıq tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından müqavilə yalnız torpaq sahəsinə dair bağlanmışdır. İşin qeyd olunan bu halı qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2022-ci il tarixli 2(104)-804/2022-ci il tarixli qətnaməsi ilə də təsdiq olunur. Belə ki, həmin qətnamədə də qeyd olunmuşdur ki, işin mübahisəsiz halı kimi satılmış torpaq sahəsinin üzərində inşası başa çatmamış ev olduğundan müqavilədə yalnız torpaq sahəsinin dəyəri qismində 4800 manat qeyd olunmuş, şifahi razılaşmaya əsasən isə ümumilikdə alqı-satqının dəyəri 28000 manat müəyyən edilmişdir. İlk iddia üzrə iddiaçı alqı-satqının dəyəri olan 28000 manatın cavabdeh tərəfindən ona ödənilmədiyini, bununla da aldadıldığını iddia edərək, Mülki Məcəllənin 339-cu maddəsinə əsasən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır.
30. Göründüyü kimi 0,024 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən yarımçıq tikilinin birlikdə 28000 manat satılmasına dair tərəflər arasında razılaşma olmuşdur. İddiaçı razılaşdırılmış məbləğdən 1850 manat verildiyini, cavabdeh isə 28000 manatı tam ödədiyini iddia edir. Kollegiya iddiçı tərəfin dəlilini əsaslı, cavabdeh tərəfin dəlilini isə əsassız sayır.
31. Belə ki, yuxarıdada qeyd olunduğu kimi İddiaçı ilkin olaraq alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmış, Cavabdeh1 da pul tələbinə dair qarşılıqlı iddia vermişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı Qazax şəhəri, Ə.Seyidov küçəsi 4, sahə 1B-də yerləşən əvvəllər onun mülkiyyətində olmuş 0.024 ha torpaq sahəsini və üzərində inşa olunmuş yarımçıq tiklini ona satmışdır. Bundan sonra həmin torpaq sahəsi və yarımçıq tikili üçün İddiaçı 28000 manat məbləğində pul ödəmişdir. Torpağın qiymətləndirilməsi 4800 manat olsa da, lakin üzərindəki evin qiymətləndirilməsi aralarındaki razılaşma ilə olmuşdur. Bununla bağlı şahidlər də var. Alqı-satqıdan sonra həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair öz adına çıxarış almışdır. İddiaçı ilə notarial müqavilə bağlandıqdan sonra iddiaçı ilə sevgi münasibətləri yaranmışdır. O, 28000 manat pulu İddiaçı anası X7, qardaşı X2, gəlinləri X5 və pulun çox hissəsini ona gətirən X4 və X1 yanında tam olaraq ödəmişdir. İlkin olaraq isə 1000 manat cavabdehə vermişdir ki, həmin məbləğ də 28000 manatdan çıxılmışdır. Eləcə də həmin işə baxılarkən Cavabdeh1 vermiş olduğu etirazda da qeyd olunanlara istinad etmişdir. (iş vər.42-45)
32. Göründüyü kimi, Cavabdeh1 alqı-satqıya görə razılaşdırılmış 28000 manatı İddiaçı tam olaraq X7, X2, X5, X4 və X1 iştirakları ilə verdiyini iddia edir. Lakin sonuncu belə bir dəlil irəli sürsə də, istər əvvəlki iddia tələbinə (eləcə də qarşılıqlı iddia ilə birlikdə) baxılarkən, eləcə də hazırkı iddia tələbi üzrə adları qeyd olunan şəxslərin şahid qismində dindirilməsi barədə vəsatət verməmişdir. Halbuki, əvvəlki məhkəmə çəkişməsi üzrə, o, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmuşdur. Hazırkı iddia tələbi üzrə də işə birinci instansiya məhkəməsində baxılan zaman sonuncu məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə də məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
33. Yuxarıda da qeyd olunduğu kimi tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı 0,024 ha torpaq sahəsini alqı satqı, onun üzərində yerləşən yarımçıq tikilini isə şifahi razılaşma əsasında Cavabdeh1 satarkən həmin əmlakların müqabilində 28000 manat əldə edəcəyinə ümid etmişdir. Buna baxmayaraq Cavabdeh1 öhdəliklərini lazımınca icra etməmişdir. İddiaçı razılaşdırılmış məbləğdən 1850 manat ödənildiyini, cavabdeh isə 28000 manatı tam ödədiyini bildirir. Bundan əvvəldə qeyd olunduğu kimi cavabdeh 28000 manatı yuxarıda adları qeyd olunan şəxslərin yanında ödədiyini bildirsə də, lakin dediyinin təsdiqi kimi həmin şəxslərin bu halı təsdiq etmələri üçün məhkəmə qarşısında vəsatət qaldırmamışdır.
34. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə, sübutların qiymətləndirilməsinin məntiqi (daxili) və hüquqi (zahiri) tərəfləri mövcudur. Bütövlükdə götürüldükdə bu, təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığnın, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübutlara rəsmi və hüquqi nəticələr doğuran qiymətləri yalnız məhkəmə verir. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Obyektivlik sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhə mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim olunmasını təklif etməli, zərurət olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri isə müxtəlif sübutların müqayisə edilməsidir.
35. Məhkəmə kollegiyasının qeyd etdiyi hüquqi mövqe «Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Avropa Məhkəməsi həmin qərarında göstərmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.
37. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını ağlabatanlıq meyarları əsasında təhlil edərək hesab edir ki, bu hal ağlabatan mühakimə əsasında iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlməyə əsas verir.
38. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilməməsini qeyd etsə də, lakin kollegiya şikayətin dəlilini əsassız sayır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 22 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilkin olaraq etibarsızlıq əsası ilə 2021-ci ildə mübahisələndirilmişdir. Belə olan təqdirdə üç illik iddia müddətinin hazırkı iddia üzrə tətbiqi istisna olunur.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, qətnamə qanuni və əsaslı olduğundan ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.