Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-921/2025 22.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27640 ABŞ dolları pul vəsaitinin (ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun), tərəfindən ödənilmiş 231 manat dövlət rüsumunun və vəkilə ödədiyi 300 manat pul məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Türkmənistan vətəndaşı olan Cavabdeh 2023-cü ilin aprel ayından ona 27640 ABŞ dolları pul borcu vardır. Cavabdeh həmin borcu 2023-cü ilin sonuna kimi qaytarmağı öz öhdəsinə götürmüş, lakin öz öhdəliyini yerinə yetirməmişdir. O, dəfələrlə verməli olduğu pulu cavabdehdən geri tələb etsə də cavabdeh əvvəllər müxtəlif bəhanələrlə pulun qaytarılmasından yayınmışdır. Bir neçə gün bundan əvvəl isə yenə pulu geri tələb etdikdə, həmin şəxs ona bildirmişdir ki, “get kimə, hara istəyirsən, de, mən sənə bir qəpik də verməyəcəyəm”. Cavabdehin bu hərəkəti ona böyük zərər vurur. Bundan sonra o, Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 59/2- 57306/2024 saylı məktubuna əsasən mübahisə mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd edir ki, Cavabdeh ticarət ilə məşğul olmuşdur. O, cavabdehə mal göndərmiş, lakin onunla cavabdeh arasında müqavilə bağlanmamışdır. O, polisə müraciət etdikdən sonra cavabdehdən izahat alınmışdır və cavabdeh izahatında ona pulu qaytaracağını bildirmişdir. Cavabdeh onun qardaşı ilə qonşu binada yaşayır. Əlavə olaraq bildirir ki, o, sahibkarlıqla məşğul olsa da VÖEN-i yoxdur. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və İddiaçı izahatına uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh birlikdə istixanada yetişdirilmiş pomidorların Dubay şəhərinə satışı ilə məşğul olmuşdurlar. Daha sonra Cavabdeh iddiaçını aldadaraq ondan məhsulları götürmüş, lakin bunun müqabilində iddiaçıya verilməli olan pulu ödəməmişdir və nəticədə 27640 ABŞ dolları borc yaranmışdır. Qeyd edir ki, iddiaçının müraciəti əsasında müvafiq polis orqanında dəfələrlə araşdırma aparılmış, tərəflərin izahatı alınsa da qərar qəbul edilməmişdir. Bu məsələ barədə aparılmış araşdırma ilə bağlı saxta sənədlər hazırlanmışdır, belə ki, cavabdehin izahatı alınmış və təhqiqat orqanı tərəfindən onlara işin istintaqa göndəriləcəyi bildirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən, o cümlədən “Whatsapp” yazışmalarından görünür ki, Cavabdeh iddiaçıdan borc götürsə də indiyədək borcunu ödəməmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri olmamış və iddiaçının qeyd etdiyi hadisə, ümumiyyətlə, baş verməmişdir. Tərəflər tanışdırlar və onlar arasında olan mübahisə şəxsi münasibətlər zəminində yaranmışdır. İddiaçı tərəf cavabdehin polis orqanında verdiyi izahatda iddiaçıya borcu olduğunu etiraf etdiyini bildirsə də bu, həqiqəti əks etdirmir. Əlavə olaraq bildirir ki, iddiaçı başqa işdə də zərərçəkmiş şəxs qismində tanınmışdır. Belə ki, iddiaçının müraciəti əsasında başqa şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılmışdır, yəni iddiaçı öz hüquqlarını müdafiə etməyi yaxşı bilir. Hesab edir ki, iddiaçı qeyd etdiyi halların, həqiqətən də baş verdiyini sübut etmək üçün tərəfindən göndərilmiş malın ölkədən çıxdığını təsdiq edən gömrük bəyannaməsi və ya başqa sübutu məhkəməyə təqdim etməlidir. İddiaçı polis orqanına verdiyi şikayətlərdə Cavabdeh ona borcunun olmasını bildirmişdir, lakin polis orqanı tərəfindən iddiaçının müraciətləri əsasında aparılmış araşdırmanın nəticəsi olaraq qərar qəbul edilməmişdir. İddiaçı isə müvafiq polis orqanında aparılmış araşdırmanın nəticəsindən və ya polis orqanının hərəkətlərindən şikayət verməmişdir. Göstərilənlər əsasında o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1ci, 442-ci və 739.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İddiaçı iş materiallarına əlavə etdiyi Cavabdeh ilə aralarında olan “Whatsapp” yazışmalarına istinad edərək, Cavabdeh pul tələb etmiş, iddiaçı tərəf iddia ərizəsində və məhkəmə iclasında iddiaçı ilə cavabdeh arasında malların xaricə daşınması və alqı-satqısı ilə bağlı şifahi razılaşma olduğunu, cavabdehin verilmiş mallar müqabilində iddiaçıya 27640 ABŞ dolları məbləğində borcu olduğunu bildirsə də öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və yalnız formal mülahizələrə əsaslanmışdır. Belə ki, iddiaçı müvafiq polis orqanına ünvanlanmış müraciətlər əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatının alındığını və cavabdehin verdiyi izahatda ona borcunun olduğunu etiraf etdiyini qeyd etsə də məhkəmə sorğusu əsasında Abşeron Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş sənədlər içərisində olan İddiaçı müraciəti ilə bağlı verilmiş xx.xx.2024-cü il tarixli arayışda “Amil adlı şəxs həmin vaxt ölkə xaricində olub” ifadəsi qeyd edilmişdir. İddiaçı məhkəməyə cavabdehin ona 27640 ABŞ dolları məbləğində borcu olmasını və polis orqanında verdiyi izahatında cavabdehin borcunu etiraf etməsini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, halbuki AR MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi daşımışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi iddia tələbinin əsasları ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən məhkəmə iddiaçı və onun vəkili-nümayəndəsinin izahatına tənqidi yanaşmışdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanUnivericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin iddia tələbinin 300 manat vəkil xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə bildirir ki, iddiaçının hüquq xidmətlərinin göstərilməsinə görə vəkilə ödəniş etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə də rədd edilməlidir. Bundan başqa iddia tələbinin 231 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın rədd edilməsi nəticəsinə gəlindiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 27640 ABŞ dolları pul vəsaitinin (ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun), tərəfindən ödənilmiş 231 manat dövlət rüsumunun və vəkilə ödədiyi 300 manat pul məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-921/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-921/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver