Məhkəmə qərarları › İş №2(012)-813/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-813/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-813/2021 01.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dar qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki tanıyır. Təxminən 2020-ci ilin yanvar ayında kommersiya işləri ilə əlaqədar ondan 3800 manat pul borc istəmişdir. O, bu məbləğdə pulu borc olaraq cavabdehə vermiş və müvafiq qaydada Bakı şəhəri 24 saylı notariat ofisində Kredit müqaviləsi bağlamışlar. Sözügedən Kredit müqaviləsi Reyestrdə 3M-92 nömrə ilə qeydiyyata alınmışdır. Müqaviləyə əsasən onun cavabdehə verdiyi 3800 manat pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq bu günədək Cavabdeh tərəfindən qeyd edilən məbləğ qaytarılmamış və qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüş və hazırda sosial vəziyyəti aşağıdır. Odur ki, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki yaşadığı yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında xx xxxxx 2020-ci il tarixdə bağlanaraq Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-92 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, borc verən borc alana 3800 (üç min səkkiz yüz) manat məbləğində pul borc verir, borc alan krediti xx xxx 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. -xx xxxxx 2020-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı “xxxx” ASC-nin Bakıxanov filialından 3800 (üç min səkkiz) manat məbləğində pul vəsaitini imza etməklə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında xx xxxxx 2020-ci il tarixdə bağlanaraq Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-92 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”nə əsasən borc verən borc alana 3800 manat məbləğində pul borc vermiş, borc alan krediti xx xxx 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilənin şərtinə əsasən cavabdeh borc aldığı pulu xx xxx 2020ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini ona ödəməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin kredit müqaviləsi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, tərəflər arasında olan xx xxxxx 2020-ci il tarixdə tarixli kredit (borc) müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmış, müqavilə Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, borc alan Cavabdeh kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmış və xəzinə mədaxil orderinində göstərilənlərə əsasən İddiaçı “xxxx” ASC-nin Bakıxanov filialından 3800 (üç min səkkiz) manat məbləğində pul vəsaitini imza etməklə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Bununla da, məhkəmə iclasında müəyyən olundu ki, xx xxxxx 2020-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 3800 manat məbləğində borc pul almış, tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin kredit müqaviləsini mübahisələndirməsinə dair sübut mövcud deyil, kredit müqaviləsi qüvvədədir, habelə cavabdeh məhkəmə iclasında iştirak etmək üçün gəlməmiş, iddia ərizəsinə dair etiraz və mülahizəsini təqdim etməmişdir. Ona görə də, iddia tələbi həmin hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 3800 (üç min səkkiz yüz) manat borc pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar