Məhkəmə qərarları › İş №2(012)-965/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-965/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-965/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 28 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4000 manat pul, pulunu əsassız olaraq vaxtında qaytarmadığına görə hazırki müvafiq bank uçot dərəcəsinin 7,25% tətbiq edərək, hər il üçün əlavə 290 manat nəzərə alınmaqla, bu günə qədər isə ümumilikdə 580 manat, mənəvi ziyana görə 20000 manat və ödədiyi 164 manat dövlət rüsumu, cəmi 24744 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-7125/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 71 yaşı vardır. Cavabdeh o, şəxsən tanıyır. Bu tanışlıq nəticəsində bir neçə il əvvəl cavabdeh ondan qısa müddətə borc pul istəmiş, o da qaytarmaq şərtilə 4000 manat borc pul vermişdir. Baxmayaraq ki, özünün maddi vəziyyəti yüksək səviyyədə olmamışdır. Ancaq cavabdeh pulunu qısa müddət ərzində qaytaracağına vəd edərək iddiaçını buna inandırmışdır. Bu haqda da sadə yazılı qaydada öz dəsti xətti ilə qəbz yazaraq verdiyi pulu xx.xx.2019-cu il tarixində qaytaracağına öhdəlik götürərək orada şəxsən imza etmişdir. Lakin həmin vaxtdan 2 il keçməsinə baxmayaraq Cavabdeh üzərinə götürdüyü öhdəliyi qərəzli olaraq icra etməkdən boyun qaçırır. Bu da ona həm maddi ziyanın vurulmasına, həm də mənəvi iztirabların keçirilməsinə səbəb olur. Cavabdehin axtarışı ilə məşğul olub pulunu tələb etməli olduğunu və ya daima qulluq tələb edən anadan gəlmə “uşaq serebral iflici” xəstəsi, himayəsində olan övladının qayğısına qalmalı olduğunu bilmir. Övladı bu anadan gəlmə xəstəliyi səbəbindən 1-ci qrup əlildir. İddiaçı daima ona qulluq edir. Bundan başqa, demək olar ki, iddiaçıya maddi ziyan vurulur. Cavabdeh onun əmlakını (pulunu) qanunsuz saxlamaqla ondan faydalanır. Amma o isə əksinə, öz halal əmlakından məhrum olunmuşdur. 2 ilə yaxındır ki, cavabdeh pulunu saxlayaraq əsassız varlanmaqla məşğul olur. Amma o isə maddi ziyan çəkir və əmlakının istifadəsindən məhrum olunmuşdur. Belə olduğu təqdirdə il ərzində ona xeyli məbləğdə ziyan vurulur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onunla telefon əlaqəsi saxlanılmış, məhkəmə prosesində iştirak etmək istəmədiyini bildirmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh sadə yazılı qaydada yazdığı qəbzdən görünür ki, o, xx.xx.2019-cu il tarixdə İddiaçı 4000 (dörd min) manat məbləğində pul almış, xx.xx.2019-cu il tarixdə qaytaracağına dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh tanış olduğundan bir neçə il əvvəl cavabdeh ondan qısa müddətə borc pul istəmiş, o da ona əvəzini qaytarmaq şərtilə 4000 manat borc pul vermişdir. Cavabdeh pulunu qısa müddət ərzində qaytaracağına vəd edərək iddiaçını buna inandırmışdır. Bu haqda da sadə yazılı qaydada öz dəsti xətti ilə qəbz yazaraq aldığı pulu xx.xx.2019-cu il tarixində qaytaracağına öhdəlik götürərək orada şəxsən imza etmişdir. Lakin, həmin vaxtdan 3 ildən artıq müddət keçməsinə baxmayaraq Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Odur ki, bu hissədə iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 4000 manat məbləğində əsas, pulu əsassız olaraq vaxtında qaytarmadığına görə ildə 5% hesabı ilə 4000 manat borcun qaytarılmalı olduğu 18 noyabr 2019-cu il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi 10 oktyabr 2022-ci il tarixədək olan müddət üçün illik 200manat hesabı ilə ötən 37 ay x 16,66manat (aylıq faiz) – 616,60 manat ziyan məbləğindən iddia olunan hissə olaraq 580 manat məbləğində pul ziyan tələbi olaraq cavabdehdən tutulub iddiaçıya verilməlıi , bu hissədə iddia təmin edilməlidir. İddianın mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 20000 manat məbləğində mənəvi zərərə görə təzminatın tutulmasını xahiş etmişdir. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Avropa Məhkəməsinin mənəvi zərərlə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X1rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı mənəvi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməsə də, tərəflər arasında yaranan münasibət nəticəsində iddiaçının mənəvi zərər çəkməsi qaçılmazdır. Ona görə də məhkəmə bunu əsas götürərək hesab edir ki, iddiaçıya cavabdehin təqsirli hərəkəti nəticəsində dəyən mənəvi zərərin ağlabatan məbləği 300 manat məbləğində müəyyən edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 4000 manat borc pul, pulu əsassız olaraq vaxtında qaytarmadığına görə maddi ziyan olaraq 580 manat, mənəvi ziyana görə 300 manat məbləğində pul məbləğində pul tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehdən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 164 manat dövlət rüsumunun 100 manat hissəsi tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 manat bor pul, 580 manat maddi ziyan, mənəvi zərərə görə 300 manat və ödədiyi 100 manat dövlət rüsumu, cəmi 4980 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar