Məhkəmə qərarları › İş №2(012)-873/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-873/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-873/2025 10.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 (doqquz min ) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, əvvəllər tanıdığı Elçin adlı tanışı iş yoldaşı Diplomatik İdarədə çalışan Cavabdeh 18 oktyabr 2022-ci il tarixdə 2000 (iki min), 20 fevral 2023-cü tarixdə 5000 (beş min), 20 aprel 2023 tarixdə (iki min) manat məbləğində borc pul vermişdir. Cavabdeh almış olduğu pulları oktyabr ayda tam qaytaracağına söz vermişdir. Bu vaxta qədər almış olduğu borcu ona qaytarmamışdır. O isə müxtəlif bəhanələrlə qaytarmaqdan imtina edir. O, Bəhruza dəfələrlə zəng etsə də heç bir nəticə ala bilməmişdir. İşlədiyi yerə şikayət etmək istədikdə borcunu ödəmək yerinə ərizəsini yazıb işdən çıxdı ki, ondan borcu ala bilməsin. Sadəcə borcu geri verməyəcəyini ona heç bir təsirinin ola bilməyəcəyini telefonda söylədi. Halbuki ondan borcu yalvarayalvara almışdı guya anası çox xəstədi, əməliyyatına pul lazımdı, qardaşı həbs edilib onun türməyə düşməməsinə pul lazımdı, özü uşağını məktəbə qoyanda məktəb gözətçisini öz maşını ilə vuraraq qıçını sındıranda dedi o, da kömək etmişdir. İşləmədiyi səbəbdən pulu olmadığı üçün ondan aldığı borcu qaytarmasını istəyir. Amma aldığı borcu rahatlıqla xərcləyib qaytarmır. Göstərilənlərə əsasən iddia təmin edilməldir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirdi ki, cavabdeh əvvəllər hər ay 600 manat olmaqla 4 ay borcundan ödəniş etsə də, sonradan pulu ödəməkdən boyun qaçırmış, hətta onu şikayət edəcəyi ilə bağlı hədə-qorxu gəlmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə bildirdi ki, cavabdeh borcdan 3 ay müddətində hər ay 140 manat pul ödəniş edib, əvvəlki iclasda cavabdehin borcu qaytarması ilə bağlı izahatda səhv qeyd etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında dindirilmiş X3 bildirdi ki, İddiaçını uzun müddətdir ki, tanıyır. Cavabdeh təxminən 2 il əvvəl onun yanında iddiaçıdan 2000 manat borc pul götürmüşdü. Cavabdeh ilə əvvəllər iş yoldaşı olmuş, sonradan o işdən çıxmışdır. Hazırda onunla heç bir əlaqəsi qalmamışdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü ilədək qaytarmaq şərtilə faizsiz olaraq 2000 manat borc vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü ilədək qaytarmaq şərtilə faizsiz olaraq 5000 manat borc vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh qaytarmaq şərtilə faizsiz olaraq 2000 manat borc vermişdir. İşdə olan AA 151362 saylı vəsiqənin surətindən görünür ki, Həsənova X1 rayonundan məcburi köçkün kimi Binəqədi rayonunda məskunlaşmışdır. İşə əlavə edilən və məhkəmə baxışında iddiaçının iştirakı ilə tədqiq edilən CD diskdən görünür ki, diskə heç bir məlumat yüklənməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixli borc müqavilələri bağlanmış və iddiaçı tərəfindən cavabdehə ümumilikdə 9000 manat borc pul verilmişdir. Hazırda iddiaçı cavabdehdən 9000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarında cavabdeh tərəfindən borcun bir hissəsinin qaytarılmasını etiraf etsə də, qaytarılan məbləğlə bağlı fərqli izahatlar vermişdir. Məhkəmə iddiaçının ilk dəfə verdiyi izahatı əsas götürərək, cavabdehin iddiaçıya 4 ay ərzində hər ay 600 manat olmaqla cəmi 2400 manat qaytarılması etirafını ağlabatan hesab edir. Belə ki, həmin etirafdan bir neçə iclas sonra iddiaçı fikrini dəyişir və məhkəmə bu halı inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra еdilməməsi dеdikdə, оnun pоzulması və ya lazımınca icra еdilməməsi başa düşülür. İşdən görünür ki, Cavabdeh tərəflər arasındakı razılaşmaya əməl etməmiş, iddiaçıdan aldığı borcu qaytarmaqdan imtina etmişdir. Bu fakt həm iş materialları, habelə iddiaçının izahatları ilə tamamilə təsdiq olunur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Mülki Məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iddiaçının izahatlarını və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh aralarındakı razılığa əsasən İddiaçı 9000 manat məbləğində pul almış, həmin puldan cəmi 2400 manat pulu qaytarmış, yerdə qalan 6600 manat borcu iddiaçıya qaytarmamışdır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh 6600 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi sübuta yetdiyi və təsdiq olunduğu üçün təmin edilməlidir. Qalan hissədə isə iddianın əsası kimi istinad edilən hallar sübut edilə bilinmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi tutulmalıdır. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 86 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 6600 manat məbləğində pul vəsaiti tutulmalı, 86 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6600 manat pul tutulsun. 86 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar