Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-830/2021 15.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurduğu maddi zərərə görə 30000 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh olan Cavabdeh 24 may 2015-ci il tarixdə idarə etdiyi “Lada Qranta” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yolunda onu vurmuş və nəticədə ona baş beyin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol körpücük, sol dirsək və açıq sümüklərinin qapalı, yerdəyişən sınıqları, sol və sağ oturaq və qasıq sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sol tərəfli qasıq sümüyünün qalxan sahəsinin sirkə kasası dibinə keçən sınığı, alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol dirsək nahiyəsinin əzilmiş cırılmış yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirmişdir. Hadisədən sonra cavabdeh onu xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən ona dəymiş bütün maddi zərərin ödənilməsini bildirmiş və şikayət etməməyini xahiş etmişdir. Hadisə ilə bağlı Cavabdeh barəsində AR CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə sənədlər Abşeron rayon məhkəməsi tərəfindən qiymətləndirilmiş və məhkəmədə şikayətinin olmadığını və cavabdehə yüngül cəza verilməsini xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 18.09.2015-ci il tarixli hökmü ilə Cavabdeh AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və barəsində 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Cavabdeh ona dəymiş ziyanın ödənilməsini bildirsə də, məhkəmə yekunlaşdıqdan sonra Cavabdeh ümumiyyətlə onunla maraqlanmamış, hər hansı kömək göstərməmişdir. Cavabdeh məhkəmədə yüngül cəza almaq üçün onu aldatmış, buna nail olduqdan sonra isə ona dəymiş ağır bədən xəsarətlərinin müalicəsi üçün tələb olunan maddi yardımları etməmişdir. Odur ki, iddia ərizəsinin təmin edilərək Cavabdeh 30.000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, hadisə 5 il əvvəl baş vermişdir, ilk vaxtlarda cavabdeh onun müalicə xərclərini ödəmişdir, lakin hökm çıxdıqdan sonra cavabdeh onun səhhəti ilə maraqlanmamışdır. Hazırki vaxtadək müalicəsi davam edir, çünki qəzadan sonra səhhətində ciddi problemlə qalmışdır. Həmçinin baş vermiş yol nəqliyyat hadisəsinə görə sığorta ödənişi də almışdır. Lakin bununla belə cavabdeh tərəfindən ona yenə ödəniş edilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının xəstəxanada olduğu bütün müddətdə və ondan sonrakı dövrdə müalicə xərclərinin ödənişlərini etmişdir. Dəfələrlə anası ilə birlikdə iddiaçının evinə getmiş, ərzaq aparmış,kommunal ödənişlər etmişdir. Sığortadan da alınmış məbləğ iddiaçıya verilmişdir. Hazırda iddiaçının iddiasında qeyd edilən məbləği ödəməyə heç bir maddi imkanı yoxdur. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, hər iki tərəfi tanıyır. Belə ki, hadisə baş verən zaman Ağasəlim ona zəng vurmuşdur. Lakin o, hadisə yerinə gələnə qədər artıq Ağasəlim Günəşi başqa maşınla xəstəxanaya çatdırmışdır. Belə ki, Günəşin xəstəxanada qaldığı bütün müddət Ağasəlim onun xərclərini çəkmişdir. O da kömək üçün Günəşlə birlikdə xəstəxanada yatmışdır. Günəş 17 gün reanimasiyada qalmışdır. Bütövlükdə 1 ay 15 gün xəstəxanada qalmışdır. Reanimasiyaya qaldığı hər günə görə 180 manat, əlavə əməliyyata görə 1500 manat pul ödənilmişdir. Ümumilikdə Ağasəlimin 10.000 manatdan çox xərc çəkmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Günəşi uşaqlıq dostudur. Hadisə 2015-ci il tarixdə baş vermişdir və hadisədən sonra 21 günə yaxın müddətdə Günəş reanimasiyada olduğu üçün ona görə bilməmişlər. Günəşin xəstəxanada yatdığı 1 ay yarım müddətdə xəstəxana xərclərini Ağasəlim çəkmişdir. Günəş xəstəxanadan çıxdıqdan sonra da Ağasəlim onun evinə gedib gəlmişdir. Ümumilikdə Ağasəlimin nə qədər xərc çəkdiyini bilmir. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını, şahidlərin ifadəsini dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 1(012)-265/2015 saylı hökmü ilə - Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azaldığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxsə qarşı şikayətvə tələbi yoxdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının 26.02.2016-cı il tarixli arayışına əsasən İddiaçı ikinci dərəcə əlillik verilmişdir. -04 noyabr 2015-ci il tarixli və 28 mart 2016-cı il tarixli ödəniş tapşırıqlarından görünür ki, Azsığorta ASC tərəfindən İddiaçı hər dəfəsində 1500 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Həmin hallara mübahisəli hüquq münasibətlərinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisələri hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1118.1. maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İşin araşdırılan hallarından göründüyü kimi İddiaçı, Cavabdeh və o cümlədən cavabdehin vəsatəti əsasında dindirilən şahidin ifadələri ziddiyyətlidir. Belə ki, iddiaçı ona hazırda 30.000 manat pul ödənilməsini tələb etsə də, cavabdeh və şahidlər isə iddiaçının müalicə xərclərinin davamlı olaraq ödənilməsini bildirmişlər. Sübutetmə vəzifəsi İddiaçı üzərinə düşsə də o, 30.000 manat məbləğində pulun hansı xərclərdən yaranması barədə mötəbər sübutları məhkəməyə təqdm edə bilməmişdir. Eyni zamanda iddiaçının və cavabdehin izahatından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı iki dəfə 1500 manat olmaqla , cəmi 3000 manat icbari sığorta ödənişi olmuş və iddiaçı həmin ödənişi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 926.1. maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. İcbari sığortalar haqqında Qanunun 3.1.2. maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir. Həmin qanunun 19.1. maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. İddiaçıya həmin dövr üçün dəymiş maddi ziyan təmin edilmişdir, ona görə də iddiaçının yenidən maddi ziyana görə cavabdehdən 30.000 manat tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdırıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı, Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-830/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-830/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver