Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-869/2023 28.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşaqla ünsiyyətdə olma hüququna yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının 15 iyul 2022-ci il tarixli qərarı əsasında verilmiş nəvəsi 19 iyun 2016-cı il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00dan 18:00-dək ünsiyyətdə olmağına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, mərhum övladı X3 ilə Cavabdeh arasında 2015-ci il tarixdə nikah bağlanmış, bu nikahdan 19 iyun 2016-cı il təvəllüdlü X2 anadan olmuşdur. Övladı vəfat etdikdən sonra cavabdeh yenidən ailə qurmuşdur. Nəvəsi isə hazırda Cavabdeh yanındadır. Əvvəllər nəvəsi ilə ünsiyyətdə olmağına cavabdeh tərəfindən heç bir məhdudiyyət qoyulmasa da, hazırda belə bir məhdudiyyət vardır. Dəfələrlə nəvəsiylə görüşüb ünsiyyətdə olmaq istəsə də, cavabdeh buna imkan verməmişdir. O, nəvəsiylə görüşmək üçün Masallı rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına müraciət etmişdir. Qəyyumluq komissiyasının 15 iyul 2022-ci il tarixli qərarı əsasında nəvəsiylə hər həftənin şənbə və bazar günlər saat 11:00-dan 18:00-dək görüş təyin edilmişdir. Qəyyumluq komissiyasının rəyi olmasına baxmayaraq yenədə cavabdeh ona nəvəsiylə görüşməyinə şərait yaratmır. Odur ki, o, iddia ərizəsində nəvəsi ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 18:00-dək ünsiyyətdə olmağını xahiş etsə də, hazırda hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək ünsiyyətdə olmağına razıdır. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı uşaqla ünsiyyətdə olmaq üçün cəhdlər etsə də, uşaq babası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. Belə olan halda məcburi şəkildə uşağın babası ilə ünsiyyətini təmin etmək uşağın psixologiyasına mənfi təsir göstərəcəkdir. Həmçinin 7 yaşı tamam olduğundan, uşağın da fikri nəzərə alınmalıdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ərizəçi İddiaçı nəvəsi 19 iyun 2016-cı il təvəllüdlü X2 ilə görüşüb ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günü saat 11:00-dan 18:00-dək vaxt təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısı Aparatının “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyasının tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-29/1- 630/2023 saylı rəydən görünür ki, X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.3-cü, 61.1-ci, 61.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq İddiaçı nəvəsi 19 iyun 2016-cı il təvəllüdlü X2 ilə ünsiyyətdə olmasını yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçının öz nəvəsi olan 19 iyun 2016-cı il təvəllüdlü X2 ilə ünsiyyətdə olmaq hüquqları vardır və cavabdehin buna mane olması həm iddiaçının, həm də uşağın hüquqlarını pozur. Qanunvercilik uşaqların hüquqlarını müəyyən edərkən onların yaxın qohumları, o cümlədən babası və nənəsi ilə ünsiyyətdə ola bilməsini məhz uşaqların mənafeyi baxımından əsas götürülməsini nəzərdə tutur. Bu zaman cavabdehin buna hər hansı vasitə ilə mane olması və cavabdehin bunu özünün mənafeyi ilə izah etməsi uşaqların hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Həmçinin iddiaçının nəvəsi ilə hər həftənin bazar günü saat 11:00-dan saat 18:00-dək ünsiyyətdə olmağa razı olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı nəvəsi 19 iyun 2016-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinə görə uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Ailə Məcəllənin 62.1-ci maddəsinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı nəvəsi 19 iyun 2016-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 18:00-dək ünsiyyətdə olmağına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-869/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-869/2023
28.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver