Məhkəmə qərarları › İş №2(012)-942/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-942/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-942/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu cəmi 2300 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi tanışı X1 vasitəsilə tanımışdır. X.Əhmədovun xahişini nəzərə alaraq, Cavabdeh 2023-cü ilin oktyabrında qısa müddətdə qaytarmaq şərtilə borca 2500 manat pul vermiş, lakin o, həmin puldan 200 manat qaytarsa da, qalan 2300 manatı hazırki vaxtadək qaytarmamışdır. Cavabdehdən borcunu könüllü olaraq qaytarmasını xahiş etsə də, heç bir nəticəsi olmamış, o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan boyun qaçırmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə məhkəmədən Cavabdeh borclu olduğu 2300 manat pulun və vəkil üçün ödənilmiş 320 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, cavabdeh borcundan 200 manat ödəmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi. O qeyd etdi ki, iddiaçıdan cəmi 2300 manat pul almış və bundan 3 ay ərzində ayda 460 manat olmaqla qaytarmışdır. Qalan borcu 1000 manat təşkil edir və bunu isə hissə-hissə ödəyəcəkdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, 2023-cü ili oktyabr ayında cavabdeh iddiaçıdan müəyyən müddətə qaytarmaq şərtilə 2300 manat borc almışdır. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmiş, borcdan 200 manat qaytarmış, lakin qalan 2100 manat borcunu qaytarmamışdir. İddianın bu məbləğdə əsaslı olması iş materialları ilə tamamilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunmalıdır ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olmuş, onlar öz aralarında bu barədə şifahi qaydada müqavilə bağlamışlar. Borcun 2300 manat məbləğində verilməsini iddiaçı, ondan 200 manat qaytarılmasını isə cavabdeh məhkəmə iclasında sübuta yetirə bilmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, qalan 2100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh 2100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. 1300 manat borcu qaytarması və iddiaçıya hazırda 1000 manat borcunun olması barədə cavabdehin dəlili iş materialları ilə təsdiq olunmur. Cavabdeh bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehə 2500 manat məbləğində borc verməsi barədə iddiaçı tərəf məhkəməyə hər hansı legitim sübut təqdim edə bilməmişdir. İş materialları ilə təsdiq olunur ki, cavabdeh iddiaçıdan məhz 2300 manat borc almış, bunun 200 manatını qaytarmış, hazırda isə onun 2100 manat borcu qalmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2100 manat məbləğində pul vəsaiti və 100 manat vəkil xərci tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar