Məhkəmə qərarları › İş №2(012)-864/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-864/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-864/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 21 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə 5230 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin 123 saylı marşrut xəttində sürücü vəzifəsində işləyən Cavabdeh 2019-cu ilin yanvar ayından 2020-ci ilin mart ayına kimi işlədiyi günlər ərzində (2019-cu ilin yanvar ayında 503 manat, fevral ayında 480 manat, mart ayında 500 manat, aprel ayında 640 manat, may ayında 585 manat, iyun ayında 385 manat, iyul ayında 400 manat, avqust ayında 90 manat, sentyabr ayında 170 manat, oktyabr ayında 240 manat, noyabr ayında 215 manat, dekabr ayında 175 manat, 2020-ci ilin yanvar ayında 302 manat, fevral ayında 235 manat, mart ayında isə 310 manat) mütəmadi olaraq təyin olunmuş gündəlik planı kəsirlə ödəyərək 1 il 3 ay ərzində MMC-yə ümumilikdə 5230 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdehə göstərilən məbləğdə pulu ödəməklə bağlı dəfələrlə müraciət olunsa da, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, 2007- 2021-ci illər işləmişəm. Əmək müqaviləsi sonradan bağlanılıb. 1 ildir ki, işləmir.İddia olunan borcu olub, lakin imkanı olmadığından qaytara bilməyib. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 01.04.2013-cü il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, işəgötürən İddiaçı MMC tərəfindən işçi Cavabdeh “sürücü” olaraq təyin edilir. Həmin müqavilənin 3.1-ci maddəsinin “b” bəndində görə işçinin əmək funksiyası müdiriyyətin təyin etdiyi gündəlik planı toplayaraq xəzinəyə təhvil verilməsinə görə tam məsuliyyət daşımaqdan ibarətdir. Mülki işin materiallarından olan çıxarışlardan müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə 2019-cu ilin yanvar ayında 503 manat, fevral ayında 480 manat, mart ayında 500 manat, aprel ayında 640 manat, may ayında 585 manat, iyun ayında 385 manat, iyul ayında 400 manat, avqust ayında 90 manat, sentyabr ayında 170 manat, oktyabr ayında 240 manat, noyabr ayında 215 manat, dekabr ayında 175 manat, 2020-ci ilin yanvar ayında 302 manat, fevral ayında 235 manat, mart ayında isə 310 manat olmaqla, ümumilikdə 5230 manat məbləğində maddi ziyan vurmuşdur. Mülki işin materiallarından olan 31.08.2020-ci il tarixli, 220 №-li əmrdən müəyyən edilir ki, Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən xitam verilməsi əmr edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təşkilatda sürücü olaraq çalışan cavabdeh əmək vəzifələrini kobud surətdə pozaraq təyin olunmuş gündəlik planı kəsrlə ödəmiş və nəticədə 2019-cu ilin yanvar ayından 2020-ci ilin mart ayına kimi işlədiyi günlər ərzində MMC-yə ümumilikdə 5230 manat məbləğində maddi ziyan vurmuşdur. MMC bu barədə ona müraciət etsə də, müraciəti nəticəsiz qalmış və məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 5230 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 5230 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar