Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1013/2024 15.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq cavabdehdən Ağdam Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2(013)-4918/2016 saylı Qətnaməsi ilə birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X1 üçün müəyyən edilmiş 80 manat aliment məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsinə və mediasiya üçün ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuş, nikahlarından 2016-cı il təvəllüdlü Hafiz adlı uşaqları anadan olmuş, ər-arvad münasibətləri pozulduğu üçün 2016-cı ildən də ayrılmışlar. Nikahları olmadığı üçün atalıq faktının təsdiq edilməsi və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdam Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 4918 saylı Qətnaməsinə əsasən atalıq faktı təsdiq olunmuş və uşağın saxlanılması üçün 80 manat aliment məbləğinin tutulması qət edilmişdir. Məlum faktdır ki, cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın müasir tələbatını ödəməyə kifayət etmir. Uşaq böyümüş və onun tələbatları da artmışdır. Ancaq Cavabdeh könüllü olaraq təyin olunmuş alimentdən əlavə maddi kömək köstərmədən imtina edir, halbuki onun qazancı və gəlirləri buna kifayət qədərdir. Ona görə də hesab edir ki, Cavabdeh qətnaməyə əsasən uşağın saxlanılması üçün tutulan alimentin məbləği artırılılmalı, hər ay 235 manat aliment məbləği müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etdi. Göstərdi ki, bundan əvvəlki qətnamə ilə 80 manat aliment alır. Hazırda ailə qurub, 1 övladı da var. Uşağın saxlanılması üçün tutulan aliment məbləği onun saxlanılmasına kifayət etmir. Ailə qurduğu şəxs işsizdir, 2-ci qrup əlildir, özü bağçada işləyir, 300 manat əmək haqqı alır. Ona görə də cavabdehdən tutulan alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qismən qəbul etdi. Göstərdi ki, hazırda heç bir yerdə işləmir, özü isə xəstədir. İşsiz kimi qeydiyyatda durub, təhsili yoxdur. Xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim edib. Maddi imkanı tələb olunan həcmdə aliment ödəməyə imkan vermir. 100 manat civarında aliment ödəyə bilər. Hazırda ailə qurub, yaxın günlərdə övladı da olacaq. Ona görə də göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, tərəfləri dinləyib belə hesab edir ki, tələb qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş, AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş X2 surətindən görünür ki, hazırkı tərəflərin birgə nikahlarından 2016-cı il təvəllüdlü Hafiz adlı 1 uşaqları anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikahlarından anadan olmuş 2016-cı il təvəllüdlü Hafiz adlı uşağın atasının Cavabdeh olması faktı müəyyən edilmiş və uşağın saxlanılması üçün cavabdehdən 80 manat məbləğində alimentin 01 sentyabr 2016-cı il tarixdən başlayaraq tutulub uşağın anasına verilməsi qət edilmişdir. X3 X8 X5 05 mart 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İşin materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Ağdərə rayon Talış kəndində anadan olmuş və hazırda Ağdam rayonu İmamqulubəyli ƏN-nin Çullu kəndində qeydiyyatdadır. Cavabdeh məhkəməyə işaxtaran kimi qeydiyyata durması və bel fəqərəsinin xəstəliyi ilə bağlı sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamıdıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfin iddia ərizəsinə etirazını, onun səhhətinin vəziyyətini, işsiz olmasını, həmçinin iddia tərəfinin 1 uşağın saxlanılması ilə bağlı maddi çətinlikləri ilə əlaqədar göstərdiklərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hazırki tərəflərin birgə nikahlarından anadan olmuş Hafiz adlı uşağın saxlanılması ilə bağlı tutulan alimentin məbləği qismən artırılmalı, atadan hər ay 130 manat olmaqla aliment məbləği tutulub İddiaçı xeyrinə verilməlidir. Həmçinin mediasiya üçün ödənilmiş 50 manat pul da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. "X6" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35.60 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də Cavabdeh tutularaq dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağdam Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2(013)-4918/2016 saylı Qətnaməsi ilə tutulan alimentin məbləği qismən artırılaraq hər ay 130 /bir yüz otuz/ manat aliment məbləği hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hesablanılmaqla tutulub İddiaçı xeyrinə ödənilsin. 50 /əlli/ manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Cavabdeh 35.60 /otuz beş manat altmış qəpik/ manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ tutularaq dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1013/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1013/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver