Məhkəmə qərarları › İş №2(012)-959/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-959/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-959/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İbrahimov Taleh Cəfər oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə əsas borcu 2436.42 manat, faiz borcu 35.28 manat, cəmi borc 2471.70 manat və ödənilmiş 44.72 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi və 17.12.2019-cu il tarixli, 19- 19-23-104868 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh 48 ay müddətinə qaytarılmaq şərti ilə 3336 dollar məbləğində kredit verilmiş və 19.02.2015-ci il tarixli, 19-15-11-005212 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "xxxx" ASC arasında 2436.42 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 17.12.2019-cu il tarixli, 19-19-23-104868 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin, Cavabdeh tərəfindən 17.12.2019-cu il tarixli, 19-19-23- 104868 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. 16.09.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 16.09.2021-ci il tarixinə "xxxx" ASC-yə əsas borcu 2436.42 manat, faiz borcu 35.28 manat, cəmi borc 2471.70 manat təşkil edir. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.12.2019-cu il tarixli, 19-19-23-104868 №-li Kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh – “Borc alan” olmaqla, sonuncuya illik 1 % olmaqla 60 ay müddətinə 2436.42 (iki min dörd yüz otuz altı tam yüzdə qırx iki) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi lazımınca icra edilmədikdə borc alan, borc verənə verilmiş kreditin gecikdirilmiş qalıq məbləği üzrə illik 0.02 % miqdarında cərimə faizi ödəyir (60 ay ərzində 0.1%-dən çox olmamaq şərti ilə). İş materiallarında olan 17.12.2019-cu il tarixli, 19-19-23-104868 №-li Kredit müqaviləsinə 1 saylı Əlavənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cavabdehin Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC Mərkəz filialı ilə Cavabdeh arasında bağlanılmış 17.12.2019-cu il tarixli 19-19- 23-104868 saylı kredit müqaviləsinə əsasən illik 1 % dərəcəsi ilə 60 (altmış) aylıq 2436.42 (iki min dörd yüz otuz altı manat, 42 qəpik) manat məbləğində kredit verilmişdir. Verilmiş 2436.42 (iki min dörd yüz otuz altı manat, 42 qəpik ) manat krediti üzrə heç bir ödəniş aparılmamışdır. 17.12.2019-cu il tarixli 19-19-23-104868 saylı kredit müqaviləsi üzrə Cavabdeh 16.09.2021-ci il tarixinə "xxxx" ASC Mərkəz filialına cəmi borcu 2471.70 (iki min dörd yüz yetmiş bir manat, 70 qəpik) manat, əsas borcu üzrə 2436.42 (iki min dörd yüz otuz altı manat, 42 qəpik) manat, faiz borcu üzrə 35.28 (otuz beş manat, 28 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, borc alan Cavabdeh 17 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borc verən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli, 19-19-23-104868 saylı kredit müqaviləsinin ləğv olunması və cavabdehdən 2436.42 (iki min dörd yüz otuz altı manat, qırx iki qəpik) manat əsas, 35.28 (otuz beş manat, iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 2471.70 (iki min dörd yüz yetmiş bir manat, yetmiş qəpik) manat məbləğində pulun tutulmasına dair iddia tələbi əsaslıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli, 19-19-23-104868 saylı kredit müqaviləsi ləğv olunmalı və İddiaçı ASC-nin xeyrinə Cavabdeh 2436.42 (iki min dörd yüz otuz altı manat, qırx iki qəpik) manat əsas, 35.28 (otuz beş manat, iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 2471.70 (iki min dörd yüz yetmiş bir manat, yetmiş qəpik) manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 44.72 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2436.42 (iki min dörd yüz otuz altı manat, qırx iki qəpik) manat əsas, 35.28 (otuz beş manat, iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 2471.70 (iki min dörd yüz yetmiş bir manat, yetmiş qəpik) manat məbləğində faiz borcu və 44.72 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli, 19-19-23-104868 saylı kredit müqaviləsi ləğv olunsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar