Məhkəmə qərarları › İş №2(012)-964/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-964/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-964/2024 24.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 16 avqust 2009-cu il tarixində doğulmuş X2 və 14 aprel 2011-ci il tarixdə doğulmuş X1 üçün onun xeyrinə hər bir uşağın saxlanması üçün hər ay sabit pul məbləğində - 50 manat, ümumilikdə 100 manat məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq edilmiş, onun iddia tələbi təmin edilərək, Cavabdeh ilə arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsində qeydə alınmış, 1458 saylı nikah qeydinin ləğv edilməsi, 16 avqust 2009-cu il tarixdə doğulmuş X2 və 14 aprel 2011-ci il tarixdə doğulmuş X3 onun yanında qalmalarının müəyyən edilməsi, X4 16 avqust 2009-cu il tarixdə doğulmuş X2 və 14 aprel 2011-ci il tarixdə doğulmuş X1 üçün onun xeyrinə hər bir uşağının saxlanması üçün hər ay sabit pul məbləğində - 50 manat, ümumilikdə 100 manat məbləğində alimentin tutulması, alimentin tutulma müddəti xx.xx.2015-ci il tarixdən X5 və X6 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. O, dəfələrlə 100 manat pulla iki övladını tələbatını ödəməkdə çətinlik çəkdiyini bildirərək, cavabdehdən xahiş etmişdir ki, alimentin məbləği artırsın. Cavabdeh isə maddi imkanının yaxşı olmadığını bəhanə gətirərək, ondan vaxt istəmiş və övladlarının təminatını ödəməkdə ən qısa zamanda köməklik edəcəyini bildirmişdir. 2016-cı ildən bu günə kimi o, cavabdehin yalançı vədlərini gözləmiş və sonda başa düşmüşdür ki, onun etibarından sui-istifadə etməklə övladlarına baxmır və öz sərbəst həyatını yaşayır. Maddi imkanı yaxşı olsa da, övladlarına baxmır. Bu ciddi məsələ ilə bağlı o, ilk əvvəl Bakı 13 saylı Mediasya Təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak edərək, yenə də illərdir ki, etdiyi bəhanələri etmiş və alimentin artırılmasına razılıq verməmişdir. Buna görə də ona Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Cavabdehin imkanı yaxşıdır və o, qəsdən övladlarına aliment pulu ödəmir. Hamıya da məlumdur ki, 100 manat məbləğində pul iki məktəbli və məktəbdən əlavə hazırlıqlara gedən yetkinlik yaşına çatmaqda olan övladlarının heç bir tələbatını ödəmir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinadən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(011)-9866/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və hər ay hər uşaq üçün (X5 və X6) 220 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, üç uşağın saxlanması üçün hər ay ümumilikdə 500 manat alimentin tutulmasına razı olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirdi. O qeyd etdi ki, hər ay üç uşaq üçün cəmi 350 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(011)-9866/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 16 avqust 2009-cu il tarixdə doğulmuş X2 və 14 aprel 2011-ci il tarixdə doğulmuş X1 üçün İddiaçı xeyrinə hər bir uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində - 50 manat, ümumilikdə 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(011)- 9866/2015 saylı qətnaməsinə əsasən 16 avqust 2009-cu il tarixdə doğulmuş X2 və 14 aprel 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay cəmi 100 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(011)-9866/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 16 avqust 2009-cu il tarixdə doğulmuş X2 və 14 aprel 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar