Məhkəmə qərarları › İş №2(012)-878/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-878/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-878/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərclər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3452/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat aliment və əlavə xərclər üçün 100 manat pul olmaqla, ümumilikdə, 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(002)-3452/2017 saylı qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması və 20 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin cavabdeh X3 alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh ilə aralarında bağlanmış nikah pozulduqdan sonra o, anasının evinə köçmüşdür və hazırda anası ilə birlikdə yaşayır. Övladının tələbatları və xərcləri gündəngünə çoxalır, cavabdeh isə bütün bu müddətdə uşağın problemləri, digər xərcləri ilə maraqlanmamışdır. Artıq uşaq böyüyür, hazırda X4 9 yaşı vardır. Qaradağ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Övladı gələcəkdə cəmiyyətə yararlı insan olması üçün əlavə olaraq idman və musiqi məşğələlərinə gedir, ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Buna görə də o, "aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, mediasiya prosesindən keçmiş və bu barədə ona mediator X5 tərəfindən xx.xx.2023cü il tarixdə “X2 (İMS) iştirak edilməməsi barədə” arayış verilmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 08 iyul 2015-ci il tarixdə verilmiş AZ-İİİ № 572191 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 iyun 2015-ci ildə Balakən şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Qədirli (Mustafayeva) Əfsanə Çingiz qızıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3452/2017 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə Qədirli (Mustafayeva) Əfsanə Çingiz qızı arasında 09 iyul 2014-cü il tarixdə bağlanmış və 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 1128 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, həmin nikahdan olan X4 anası - Qədirli (Mustafayeva) Əfsanə Çingiz qızının yanında qalmasının müəyyən edilməsi, 20 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 31 may 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 136 manat miqdarında alimentin tutularaq Qədirli (Mustafayeva) Əfsanə Çingiz qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Cavabdeh aid AZE******** saylı şəxsiyyət vəsiqəsinə dair gəlir məlumatları barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir və əmək haqqı 784 manat təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışda qeyd olunan əmək haqqı məbləğinin miqdarını və işin faktiki hallarını nəzərə alaraq alimentin artırılması nəticəsinə gəlir və hesab edir ki, alimentin miqdarının artırılaraq hər ay 220 manat həddində müəyyən edilməsi ədalət prinsipinə cavab verir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Bundan əlavə məhkəmə iddia tələbinin 20 iyun 2015-ci il təvəllüdlü X1 üçün əlavə olaraq hər ay 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin bu hissədə təmin edilməsi ilə bağlı faktiki hallar müəyyən edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz ) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3452/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 20 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz ) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 20 iyun 2015-ci il təvəllüdlü X1 üçün əlavə olaraq hər ay 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar