Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-927/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 70 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 5173 manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh hərbiçi olmuş və MAXE kimi xidmət etmişdir. Elvin keçən ilin noyabr ayında ona müraciət edərək ailə vəziyyəti ilə əlaqədar pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün 01 noyabr 2020-ci il tarixdə Elvinə 5000 manat pul borc vermişdir. Aralarında olan razılaşmaya görə Elvin borcu 2020-ci ilin noyabr ayının sonunadək qaytarmalı olmuşdur. Elvin bu barədə hərbiçi vəsiqəsinin surəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Lakin, vaxt bitməsinə baxmayaraq Elvin borcu qaytarmamışdır. Cavabdeh ondan gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də cavabdehdən borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır. Həmçinin o, məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün ünvan 1 ünvanda yerləşən X1 müraciət etmiş və cəmi 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 70 manat, notariusda şəxsiyyət vəsiqənin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də cavabdehlərdən tutulub ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 2020-ci ilin sentyabr ayında İlkin adlı iş yoldaşı vasitəsilə iddiaçı ilə tanış olmuşdur. İlkin ona iddiaçının faizə pul verdiyini bildirmişdir. O, 2020-ci ilin sentyabr ayında iddiaçıdan 10 % hesablanmaqla 1100 manat məbləğində pul almışdır. Lakin pulu qaytarmağı üçün müddət müəyyən etməmişlər. Ona təcili pul lazım olduğu üçün 1100 manat əvəzinə 5000 manata dair qəbzə imza atmışdır. O, iddiaçıya olan borcunu 3 ay müddətinə ödəmişdir. Daha sonra o, İlkin vasitəsilə iddiaçıdan 400 manat və 500 manat olmaqla, cəmi 900 manat pul almışdır. O, 2000 manat və faiz olaraq 600 manat pulu İlkin vasitəsilə 2021-ci ilin yanvar ayında iddiaçıya ödəmişdir. O, pulu İlkinə versə də, İlkin 600 manat məbləğində faizi iddiaçıya verməmişdir. İlkin hazırda cəzaçəkmə müəssisəsindədir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, tanışı İddiaçı 01.11.2020-ci il tarixdə borc alaraq 5000 (beş min) manat nağd pul almışdır. Aldığı borcu 2020-ci ilin noyabr ayının sonunda qaytarmağına dair öhdəlik götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən göründüyü kimi Cavabdeh tanışı İddiaçı 01.11.2020-ci il tarixdə borc alaraq 5000 (beş min) manat nağd pul almış və aldığı borcu 2020-ci ilin noyabr ayının sonunda qaytarmağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh hələ də iddiaçıya olan borcunu qaytarmamışdır. Cavabdeh özü tərəfindən yazılmış qəbzi və İddiaçı izahatını təkzib edə biləcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh 5000 manat əsas borc tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının ödədiyi 100 manat hüquqi xidmətlərə görə haqq, 70 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 70 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu olmaqla, cəmi 5173 manat pul tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-927/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-927/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver