Məhkəmə qərarları › İş №2(012)-98/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-98/2021

26.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-98/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər SOCAR-ın Qaz İxrac İdarəsinin nümayəndəsi X5, SOCAR-ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər SOCAR-ın Təhlükəsizlik İdarəsinə, SOCAR-ın Qaz İxrac İdarəsinə və SOCAR-ın Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər SOCAR-ın Təhlükəsizlik İdarəsinə, SOCAR-ın Qaz İxrac İdarəsinə və SOCAR-ın Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsində hazırda və gələcəkdə quruculuq-abadlıq işləri görülməsinə, tikinti işlərinin yerinə yetirilməsinə, hasarlanma işlərinin aparılmasına maneə törətməməsi vəzifəsinin cavabdehlər SOCAR-ın Təhlükəsizlik İdarəsinin, SOCARın Qaz İxrac İdarəsinin və SOCAR-ın Neft Kəmərləri İdarəsinin üzərinə qoyulması və qeyd edilən işlərə cavabdehlərin qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış (bundan sonra Çıxarış) əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsində köhnədən iddiaçıya məxsus fərdi yaşayış evi tikilmiş, hazırda həmin evdə iddiaçı ailəsi ilə birlikdə yaşayır. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində hasarlama və başqa tikintiabadlıq işlərinin aparılması zərurəti yarandığından həmin torpaq sahəsində hasarlama işlərini aparmaq məqsədilə müvafiq tikinti materialları alınmış və tikinti işləri (hasarlama) aparılmağa başlanılmışdır. Lakin hazırkı iddia ərizəsi üzrə cavabdeh müəssisələr olan Təhlükəsizlik İdarəsinin, Qaz İxrac İdarəsinin və Neft Kəmərləri İdarəsinin birgə əməkdaşları tərəfindən aparılmış tikinti sökülmüş, cavabdehlərin nümayəndələri tərəfindən aparılan tikinti sahəsinin qaz kəmərinin və magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz olduğu və tikintisinə icazə verilmədiyi bildirilərək aparılacaq hər bir tikinti işlərinin söküləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı cavabdehlərin nümayəndələrinə apardığı tikinti işlərinin qanunsuz olmadığını, torpağın onun xüsusi mülkiyyətində olduğunu bildirsə də, cavabdeh müəssisələrin nümayəndələri birmənalı olaraq, aparılacaq hər hansı bir tikintinin söküləcəyini qeyd etmişlər. Xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə almaq məqsədilə cavabdeh müəssisələrin tabelilik qaydasında yuxarı orqanı olan SOCAR-ın Baş Ofisinə 09 mart 2018-ci il tarixdə yazılı ərizə ilə müraciət etmiş, ərizədə iddiaçı onun xüsusi mülkiyyətində yerləşən torpaq sahəsində hasarlama və digər tikinti işlərinin aparılmasına icazə verilməsini xahiş etmiş, SOCAR-ın Baş Ofisi iddiaçının ərizəsinə cavab olaraq, özünün 13 aprel 2018-ci il tarixli SOCAR**********60040033B00196 nömrəli məktubunda məktubda qeyd edilən koordinatlar daxilində olan hissənin (959 m2) SOCAR-ın Qaz İxrac İdarəsinin X11 Kəmərləri Sahəsinin istismarında olan Hövsan-Digah-Qaradağ (Digah Novxanı hissəsi) qaz kəmərindən 20-25 metr məsafədə, digər hissənin (149 m2) SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş700 magistral neft kəmərinin 8.77-ci km-də mühafizə zonası daxilində yerləşdiyini və kəmərdən 37 məsafədə yerləşdiyini bildirmişdir. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət tərəfindən birmənalı olaraq tanınmasını nəzərə alaraq, iddia ərizəsi üzrə cavabdeh müəssisələrin həmin torpaq sahəsində tikinti aparmağına qanunsuz mane olurlar. Hesab edir ki, cavabdeh müəssisələrin iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətləri qanunsuzdur, həmin maneələrə son qoyulmalı, qadağan edilməlidir. Hazırda iddiaçı onun mülkiyyətində olan torpaq sahəsi daxilində hasarlama işləri həyata keçirdiyindən məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli 10/1986 saylı rəyi ilə qismən razıdır. Belə ki, iddiaçı torpaq sahəsinin ölçülərinin naturada üst-üstə düşməsini qəbul edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh SOCAR-ın Qaz İxrac İdarəsinin nümayəndəsi X7 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, 17.12.2015-ci il tarixli, RX Seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.11 ha torpaq sahəsi idarənin xidməti istifadəsində olan NECAS proqramına əsasən tam olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin X9 Kəmərləri sahəsinin istismarında olan Hövsan- Digah-Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşür. Sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsi isə Neft Kəmərləri İdarəsinin-istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşür. Bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 26.05.2021-ci il tarixli 10/1986 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh SOCAR-ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, 17.12.2015-ci il tarixli, RX Seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.11 ha torpaq sahəsi idarənin xidməti istifadəsində olan NECAS proqramına əsasən tam olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin X9 Kəmərləri sahəsinin istismarında olan Hövsan-Digah-Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşür. Sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsi isə Neft Kəmərləri İdarəsinin-istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşür. Bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 26.05.2021-ci il tarixli 10/1986 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh SOCAR-ın Təhlükəsizlik İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.12.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Digah qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 827 saylı reyestr kitabının 16 saylı vərəqində **********66 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş 15.12.2015-ci il tarixli A № 031736 saylı torpaq sahəsinin plan və ölçüsünün surətindən müəyyən olunur ki, Abşeron rayonu Digah qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinə dair həmin sənədin tərtib olunmasına əsas 078 nömrəli 04.12.2015-ci il tarixli 4ə-1969 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -İddiaçı SOCAR-ın prezidenti X3 ünvanladığı 09.03.2018-ci il tarixli müraciətdən görünür ki, o, Abşeron rayonu Digah qəsəbəsində yaşayış məntəqələrinə aid və onun xüsusi mülkiyətində olan (DƏDRX №0787939) 0,11 hektar torpaq sahəsində hasarın çəkilməsi və tikinti aparılması üçün icazə verilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı ünvanlandığı SOCAR**********60040033B00196 saylı 13.04.2018-ci il tarixli məktubdan görünür ki, ərizədə qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, təqdim edilən sənədlərdə torpaq sahəsinin forması və yerləşdiyi yer ilə, faktiki istifadədə olan torpaq sahəsinin forma və yerləşmə yeri, eyni zamanda SOCAR-da mövcud olan sənədlər arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin yerli baxış nəticəsində əldə olunmuş və eyni zamanda ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, aşağıda göstərilən X 404726.11 404762.14 404761.85 404726.03 Y 4482294.62 4482293.48 4482269.26 4482265.43 koordinatlar daxilində olan hissə (959 m2) SOCAR-ın Qaz İxrac İdarəsinin X11 Kəmərləri Sahəsinin istismarında olan Hövsan-Digah-Qaradağ (Digah-Novxanı hissəsi) qaz kəmərindən (530 mm, yerüstü) 20-25 metr (faktiki isə 28-31 metr) məsafədə, eyni zamanda SOCAR-ın Neft kəmərləri İdarəsinin istismarında olan Böyük-ŞorSumqayıt Dş700 magistral neft kəmərinin 8.77-ci km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 37 metr təşkil edir. Torpaq sahəsinin aşağıda göstərilən X 404726.12 404762.21 404762.14 404726.11 Y 4482297.72 4482298.67 4482293.48 4482294.62 koordinatlar daxilində olan hissəsi (149 m2) isə qeyd olunan kəmərlərin mühafizə zonası xaricində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndi ilə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, belə ki, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə zonasının müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Eyni zamanda, müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin 23.04.2021-ci il tarixli **********61 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-98/2021 nömrəli 18.02.2021-ci il tarixli qərardadına əsasən mütəxəssisin cəlb edilməsi haqqında qərarın icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 09.04.2021-ci il tarixdə daxil olmuş müraciətə baxılmışdır. Müayinə baxışı keçirilən zaman məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, 17.12.2015-ci il tarixli, RX Seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.11 ha torpaq sahəsi idarənin xidməti istifadəsində olan NECAS proqramına əsasən tam olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin X9 Kəmərləri sahəsinin istismarında olan Hövsan-Digah-Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşür. Sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsi isə Neft Kəmərləri İdarəsinin-istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşür. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 5 ədəd fotoşəkildən görünür ki, torpaq sahəsində tikilmiş tikili sökülmüş və dağıntılardan meydana çıxmış daş parçaları torpaq sahəsinin üzərində qalmışdır. -Beyləqan RPŞ tərəfindən verilmiş 17.10.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Nəcəfov X6 rayonu Aşqallar kəndində qeydiyyatdadır. -02.10.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli 10/1986 saylı rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatı Abşeron rayonu Digah qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi, qaz və neft kəmərləri üzrə mütəxəssis rəyinə əsasən aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisinin imzası ilə təsdiqlənmiş məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, 17.12.2015-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. Rəydən daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisinin imzası ilə təsdiqlənmiş məktubunda qeyd olunmuşdur ki, iddiaçı Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.11 ha torpaq sahəsi idarənin xidməti istifadəsində olan NECAS proqramına əsasən tam olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin X11 Kəmərləri sahəsinin istismarında olan Hövsan- Digah-Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşür. Sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsi isə Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşür. Rəydən daha sonra müəyyən olunur ki, ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitutsiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatından və iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.12.2015-ci il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 827 saylı reyestr kitabının 16 saylı vərəqində **********66 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Digah qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmiş İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikinti-abadlıq, hasarlama işləri aparmış, lakin səlahiyyətli qurumun nümayəndələri tərəfindən aparılmış fəaliyyətin qarşısı alınaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qaz kəməri və magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi səbəbindən tikililər söküldüyündən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olan halların qarşısının alınması məqsədilə məhkəməyə müraciət etmişdir. Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, bu qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Qərarındakı hüquqi mövqeyə görə Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 169-ci maddəsinə əsasən 169.1 Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 564.2-ci maddəsinə əsasən son zərurət elə vəziyyətdir ki, həmin vəziyyətdə başqa vasitələrlə qarşısı alına bilməyən real təhlükənin qarşısını almaq üçün qarşısı alınmış təhlükəyə nisbətən daha az ziyan vurulur. 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Mülki Prosessual Məcəllənin: 87.1 maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2. maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla, həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin 23.04.2021-ci il tarixli **********61 saylı məktubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli 10/1986 saylı rəyi ilə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşdüyü, həmin torpaq sahəsinin idarənin xidməti istifadəsində olan NECAS proqramına əsasən tam olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin X9 Kəmərləri sahəsinin istismarında olan Hövsan-Digah-Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşdüyü və sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsinin isə Neft Kəmərləri İdarəsinin-istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Məhkəmə işin araşdırılan hallarına qiymət verib Konstituaiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququ Dövlət tərəfindən tanınmasına baxmayaraq onun mülkiyyətində olan torpaq ərazisinin müəyyən hissəsi neft kəmərinin mühafizə zonasına düşdüyündən insan həyatının təhlükəsizliyi mülkiyyət hüququndan daha üstün hüquq olduğundan iddiaçının mülkiyyətindən maneəsiz istifadə hüququ cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməklə məhdudlaşdırılması qanunauyğundur. Məhkəmə qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını rəhbər tutaraq, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqların yalnız qanunla məhdudlaşdırılmasının mümkünlüyü prinsipindən çıxış edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin 23.04.2021-ci il tarixli **********61 saylı məktubunu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021ci il tarixli 10/1986 saylı rəyini digər sübutlarla paralel qiymətləndirib iddiaçının iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyərinə görə 50 manat iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər SOCAR-ın Təhlükəsizlik İdarəsinə, SOCAR-ın Qaz İxrac İdarəsinə və SOCAR-ın Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar