Məhkəmə qərarları › İş №2(012)-958/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-958/2022

28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-958/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Kazımlı Cənnət Mahir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 28 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2343 (iki min üç yüz qırx üç) manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.10.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh Fəzaii oğlu 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X8” haqqında müqavilə imzalanmışdır. 23.01.2020-ci il tarixli 030-K saylı əmrlə Baş-satıcı vəzifəsinə keçirilmişdir. 24.04.2020-ci il tarixli 223-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 11.11,2020-ci il tarixində Öz ərizəsi əsasında 691-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki. 22.09.2020-cu i! tarixində Oba-Novxanı 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 22.09.2020-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 4114 (dörd min yüz on dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 634 (altı yüz otuz dörd) manat güzəşt edilmiş və 237 (iki yüz otuz yeddi) manat isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır və yekun olaraq cavabdehin cəmiyyət qarşısında 2343 (iki min üç yüz qırx üç) manat borc təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X8 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X6 tərəfindən Abşeron Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia tələbini tam müdafiə etdiyini və mülki işə onların iştirakı olmadan baxaraq qərar verilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ərizəsində qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə iddia ərizəsi verdiyindən iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan 14.10.2019-cu tarixli 450-K saylı əmrdən çıxarışdan müəyyən edilir ki, Cavabdeh 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdə tərəflər arasında əmək müqaviləsi, eləcə də X8 haqqında müqavilə imzalanmışdır. Əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi qeyd olunmuşdur. Mülki işin materiallarında olan 23.01.2020-ci il tarixli 030-K saylı əmrdən çıxarışdan müəyyən edilir ki, Cavabdeh Baş satıcı vəzifəsinə keçirilmiş və həmin tarixdə tərəflər arasında X8 haqqında müqavilə imzalanmışdır. Əmək haqqı ştat cədvəlinə əsasən 280 manat olmaqla ödənilməsi qeyd olunmuşdur. Mülki işin materiallarında olan 24.04.2020-ci il tarixli 223-K saylı əmrdən çıxarışdan müəyyən edilir ki, Quliyev X1 vəzifəsinə təyin edilmiş və həmin tarixdə tərəflər arasında X8 haqqında müqavilə imzalanmışdır. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi qeyd olunmuşdur. Mülki işin materiallarından olan 11.11.2020-ci il tarixli 691-K saylı əmrdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi) xitam verilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi qeyd olunmuşdur. Mülki işin materiallarından olan İddiaçı MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 16 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 22.09.2020-ci il tarixində 4114 manat çatışmazlıq müəyyən edilmişdir. çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5 %) tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksik gəlməyə görə 3480 (4114-126784*0,5%) manat borc qalmışdır. Ümumi kənarlaşma məbləğindən 237 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh 16 aprel 2021-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 3243 (üç min iki yüz qırx üç) manat təşkil edir. Mülki iş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh hazırda faktiki qalıq borcu 3243 manat təşkil edir, 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi qeyd olunmuşdur. Mülki iş materiallarında olan 18.08.2021-ci il tarixli X2 Barədə Cavabdeh ünvanlanmış Təklifdən görünür ki, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərflər arasında bərabər şəkildə bölünməsini, həmçinin Mediasiya Şurasına müvafiq mediatorun təyin edilməsi üçün müraciət etməyi təklif edir. Mülki iş materiallarında olan 19.08.2021-ci il tarixli İddiaçı MMC tərəfindən Mediasiya Şurasına ünvanlanmış ərizədə Cavabdeh ilə yaranmış əmək mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsi xahiş edilmişdir. Mülki iş materiallarında olan 16 noyabr 2021-ci il tarixli X3 X5 mediator X4 tərəfindən İddiaçı MMC-yə verilmiş arayışdan görünür ki, Cavabdeh 12 noyabr 2021-ci il tarixdə, 11:30-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən 2 dəfə poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı MMC X3 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşin materiallarında olan 01 avqust 2018-ci il tarixli "xxxx" MMC-nin 10 nömrəli əmrindən görünür ki, Cəmiyyətdə aktivlərin və öhdəliklərin faktiki mövculuğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin yoxlanılmasını təmin etmək məqsədi ilə yeni mərkəzi inventarizasiya komissiyası yaradılmışdır. Mülki iş materiallarında olan 22.09.2020-ci il tarixli OBA-Novxanı 3 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair aktdan görünür ki, Cavabdeh tərəfindən 4114 (dörd min yüz on dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh iddiaçı MMC-də ayrı-ayrı vəzifələrdə çalışmış, 11.11.2020-ci il tarixli 691-K saylı əmrlə Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 22.09.2020-ci il tarixində 4114 manat çatışmazlıq müəyyən edilmiş, son haqq-hesabda cavabdehdən 237 manat tutulmuş, 3243 manat isə ödənilməmiş qalmışdır.Lakin iddiaçı hazırkı iddia tələbilə məhkəməyə iddia müddəti ötürülməklə 17.12.2021-ci il tarixdə müraciət etmişdir müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Qeyd edilən maddi hüquq normasının məzmunundan müəyyən edildiyi kimi, iddiaçı hazırki iddia tələbi ilə qanula nəzərdə tutulan faktın aşkar edildiyi 22.09.2020-ci il tarixdən bir illik müddətdə deyil, 17.12.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən edilən müddəti ötürdüyündən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddia tələbinin təmin edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddia tələbinin təmin edilməsindən imtina olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar