Məhkəmə qərarları › İş №2(012)-960/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-960/2022

18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-960/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2518,07 manat borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.03.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır. 03.09.2020-ci il tarixli 532-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmişdir. 20.05.2021-ci il 263-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 10.02.2020ci il tarixdə Oba-Saray 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 10.02.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5416,37 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 2898,30 manat Cəmiyyət tərəfindən güzəşt edilmiş, qalıq borc 2518,07 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Xırdalan qəsəbəsində fəaliyyət göstərən İddiaçı MMC-də adminstator vəzifəsində işləmişdir. 22 dekabr 2020-ci ildə isə sahəcə daha böyük olan və yeni açılan İddiaçı MMC-də adminstrator olaraq işləmişdir. Onun vəzifəsi köhnə İddiaçı MMC-də olan malları yeni İddiaçı MMC-yə təhvil vermək və yeni İddiaçı MMC-də adminstrator funksiyasını icra etmək olmuşdur. Mağazaya yeni gələn malları isə o təhvil almamışdır. Mağazaya 1-ci sayım zamanı xeyli miqdarda kəsr aşkar olunmuş, lakin kəsrin heç biri ona aid deyildir. 2-ci sayım zamanı isə 100 manat kəsr aşkar edilmişdir və o,100 manat kəsri qəbul edir. O, İddiaçı MMC-yə bu barədə dəfələrlə müraciət etsə də, ona cavab verilməmişdir. Həmçinin o, işdən çıxarılmamış və könüllü ərizə yazaraq işdən çıxmışdır. İş materiallarında olan 02.03.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 02.03.2020-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə 02.03.2020-ci il tarixdən 02.04.2020-ci il tarixədək əmək müqaviləsinə əsasən o, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan 02.03.2020-ci il tarixli X6 haqqında Müqavilədən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında işçinin vəzifə funksiyaları və vəzifə məsuliyətləri göstərilməklə balanmışdır. İş materiallarında olan 03.09.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh 03.09.2020-ci il tarixindən X2 adminstrator vəzifəsinə keçməyinə etiraz etməmişdir. İş materiallarında olan 20.05.2021-ci il 263-K saylı əmrdən görünür ki, Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA X1 əmək müqaviləsinə 20.05.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Son haqq hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işçlərinin nəticəsi olaraq hesabında 10.02.2021-ci il tarixində 3953,19 manat, 19.04.2021-ci il tarixində 1463,18 manat və ümumi olaraq 5416,37 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 2898,30 manat hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə Cavabdeh 12 oktyabr 2021-ci il tarixinə İddiaçı MMCyə olan ümumi borcu 2518,07 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. 12 oktyabr 2021-ci il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışa əsasən, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işçlərinin nəticəsi olaraq hesabında 10.02.2021-ci il tarixində 3953,19 manat, 19.04.2021-ci il tarixində 1463,18 manat və ümumi olaraq 5416,37 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 2898,30 manat hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə Cavabdeh 12 oktyabr 2021-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 2518,07 manat təşkil edir. Cavabdeh etirazının əsasları ilə bağlı izahatından başqa hər hansı bir sübut təqdim etmədyindən,məhkəmə həmin izahata tənqidi yanaşaraq işin faktiki hallarına və aşağıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı MMC-nin qarşısında zərər vurulmasından irəli gələn öhdəliyi vardır və buna görə də Cavabdeh mülki hüquq məsuliyyəti daşımaqla İddiaçı MMC-yə vurduğu zərəri tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödədiyi 50 manat cavabdehdən tutulub İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh əmlaka (maddi qiymətlilərə) vurulmuş ziyana görə 2518,07 manat pul və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat alınıb İddiaçı MMC-yə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar