Məhkəmə qərarları › İş №2(012)-992/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-992/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-992/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan X4 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Ləğv prosesində olan X4 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan X4 Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh X4 Cəmiyyətinin xeyrinə kredit müqaviləsi üzrə 280.60 manat əsas, 418.62 manat faiz, 593.76 manat cərimə, 43.08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 1336.06 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan X4 Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, 14.10.2014-cü il tarixli, 90007003 saylı ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh DəmirBank ASC tərəfindən 24.5 % ilə, 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Müqavilənin bitmə tarixi 14.10.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 25.09.2020-ci il tarixinədək Cavabdeh qızının ləğv prosesində olan Dəmirbank ASC-yə 280.60 manat əsas, 418.62 manat faiz, 593.76 manat cərimə, 43.08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 1336.06 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22.12.2017-ci il tarixli 49 saylı qərarı ilə DəmirBank ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.12.2017-ci il tarixli 2-1(103)- 3194/2017 saylı qərarı ilə DəmirBank ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Dəmirbank ASC-nin ləğvedicisi təyin edilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda məhkəməyə şifahi qaydada bildirmişdir ki, tərəflər arasında bağlanmış 14.10.2014-cü il tarixli, 90007003 saylı ssuda hesablı kredit müqaviləsinin əsli və kassa məxaric orderinin əsli bankın arxivində olmadığından məhkəməyə təqdim edilməsi imkan xaricindədir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Ləğv prosesində olan İddiaçı ASC iddia qaldıraraq göstərmişdir ki, 14.10.2014-cü il tarixli, 90007003 ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 24.5% ilə, 24 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür, müqavilənin bitmə tarixi 14.10.2017-ci ildir, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 25.09.2020-ci il tarixinədək Cavabdeh qızının ləğv prosesində olan İddiaçı ASC-yə 280.60 manat əsas, 418.62 manat faiz, 593.76 manat cərimə, 43.08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 1336.06 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27.12.2001-ci il tarixli qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddiaçının məlum tələbinə dair iddia müddəti keçmişdir. Belə ki, iddiaçının bildirdiyinə əsasən cavabdehlə 14.10.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 24 ay müddətinə illik 24.5% faiz olmaqla 5000 manat məbləğində kredit onun adına rəsmiləşdirilmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Kredit müqaviləsinin müddətinin iddiaçının mövqeyinə görə 14.10.2017-ci il tarixində, öz mövqeyinə görə isə 14.10.2016-cı il tarixdə bitməsini və iddia ərizəsinin məhkəməyə 11.11.2020-ci il tarixdə daxil olmasını nəzərə alınsa artıq üç il keçmişdir. Eyni zamanda, iddiaçı kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, müqavilə məhkəməyə təqdim edilmədiyi üçün iddia rədd edilməlidir. Çünki bankın tələb hüququ, borcun məbləğinin müəyyən edilməsi, faiz və cərimənin hesablanması, o cümlədən kreditin verilməsi və müqavilənin bağlanması tarixinin təyin edilməsi müqavilə ilə təsbit olunmuşdur. İddianı irəli sürən tərəf öz sübutunu məhkəməyə təqdim etməlidir. Bank məhkəməyə ən əhəmiyyətli sübutu təqdim etməmişdir. Bu baxımdan bank kredit borcunu cavabdehdən tələb edə bilməz. Ona görə də iddiaçı ləğv etmə prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair iddiası iddia müddəti keçdiyi üçün rədd olunmasını və cavabdeh tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat məbləğində qonorarın iddiaçıdan tutularaq cavabdehə ödənilməsini xahiş edir və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsinə dair ərizəyə əsasən kredit müqaviləsinin müddətinin bitməsini iddiaçının mövqeyinə görə 14.10.2017-ci il tarixdə, cavabdehin mövqeyinə görə isə 14.10.2016-cı il tarixdə bitməsini və iddia ərizəsinin məhkəməyə 11.11.2020-ci il tarixdə daxil olmasını nəzərə alaraq artıq üç il keçdiyini əsas gətirərək iddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyi üçün rədd olunmasını xahiş etmişdir. -Ləğv prosesində olan X4 Cəmiyyətinin 16.10.2020-ci il tarixli **********912 saylı maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 25.09.2020-ci il tarixə banka olan 280.60 manat əsas, 418.62 manat 14.10.2015-ci il-14.10.2017-ci il tarixli müqavilə müddəti üçün hesablanmış faiz, 593.76 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360 olmaqla hesablanmış günlük faiz məbləği 02.04 manat və gecikdirilmiş gün sayısı 1077 gün, 43.08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 1336.06 manat təşkil edir. -Cavabdeh ünvanlanmış 24.09.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Dəmirbank ASC tərəfindən borcluya müraciət edilərək 3 gün müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -01.01.2016-ci il-18.03.2016-ci il tarixi əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh sonuncu dəfə 07.03.2016-cı il tarixdə 205,76 manat İddiaçı ASC-nin hesabına ödəniş etmişdir. -20.03.2016-cı il – 29.10.2019-cu il tarixlərini əhatə edən Cavabdeh adına olan 37- 70346442-33 saylı hesab nömrəsinə aid çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2019-cu il tarixli Fərmanına əsasən borcalana 643.68 manat kompensasiya hesablanaraq qalıq borcla əvəz edilmişdir. -Abşeron rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli 2(012)-992/2021 saylı məktubuna əsasən Ləğv prosesində olan Dəmirbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması ilə əlaqədar Dəmirbank ASC dən Bankla Cavabdeh arasında bağlanmış 14.10.2014-cü il tarixli 90007003 ssuda hesablı kredit müqaviləsinin, kredit məbləğinin bankdan götürülməsini təsdiq edən məxaric orderinin və 19.04.2016-cı il tarixdə 643,68 manat pul vəsaitinin banka ödənilməsini təsdiq edən sənədin 06.04.2021-ci il tarixədək məhkəməyə təqdim olunması xahiş olunmuş, Dəmirbank ASC-nin 16.04.2021-ci il tarixli **********949 saylı məktubuna əsasən qeyd olunan sənədlərin hazırda bankın arxivində olmadığından müraciətdə göstərilən xüsusatların hazırda icrasının qeyri-mümkün olduğu bildirilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/17 №-li qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və iflas prseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. -12.01.2018-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğv prosesindədir. -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 10.09.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Nağıyev X3 rayonu Novxani kəndi İ.Abdullayev küçəsi 5 saylı evdə qeydiyyatdadır. -03.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia ərizəsi qaldırmaq üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə mübahisənin mahiyyəti üzrə düzgün həlli üçün aşağıdakıları qeyd edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddia ərizəsindən və iddiaçının izahatından məlum olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14.10.2014-cü il tarixli, 90007003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 24.5 % ilə, 24 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh krediti götürməsinə baxmayaraq müqavilə üzrə götürdüyü öhtəlikləri yerinə yetirməmiş və nəticədə müqavilə üzrə 280.60 manat əsas, 418.62 manat faiz, 593.76 manat cərimə, 43.08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 1336.06 manat borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf isə iş üzrə əsas sübut hesab olan tərəflər arasında bağlanmış müqavilənin olmaması və eyni zamanda iddia müddətinin keçməsi ilə bağlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarından, iddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatından görünür ki, ərizədə tərəflər arasında 14.10.2014-cü il tarixli kredit müqaviləsi bağlandığı göstərilsə də lakin, həmin müqavilə iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə iclasında təqdim edilməmiş və yalnız iddiaçı hesabdan çıxarışı, maliyyə arayışını iddia ərizəsinə əlavə etməklə kifayətlənmiş, göstərilənlərin əsası kimi kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. Məlum olduğu kimi tərəflər arasında borc münasibətlərinin əmələ gəlməsinin əsasını müqavilə təşkil edir. Müqavilə şərtləri tərəflər arasında öhdəliklər yaradır. Müqavilənin olmaması tərəflər arasında mülki hüquq münasibətinin əmələ gəlməsini və bununla da öhdəliklərin yaranmasını istisna edir. Bundan başqa İddia ərizəsinə əlavə edilmiş qeyd olunan sənədlər müqavilədən irəli gələn və onun əsasında tərtib olunmuş sənədlərdir ki, tərəflər arasında müqavilə olmadığı təqdirdə həmin sənədlərin heç bir hüquqi əsası ola bilməz. Eyni zamanda cavabdehin iddia müddətinin tədbiqi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh ilə Dəmirbank ASC arasında 24 ay müddətinə 14.10.2014-cü il tarixli, 90007003 №-li kredit müqaviləsi bağlanmışdır. Yəni kredit müqaviləsinin qüvvədə olma müddəti 14.10.2017-ci il tarixdə bitmişdir. Göründüyü kimi, müddəti 14.10.2016-cı il tarixdə bitmiş, kredit müqaviləsi üzrə borclu tərəfindən müqavilə müddətində sonuncu ödəniş isə hesabdan çıxarışa əsasən 07.03.2016-cı il tarixdə olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında kredit müqaviləsi üzrə iddia müddətinin axımı ilə bağlı aydınlıq gətirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəlləsinin; 373.2–ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 372.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, 14.10.2014-cü il tarixdə 24 ay müddətinə bağlanmış kredit müqaviləsinin müddəti 14.10.2016-cı il tarixdə bitmiş və həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 14.10.2016-cı il tarixdə başlanmışdır. Kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən 4 ildən artıq vaxt keçmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə11.11.2020-ci il tarixdə müraciət etdiyindən və müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-nin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Göründüyü kimi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin qanunla müəyyən edilmiş qaydada iddia müddətini ötürməklə məhkəməyə iddia ərizəsini təqdim etmiş, cavabdeh tərəf isə öz növbəsində haqlı olaraq iddia müddətinin ötürülməsi ilə bağlı qanunun tələblərinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə, qanunun qeyd edilən normalarını, məhkəmə iclasında tədqiq edilən sübutlarlara müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar