Məhkəmə qərarları › İş №2(012)-854/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-854/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-854/2025 24.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh borcun məbləği olan 5400 (beş min dörd yüz) manat miqdarında pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh qardaşının iş yoldaşı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən müvafiq olaraq, 6900 manat və 600 manat borc pul vermişdir. Müqavilənin şərtlərinə görə Cavabdeh borcun tamamını 2024-cü ilin sentyabr ayınadək qaytarmalı idi. Ancaq indiyə qədər borcun böyük hissəsini qaytarmayıb. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, bildirdi ki, cavabdehi 2022-ci ildən tanıyır. Cavabdeh qardaşının iş yoldaşı olduğu üçün inanıb ona cəmi 7500 manat borc pul vermişdir. Cavabdeh qeyd edilən borcdan cəmi 2100 manatını qaytarmışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. O, borcu artıqlaması ilə ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. - Mövcud borcun etirafı haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Borclu (ikinci tərəf) Cavabdeh borc verənə İddiaçı (birinci tərəf) 6900 (altı min doqquz yüz) manat borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği xx.xx.2022-ci il tarixdən etibarən 23 ay müddətinədək hər ay 300 manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürür. - Mövcud borcun etirafı haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Borclu (ikinci tərəf) Cavabdeh borc verənə İddiaçı (birinci tərəf) 600 (altı yüz) manat borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği xx.xx.2022-ci il tarixdə 60 manat, xx.xx.2022-ci il tarixdə 60 manat və xx.xx.2024-cü il tarixdə 480 manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bağlanmış mövcud borcun etirafı haqqında müqavilələrə əsasən borc alan borc verəndən müvafiq olaraq 6900 manat və 600 manat məbləğində pul aldığını etiraf etmiş və borc alan borcu 2024-cü ilin sentyabr ayınadək borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, borcundan 2100 manat qaytarsa da, iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini ona tam ödəməmişdir. Cavabdeh öz növbəsində xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddianı etiraf edərək, tam qəbul etdiyini bildirsə də, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddianı qəbul etməyərək, iddiaçıya olan borcunu tam ödədiyini bildirmişdir. Lakin borcun ödənilməsi ilə bağlı mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin müqavilə əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5400 manat məbləğində borc alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5400 (beş min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar