Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-83/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı onun nəqliyyat vasitəsinə dəymiş ziyan olaraq 2989 manat, dəymiş ziyanın müəyyən olunması barədə aktın tərtib olunmasına ödənilmiş 300 manat, hüquqi xidmətlər üçün ödənilmiş 1000 manat, vəkilə etibarnamə üçün ödənilmiş 18 manat, icarə nəqliyyat vasitəsinə görə ödənilmiş 3600 manat, mənəvi ziyana görə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159 manat olmaqla, ümumilikdə 13066 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, 25 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində Cavabdeh idarə etdiyi ** GA *** dövlət nömrə nişanlı avtomobillə onun idarə eldiyi və həmin vaxt dayanmış vəziyyətdə olan Hyundai markalı avtomobilini vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə polis əməkdaşları gələrək, onu protokollaşdırmışlar. Həmin yol-nəqliyyat hadisəsi zamanı onun nəqliyyat vasitəsinə ziyan dəymişdir. Bundan başqa, həmin hadisə zamanı maşında olan arvadı və övladı müxtəlif xəsarətlər almışlar. Vəkil sorğusuna cavabda müəyyən olunur ki, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən bu hadisə ilə bağlı Cavabdeh inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmuşdur. Yəni bu hadisə zamanı təqsirin Cavabdeh olması faktdır. Cavabdehin ona vurduğu ziyanın ödənilməsini tələb etdikdə bildirmişdir ki, “ödəmirəm, hara şikayət edirsən et”. O, ailəsini bu maşınla işləyərək saxlayır. Ona görə də məcbur qalıb maşınına dəymiş zərəri müəyyən etmək üçün “X3” MMC-yə müraciət etmiş, 300 manat rüsum ödəmiş və müəyyən olunmuşdur ki, maşına dəyən zərərin məbləği 7989 manat təşkil edir. Maşını sığortalı olduğu üçün 7989 manatdan 5000 manatı qarşılanmışdır. Yerdə qalan 2989 manat ziyan isə cavabdehdən tutulmalıdır. Hadisə 25 iyul 2023-cü il tarixdə baş vermişdir və həmin vaxtdan onun maşını yararsız vəziyyətdədir. Cavabdehin vurduğu ziyan nəticəsində o, həmin nəqliyyat vasitəsini idarə edə bilməmişdir. Ona görə məcbur qalıb kirayə nəqliyyat vasitəsi götürüb idarə etmişdir. Əvvəlcə bir şirkətdən xx.xx.2023-dən xx.xx.2023-cü il tarixə kimi Hyundaı Accent markalı maşın götürmüş və aylıq 1200 manat ödəmişdir. 30 avqust 2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən günü 40 manat olmaqla, 30 sentyabr tarixədək 1200 manat ödəmişdir. Cavabdeh nəqliyyat vasitəsini düzəltdirməkdən boyun qaçırdığı üçün məcbur qalıb 04 oktyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən günü 40 manat olmaqla, 04 noyabr 2023-cü il tarixədək təkrarən 1200 manat ödəmişdir. Ümumilikdə maşın icarəsi üçün 3600 manat pul ödəmişdir. Yol-nəqliyyat hadisəsi zamanı onun maşınında olan arvadı və qızı həmin hadisə nəticəsində aldıqları zərbə məhkəmə tibb ekspertinin rəylərinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurma dərəcəsinə aiddir. Bu hadisə yoldaşını və qızını bərk qorxutmuş və hadisədən sonrakı həftələr də hər gələn bərk səsə qorxu ilə reaksiya verərək həmin hadisənin şokunu təkrar yaşamışlar. Yəni cavabdehin bu hərəkəti nəticəsində ailəyə mənəvi ziyan da dəymişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, hadisədən sonra cavabdeh ona cəmi 600 manat pul ödəmişdir. Cavabdeh vəkili Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. O da qeyd etdi ki, təmsil etdiyi şəxs iddiaçıya cəmi 600 manat vəsait ödəmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşdə olan “X3” MMC-nin xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus “Hyundai Sonata” markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilə Cəmiyyətin servisində ilkin texniki baxış zamanı ümumilikdə 7989 manat ziyan dəyməsi müəyyən edilmişdir (ehtiyyat hissələri üçün 5769 manat, xidmət haqqı üçün 2220 manat). İşdə olan Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2023-cii il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Mitsubishi Mirage markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilmişdir. İşdə olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli 1756 saylı müqavilənin surətindən görünür ki, Fətahov X2 rayon məhkəməsində ona hüquqi yardımın göstərilməsi üçün Vəkil Boris oğlunun bank hesabına 1000 manat vəsait ödəmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2764 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “X3” MMC-nin qüsur aktında 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərclərinin 7775 manat məbləğində olduğu müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin dəyəri-5685 manat, təmir işlərinin dəyəri-2090 manat. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 7845/L saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtonəqliyvat vasitəsinə dəymiş zərərlə bağlı sənədlərə əsasən ona 5099 manat maddi zərər dəymişdir. 5000 manat vəsait xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərclərinin 5099 manat məbləğində olduğu müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin dəyəri-3549 manat, təmir işlərinin dəyəri-1550 manat. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıya məxsus avtomobillə bağlı tərəflər arasında münasibətlər əmələ gəlmişdir. Belə ki, İddiaçı özünə məxsus 2008-ci il istehsalı olan “Hyundai Sonata” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisədə "xxxx" ASC-də icbari sığorta olunan MİTSUBİSHİ MİRAGE markalı ** GA *** dövlət nömrə nişanlı avtomobilini idarə edən Cavabdeh təqsirli bilinmişdir. Hadisə nəticəsində iddiaçının avtomobilinə zərər dəymişdir. İddiaçı iddia edir ki, onun avtomobilinin təmir-bərpa işlərinə cəmi 7989 manat vəsait tələb olunur. Bu zərərin 5000 manatı "xxxx" ASC tərəfindən ödənilsə də, qalan 2989 manat hissəni cavabdeh ona ödəməlidir. İddiaçı tələbini əsaslandırmaq üçün“X3” MMC-nin xx.xx.2022-ci il tarixli aktına istinad etmişdir. Məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2764 saylı rəyi ilə bu məbləğin 7775 manat olduğu müəyyən edilmişdir. Bununla belə, sorğu vasitəsilə hadisə nəticəsində ödənilmiş sığorta məbləğinə dair sənədlər müvafiq qurumdan tələb edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtonəqliyvat vasitəsinə dəymiş zərərlə bağlı sənədlərə əsasən ona 5099 manat maddi zərər dəymişdir. 5000 manat vəsait xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərclərinin 5099 manat məbləğində olduğu müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin dəyəri-3549 manat, təmir işlərinin dəyəri-1550 manat. Məhkəmə iddiaçının avtomobilinə dəymiş zərərin 5099 manat məbləğində olmasını daha obyektiv və ağlabatan hesab edir. Bu zaman avtomobilin buraxılış ili, dəymiş zərərin forması və iddiaçının bu zaman həmin məbləğlə faktiki olaraq razılaşması da nəzərə alınır. Hadisədən sonra cavabdehin iddiaçıya cəmi 600 manat ödəməsi nəzərə alınarsa, məhkəmənin qənaətinə görə iddiaçıya dəymiş maddi zərər (5099 manat) müəyyən hissədə (5000 manat) sığorta şirkəti tərəfindən, müəyyən hissədə isə (600 manat) cavabdeh tərəfindən olmaqla tamamilə ödənilmişdir. Buna görə də məhkəmə iddianı bu hissədə əsaslı hesab etmir. İddianın digər hissələrinə, yəni dəymiş ziyanın müəyyən olunması barədə aktın tərtib olunmasına ödənilmiş 300 manat, hüquqi xidmətlər üçün ödənilmiş 1000 manat, vəkilə etibarnamə üçün ödənilmiş 18 manat, icarə nəqliyyat vasitəsinə görə ödənilmiş 3600 manat pulun tutulması hissələrinə gəldikdə isə, məhkəmə qeyd edir ki, əsas tələb təmin edilmədiyindən ondan törəyən tələblər də təmin edilə bilməz. İş materiallarından görünür ki, iddiaçının avtomobilə dəymiş zərərin əvəzi ona ödənildikdən sonra onu təmir etdirməyə imkanı olmuşdur və belə olan halda, iddianın qeyd edilən hissələri öz əsaslılığını itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində də əsaslılığı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması barədə iddiası təmin edilməməlidir. Belə ki, iş materialları ilə cavabdehin hazırda iddiaçıya hər hansı maddi və ya mənəvi zərər vurması görünmür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-83/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-83/2025
05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver