Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-928/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 12 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında aliment miqdarı dəyişdirilərək cavabdehdən hər ay bir uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 12 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında aliment miqdarı dəyişdirilərək cavabdehdən hər ay bir uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında 15 oktyabr 2011-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 1727 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 12 iyul 2012-ci il tarixdə doğulmuş X2 onun yanında saxlanılması, X2 18 yaşa çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında və X4 üç yaşına çatana kimi hər ay 100 manat miqdarında alimentin tutulub ona ödənilməsi və alimentin tutulmasının əvvəli 15 avqust 2014-cü il tarixdən hesablanması qət edilmişdir. Bildirmək istəyir ki, Cavabdeh işləməməsini bəhanə gətirərək, ona 2014-cü ildən bugünə kimi gecikmələr edərək, cəmi 100 manat məbləğində aliment ödəyir. Qətnamə 2014-cü ildə qəbul olunmasına baxmayaraq, o, cavabdehdən bugünə kimi 100 manat puldan əlavə bir manatda ala bilməmişdir. O, bir ata kimi övladı üçün yalnız 100 manat məbləğində pul ödəyir və bununlada atalıq vəzifələri yerinə yetirdiyini düşünür. X7 Fərmanına əsasən 2022-ci ildə uşaqların saxlanması üçün minimum xərc 193 manatdır. Ona görə də cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən uşaqların saxlanması üçün 2022-ci ilə olan minimum əmək haqqını ödəməlidir. Qeyd edir ki, hazırki iddia tələbini məhkəməyə ünvanlamadan əvvəl Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurası tərəfindən cavabdehə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün məlumat verilsə də, cavabdeh gəlməmiş və ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03.12.2021-ci il tarixli arayış və ödədiyi 50 manat pulun qəbzi təqdim edilmişdir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İİİ № 073652 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 12 iyul 2012-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, X6 ilə Cavabdeh arasında 15 oktyabr 2011-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 1727 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin birgə nikahından 12 iyul 2012-ci il tarixdə doğulmuş X2 anası X3 yanında saxlanılması, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında və X2 üç yaşına çatana kimi hər ay 100 manat miqdarında alimentin tutulub X5 ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2022-ci il üçün uşaqların yaşayış minumumunu nəzərə almaqla hesab edir ki, 12 iyul 2012-ci il təvəllüdlü X1 üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 31,16 (otuz bir manat, ona altı qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 12 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 31,16 (otuz bir manat, ona altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-928/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-928/2022
31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver