Məhkəmə qərarları › İş №2(012)-858/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-858/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-858/2021 11.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi evin tikintisinə xərclənmiş 100.000 manat pul vəsaiti ailənin ümumi əmlakı kimi bərabər paylarda bölünərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq onun xeyrinə 50.000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 2004-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur və Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən evə gəlin köçmüşdür. Bir müddətdən sonra o, ailə üzvləri ilə birgə Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən evə köçmüşdür. Bundan sonra 2014-cü il tarixində Cavabdeh1 Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən evi sataraq Xırdalan şəhəri, ünvan 2 ünvanında yerləşən köhnə bir otaqdan ibarət ev almışdır. Həmin evdə iddiaçı ailə üzvlərilə birgə passport qeydiyyatında olaraq daimi yaşamışdır. Sonradan onlar ailənin ümumi vəsaiti hesabına bir otağın əvəzinə iki mərtəbəli ev tikmişlər və həmin evdə birgə yaşamışlar. Cavabdeh2 ilə ilk vaxtlarda münasibətləri yaxşı olsa da,sonradan ailə münasibətləri pisləşdiyindən, birgə yaşamaqları və ailənin saxlanması qeyri-mümkün olmuşdur. Abşeron rayon məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə aralarında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Nikah dövründə birgə vəsait hesabına tikdikləri Xırdalan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi ev Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin fərdi evin tikintisinə 100.000 manat onların ailəsinin birgə vəsaitindən xərclənmişdir. Hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan Xırdalan şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi evin tikintisinə xərclənmiş 100.000 manat pul vəsaiti ər-arvadın birgə nikah dövründə qazandıqları əmlak kimi onların ümumi əmlakı sayılmalıdır və bərabər paylarda bölünməlidir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki, iddia tələbini qəbul etmir və bildirir ki, iddiaçının iddiası qanunsuz və əsassızdır. Belə ki, o, İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi döngə 4, dalan 3-də yerləşən 20 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Abşeron rayon məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Hacəxəlil qızı öz izahatında mübahisəli evin əlavə artırılmasında, tikintisində iştirak etdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3-də yerləşən 20 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestrinin RX1283115 saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. İddiaçı və digər Cavabdeh2 sözügedən evin əlavə artırılmasında və tikilməsində iştirak etməmişlər, həmçinin heç bir vəsait xərcləməmişlər. Odur ki, İddiaçı ona və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının vəkili və nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli mənzili öz pulu ilə başqa bir şəxsdən almışdır. Sonradan isə öz vəsaiti hesabına yeni bir ev inşa etdirmişdir. Təzə ev və torpaq mülkiyyət hüququ ilə onun adınadır. Nə cavabdeh nədəki, oğlu Zöhrab hər hansı bir imkana malik olmamış, evin tikintisinə hər hansı bir maliyyə vəsaiti qoymamışlar. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, Zöhrab ilə Sayalı arasında nikah pozulub. Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3-də yerləşən 20 saylı ev, torpaq sahəsi Cavabdeh1 tərəfindən alınmış və orada ev inşa etdirmiş, hazırda onun mülkiyyətindədir. Cavabdeh2 və İddiaçı Hacəxəlil qızı həmin evin tikilməsinə hər hansı maliyyə vəsaiti qoymayıb. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Sayalını qonşusu və Sayalının onun oğlu ilə eyni sinifdə oxuyan övladının valideyni kimi tanımışdır. Belə ki, özü də Xırdalan şəhəri, C.Hüseynov küçəsi 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Sayalı ilə yaxşı münasibətləri var. Sayalı özü də bir neçə il fərdi əməklə məşğul olmuş, daha sonra isə Qafqaz Universitetinin bufetində işləmişdir. Sayalının ailəsi ilə birlikdə həmin küçədə torpaq sahəsində ev tikməklərini görsə də, həmin evin kimin vəsaiti ilə tikilməsini bilməmişdir. Sayalıdan eşidib bildiyinə görə evin tikintisinə Sayalı özü, onun qardaşları və anası tərəfindən pul vəsaiti xərclənmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Sumqayıt Apelyasiya Məhkəməsinin 16 iyun 20201-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron rayon məhkəməsinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi döngə 4, dalan 3, 20 saylı evdən istifadə hüququna xitam verilməsinə dair iddia tələbinin təmin edilməməsi haqqında 25 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Abşeron rayon məhkəməsinin 25.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Asan-Sumqayıt tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi döngə 4, dalan 2, ev 20-də 12 noyabr 2016-cı il tarixdən qeydiyyatdadır. - Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* çıxarışa əsasən ünvan 4, 26.04.2018-ci il tarixli qeydiyyata əsasən Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 26.04.2018-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Həmin yaşayış evində əmlakın mülkiyyətçisi Cavabdeh1 sabiq gəlini olmuş İddiaçı qeydiyyatdadır. Hazırki mülki iş üzrə İddiaçı mübahisəli yaşayış sahəsinin onunla keçmiş əri Cavabdeh2 birgə nikahı dövründə tikilməsini və bu evin tikintisinə çəkilən xərclərdə onun da vəsaiti olduğundan həmin evin tikintisinə çəkilmiş 100.000 manat pulun ümumi birgə vəsait olması əsası ilə bölünməsini və həmin vəsaitin yarısının cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli yaşayış sahəsi İddiaçı sabiq əri Cavabdeh2 atasına məxsusdur və İddiaçı isə həmin mənzilə olan hüququ onun həmin mənzildə pasport qeydiyyatında olması və istifadə hüququ ilə məhdudlaşır. Belə ki, tərəflər 2004-cü ildə rəsmi nikaha daxil olmaqla, əvvəllər başqa yaşayış sahəsində yaşamışlar və mübahisəli mənzil Cavabdeh1 tərəfindən üçüncü şəxsdən satın alındıqdan sonra İddiaçı özünün də iddiasında qeyd etdiyi kimi 2014-cü ildə həmin yaşayış sahəsinə köçməklə orada yaşamışdır. 02 avqust 2019-cu il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda iddiaçının Cavabdeh1 məxsus fərdi yaşayış evinin tikintisinə vəsait xərclənməsinə dair iddiası heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, iddiaçı yalnız həmin evin məhz onun Cavabdeh2 ilə birgə nikahda olduğu dövrdə alınmasını və özünün də o evdə yaşamasını əsas gətirməklə evin tikintisinə 100.000 manat məbləğində pulun onun və Cavabdeh2 tərəfindən xərc çəkilməsini iddia etmişdir. Halbuki mübahisəli mənzilə məhz Cavabdeh2 və İddiaçı tərəfindən 100.000 manat məbləğində vəsait xərclənməsinə dair heç bir əsas və sübut yoxdur. Şahid ifadəsində də, birbaşa mübahisəli evə iddiaçı tərəfindən maliyyə vəsaiti qoyulması barədə sözlər deyilməmiş, yalnız iddiaçıdan onun vəsait qoyduğu barədə məlumat aldığını bildirmişdir. İddiaçı iddiasını yalnız özünün ümumi mülahizələrindən çıxış edərək təqdim etmiş və iddiasını əsaslı edə biləcək heç bir dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ : İddiaçı Hacıxəli qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi»nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar