Məhkəmə qərarları › İş №2(012)-86/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-86/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-86/2022 18.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təqsiri ucbatından ona dəymiş 102250 manat, ödənilmiş 20 manat dövlət rüsumu daxil olmaqla, cəmi 102270 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, xx.xx.1998-ci il tarixli müqavilə əsasında Abşeron rayonu Xırdalan qəsəbəsi 20 Yanvar küçəsi, ev 6-da yaşayan, “Lalə” firmasının təsisçiləri X10 və X4 məxsus olan Abşeron rayonlararası texniki inventar bürosunun xx.xx.1988-ci il tarixli arayışı və 084 saylı qeydiyyat vəsiqəsi ilə təsdiqlənmiş Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə (həmin məhəllədə yerləşən 13 nömrəli, 5 mərtəbəli yaşayış binasının cənub hissəsi) yerləşən sahəsi 23.2 kv.m olan qeyri-yaşayış sahəsini əvvəlki Azərbaycan manatı ilə ******* manata alaraq Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiqlətmiş və həmin sahəyə texniki pasport və eskiz layihəsi alaraq, Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” X7 rayon Texniki İnventarlaşdırma bürosunun xx.xx.1998-ci il tarixli 084 nömrəli qeydiyyat vəsiqəsi əsasında şəxsi mülkiyyətinə qəbul etmişdir. Elə həmin tarixdə şəxsi mülkiyyətində olan qeyri-yaşayış sahəsində kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək üçün eskiz layihəsində göstərildiyi qaydada yenidənqurma işləri apararaq 2012-ci ilin ortalarınadək mağaza kimi istifadə etmiş, kənd təsərrüfatı məhsullarının satışı təyinatı ilə kiçik sahibkar kimi fəaliyyət göstərmiş, ailəsinin maddi durumunun yaxşılaşdırılmasını qismən təmin edərək hər ay orta hesabla 800 manat gəlir əldə edib ailəsinin ehtiyaclarını ödəyirdi. Öz fəaliyyətini genişləndirmək üçün fermerlərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarını yerlərdə onlardan qəbul edərək bazar qiymətlərindən xeyli aşağı qiymətə satmaq, bununla da rəqabət yaratmaqla alıcı kontingentinə köməklik göstərmək arzusu var idi. Lakin 2013-cü ilin ortalarında Xırdalan şəhəri ərazisində aparılan abadlıq işləri zamanı şəxsi mağazası həmin zaman kəsiyində İcra Hakimiyyəti Başçısı vəzifəsini icra edən Zakir Fərəcovun göstərişi ilə sökülmüş və onun bilavasitə tapşırığı ilə İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyevə (hal-hazırda həbsdədir), Xırdalan şəhəri üzrə icra nümayəndəsi Fikrət Orucova (hal-hazırda Sumqayıt şəhərində çalışır) ona kompensasiya ödənilməsi üçün tədbirlər görülməsi tapşırılmışdır. Bir müddət sonra Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuş, o, dəfələrlə Abşeron rayonuna yeni təyin olunmuş icra başçısı İradə Gülməmmədovaya şifahi və yazılı müraciətlər etsə də onun müavini İlham Quliyev təqdim etdiyi rəsmi sənədləri nəzərə almadan mağazanın sökülməsi barədə məlumatın olmadığını qeyd etmiş və məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. O, məcbur olub konstitusion hüquqlarını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidentinə, Birinci Vitse-Prezidentə, Prezident yanında Apellyasiya şurasına, Xalq qəzetinin baş redaktoru cənab Həsənova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova (4 dəfə) xəbərnaməli şikayət ərizəsi ilə müraciət etsə də ərizə və şikayətlərinə cavab almamışdır. xx.xx.2020-ci il tarixdə o, məcbur olub Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə bu məsələ barədə müraciət etmiş və xx.xx.2020-ci il tarixdə ünvanlanmış məktubla ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Aparılan sadə riyazi hesabatlara istinad edərək 1998-ci ildə əldə etdiyi qeyri-yaşayış sahəsinin ilkin dəyəri və onun kənd təsərrüfatı məhsullarının satışı üzrə yenidən qurulmasına çəkdiyi xərclərlə birgə dəyəri 35000 manat, 7 il müddətində orta aylıq 800 manat gəlirdən çəkdiyi ziyan - 7 il x 12 ay x 800 manat = 67250 manat olduğunu nəzərə alaraq, cəmi: 67250 + 35000 = 102250 manat maddi ziyana məruz qalmışdır. Bununla yanaşı, qeyd edir ki, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5126 saylı rəyi ilə razı deyildir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı Qayıbov X8 rayonu ərazisində yerləşən ona məxsus olan obyektin Cavabdeh başçısının göstərişi ilə söküldüyünü bildirsə də, qeyd etmək istəyir ki, İcra Hakimiyyətində söküntü ilə bağlı hər hansı bir göstəriş olmamış və bu barədə məlumat mövcud deyildir. Bu səbəbdən də, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5126 saylı rəyi ilə razıdır. Belə ki, hesab edir ki, İcra Hakimiyyəti tərəfindən iddiaçıya maddi ziyan vurulmamışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin 1996-cı il iyun tarixli texniki pasportunun surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 27ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi “Lalə” firmasının adına qeydə alınmış, Abşeron rayon 1 saylı Dövlət notariat Kontorunun xx.xx.1998-ci il tarixli 3M/194 reyestr nömrəli müqaviləsinə əsasən, qeyri-yaşayış sahəsi İddiaçı adına keçirilmişdir. -Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda xx.xx.1998-ci il tarixdə 3M/194 reyestr nömrəsi ilə qeydə alınmış müqavilənin surətindən görünür ki, “Lalə” firmasının təsisçiləri X9 və X2 rayonu Xırdalan qəsəbəsi ümumi sahəsi 23.2 kv.m olan qeyri-yaşayış sahəsini ******* AZM-ə İddiaçı satmışdır. -Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi X1 tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 084 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən hazırki qeydiyyat vəsiqəsi Abşeron rayonu Xırdalan qəsəbəsi 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına reyestr kitabının 022-ci səhifəsində 084 reyestr nömrəsi ilə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. -Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 04/3979 saylı məktubdan görünür ki, İddiaçı maddi ziyanın ödənilməsi tələbi barədə müraciətinin mülki xarakterli olması bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli 535-S saylı, xx.xx.2018-ci il tarixli 74 saylı, xx.xx.2018-ci il tarixli 1522 saylı, xx.xx.2018-ci il tarixli 1216 saylı, xx.xx.2018-ci il tarixli 1824 saylı eyni məzmunlu xarakterli məktublardan görünür ki, müraciətdə Xırdalan şəhərində yerləşən qeyri-yaşayış obyektinin söküldüyü, razılaşma şərtlərinə müvafiq olaraq kompensasiya ödənilmədiyi bildirilmişdir. Eyni məzmunlu müraciətlər dəfələrlə ərizəçinin iştirakı ilə araşdırılmış və izah olunmuşdur ki, İddiaçı məxsus qeyri-yaşayış obyektinin sökülməsi barədə rayon İcra Hakimiyyətində məlumat yoxdur, Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı məxsus olmuş hər hansı obyekt sökülməmiş və onun sökülməsi ilə bağlı inzibati akt qəbul edilməmişdir. -İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının xx.xx.2018-ci il tarixli 2/14895-18 saylı məktubundan görünür ki, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli 1056 saylı, xx.xx.2019-cu il tarixli 1856 saylı, xx.xx.2019-cu il tarixli 1137 və 1138 saylı, xx.xx.2019-cu il tarixli 1965 saylı, xx.xx.2019-cu il tarixli 1959 saylı, xx.xx.2019-cu il tarixli 1995 saylı eyni məzmunlu xarakterli məktublardan görünür ki, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -"xxxx" MMC tərəfindən verilmiş eskiz layihəsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən, İddiaçı məxsus ticarət obyektinin layihəsi tərtib olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Qayıbov X8 rayonu Xırdalan şəhəri 27-ci məhəllə 2A saylı evin 21 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********57 saylı mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5126 saylı rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən göstərilən ünvanda (Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə küçəsində) qeyri-yaşayış binası mövcud olmadığından Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi X1 tərəfindən verilmiş 084 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına tam mülkiyyət payı ilə qeydiyyata alınmış Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə küçəsində yerləşən qeyri-yaşayış binasının ölçüsü yerində (naturada) üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1998-ci il tarixli müqavilə əsasında aldığı Abşeron rayonu Xırdalan şəhərində 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ əldə etmiş və bu barədə ona Mənzil-Kommunal Təsərrüfatı Komitəsi X1 tərəfindən xx.xx.1998-ci il tarixli 084 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi sökülmüş və bu səbəbdən də iddiaçı qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ona dəymiş maddi ziyanın Cavabdehndən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olmuş Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin fəaliyyətindən hər ay 800 manat olmaqla 7 il ərzində, ilkin olaraq 35000 manat çəkilmiş xərclər də daxil olmaqla cəmi ((7 il x 12 ay x 800)+35000=102200) 102200 manat pul vəsaitinin maddi ziyan olaraq dəydiyini iddia etmiş və həmin maddi ziyanın məhz Cavabdeh tərəfindən söküntü işlərinin aparılması nəticəsində vurulduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Abşeron rayonu Xırdalan şəhərində yerləşən 27-ci məhəllə ünvanında qeyri-yaşayış sahəsinin İddiaçı xüsusi mülkiyyətində olması istisna edilməsə də, sözügedən qeyri-yaşayış sahəsinin ölçülərinin faktiki naturada üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə məhkəməyə daxil olmuş 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********57 saylı mütəxəssis rəyi və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5126 saylı rəyi əsasında, iddiaçı tərəfindən göstərilən ünvanda (Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə küçəsində) qeyri-yaşayış binası mövcud olmadığından X1 tərəfindən verilmiş 084 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, tam mülkiyyət payı ilə qeydiyyata alınmış qeyri-yaşayış binasının ölçüsü yerində (naturada) üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə mütəxəssis rəyini və ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi qiymətləndirərək nəzərə alır. Bu səbəbdən də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, ekspert rəyi əsasında iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi söküldüyündən, nəticədə, mövcud olmadığından faktiki naturada üst-üstə düşməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda, Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə də. məhkəmə araşdırması zamanı iddiaçı qeyri-yaşayış sahəsinin tikintisinə çəkilən xərclər olaraq 35000 manat, 7 il ərzində hər ay 800 manat gəlir daxil olmaqla, ümumilikdə, cəmi 102200 manat maddi ziyanın dəydiyini və həmin zərərin Cavabdehndən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı sözügedən zərərin məhz İcra Hakimiyyətinin söküntü işlərini aparması nəticəsində vurulduğunu iddia etmiş, lakin həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bununla da iddia tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı öz tələbini sübuta yetirən mötəbər sənədlərini məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı ona dəymiş zərər olaraq 102200 manat pul vəsaitinin hansı mənbədən yarandığını, başqa sözlə, həqiqətən də 102200 manat pul vəsaiti dəyərində zərərin dəymiş olmasına dair də mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar