Məhkəmə qərarları › İş №2(013)-1030/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1030/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1030/2025 28.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 3700 manat pulun, həmçinin dövlət rüsumu olaraq ödədiyi 57 manatın, cəmi 3757 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 2023-cü ilin əvvəllərində əlavə gəlir əldə etmək üçün iş qurmaq qərarına gəlmiş və bu barədə uzun müddətdir ki, tanıdığı dostu Malikə bildirmişdir. Söhbət zamanı Malik ona bir neçə aydır ki, Cavabdeh adlı şəxslə iş qurduğunu, yəni bir neçə mopet alıb Vüsala verdiyini, sonuncunun da ona hər ay 800-900 manat pul verdiyini bildirmişdir. Malikin məsləhətinə əsasən eyni işi qurmaq məqsədi ilə, yəni mopet alıb Vüsala vermək, əvəzində hər ay müəyyən məbləğdə pul almaq üçün Vüsalın işlədiyi Bakı şəhəri Nəsimi rayonu Tiblisi Prospektində yerləşən ofisinə getmiş, söhbət zaman Vüsal 5000 manatın müqabilində 4 ədəd moped alacağını və hər ay ona 800-900 manat pul verəcəyini dediyi üçün razılaşmışlar. xx.xx.2023-cü ildə o, Vüsalın işlədiyi Bakı şəhəri Nəsimi rayonu Tiblisi Prospekti 3007-ci məhəllədə yerləşən ofisə getmiş və orada 5000 manat pulu Vüsala vermişdir. Bir müddət sonra Vüsalla əlaqə saxlayarkən o, aralarında bağlanacaq müqavilənin hazır olduğunu demiş və ofisə gedərək müqaviləni imzalamışdır. Vüsala mopedlərin alınıb-alınmamasını demiş, Vüsal da mopedlərin artıq alındığını və istifadə üçün icarəyə verildiyini bildirmişdir. 2023-cü ilin iyun ayında Vüsal ona 500 manat, iyul ayında isə 800 manat pul göndərmiş, lakin Vüsal sonrakı ay pulu göndərmədiyi üçün onunla əlaqə saxlamış, Vüsal işin zəif olduğunu, bir neçə günə pulu göndərəcəyini bildirmişdir. Lakin bir neçə gün sonra Vüsalın pulu vermədiyini görüb onun işlədiyi ofisə getmiş, lakin orada Vüsal adlı şəxsin işləmədiyini demişlər. Ona görə də bu barədə Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin polisdən ona işin mülki iş olduğu üçün məhkəmə müraciət etməli olduğunu bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cabvabdehdən ona borclu olduğu 3700 manat pul məhkəmə qaydasında alınaraq ona verilməlidir. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh həmin motorlu nəqliyyat vasitələrinin alınması üçün 5000 manat pul vermişdir. Cavabdeh həmin məbləğlə 4 ədəd nəqliyyat vasitələrini almasını bildirmiş, sonra isə müqavilə bağlamışlar. Həmin nəqliyyat vasitələrinin ona göstərilməsini cavabdehdən xahiş etsə də cavabdeh bugün-sabah göstərərəm deyərək nəqliyyat vasitələrini ona göstərməmişdir. Cavabdeh ona bir dəfə 500 manat, bir dəfə isə 800 manat icarə haqqı vermişdir. Cavabdehlə 3-cü ayın danışıqlarını etmiş, cavabdeh pulu bir neçə günə göndərəcəyini bildirmiş, hazırda işin zəif olmasını demiş, sonra isə cavabdehi tapmaq mümkün olmamışdır. Cavabdehin ailəsi ilə görüşmək istəmiş, ünvanarına getmiş, lakin cavabehin Mahir adlı əmisi onlarla görüşməsinə imkan verməmişdir. Əmisi isə bildirmişdir ki, Vüsal ilə küsülüdürlər, harada olmasından isə məlumatı yoxdur. Beləliklə də cavabdehi tapa bilməmişdir. Sonra eşitmişdir ki, cavabdeh Türkiyə Respublikasına atasının yanına çıxıb getmiş, həmçinin bir neçə şəxsləri də onu kimi aldadıb pullarını almış və qaytarmamışdır. Bu barədə polis orqanına şikayət etmiş, lakin istintaq orqanı cinayət işinin başlanılmasını rədd etmiş və ona məhkəməyə müraciət etməli olmasını bildirmişdir. Hazırda cavabehin icarə müqaviləsi üzrə ona vurduğu zərəri tələb edir, yəni pulunu tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh ilə əlaqə yaratmaq mümkün olmamışdır. Ona məhkəmə bildirişi, SMS məlumat göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə görə fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşin materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Ağdam Rayon Bağbanlar İƏD üzrə Nümayəndəliyində qeydiyyatdadır. Bu səbəbdən də məhkəmə bildirişi 14 aprel 2025-ci il tarixdə Ağdam Rayon İHBnın Bağbanlar İƏD üzrə Nümayəndəliyinə təqdim edilmiş, lakin cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının razılığını və həmçinin cavabdehin məhkəmə iclasına gəlməməsini nəzərə alaraq hesab edir ki, işin Cavabdeh iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddia tərəfini dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1983-cü il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş X1 İcarə Müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı ilə /hazırkı iddiaçı/ icarəçi Cavabdeh 4 ədəd motorlu nəqliyyat vasitəsini icarədarın mülkiyyətinə vermiş, icarəçi isə həmin nəqliyyat vasitəsindən istifadəyə görə bü muqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəmək barədə müqavilə imzalamışlar, müqavilə müddəti 12 may 2023cü il tarixdən 12 may 2024-cü il tarixədəkdir. Bakı Şəhər Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi O.Məmmədov tərəfindən 27 noyabr 2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, qərarın təsviredici hissəsində göstərilənlərə əsasən HK-1/2326 saylı material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1991-ci il təvəllüdlüdür, həmçinin Ağdam Rayon sakinidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. MM-nin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı /sadə və ya notariat/ formada bağlanır. Qeyd olunan Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunan Məcəllənin 700.3-cü maddəsi nəzərdə tutur ki, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Göründüyü kimi tərəflər aralarında razılaşma olmuş, bu razılaşma müqavilə ilə rəsmiləşdirilmiş, 4 ədəd motorlu nəqliyyat vasitələri iddiaçının verdiyi 5000 manat pul ilə alınmış, həmin nəqliyyat vasitələri icarə müqaviləsi əsasında iddiaçı tərəfindən Cavabdeh verilmişdir. İddiaçı bildirir ki, Cavabdeh həmin motorlu nəqliyyat vsitələrinin alınması üçün 5000 manat pul vermiş, həmin məbləğdən isə Cavabdeh bir dəfə 500 manat, bir dəfə isə 800 manat, 1300 manat ona pul qaytarmış, 3700 manatını isə mənimsəmişdir. İddiaçı hazırda icarə müqaviləsi ilə şərtləşdirilmiş məbləği deyil, müqavilədə nəzərdə tutulan motorlu nəqliyyat vasitələrinin alınması üçün cavabdehə vermiş olduğu 5000 manat pulun ona qaytarılmamış 3700 manatını cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında konstitusion müddəalara əsaslanır. Hüququ pozulmuş şəxsə vurulmuş zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış fayda da daxil hesab olunmalıdır. Real zərər adlanan faktiki itkilərə - zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir, əldən çıxmış fayda dedikdə isə - şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi mülki qanunvericiliyin qeyd olunan müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Göstərilən mülki hüquq normaları baxımından hazırda iddia tələbinin araşdırma predmetini cavabdehin iddiaçı qarşısında yuxarıda adı çəkilən əsaslar üzrə öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Bu baxımdan məhkəmə iş üzrə mübahisəli xüsusatlara, yəni iddiaçının hazırkı tələblə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasına, cavabdehin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamalarına sübutetmə yükü aspektindən yanaşır. Məhkəmə bu baxımdan hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı zərər çəkmişdir. Cavabdeh tərəf məhkəmə iclasına gəlmir, iddia tələblərinin təkzibi ilə bağlı məhkəməyə hər hansı sübutlarını təqdim etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. MPM-nin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı 57 manat dövlət rüsumu ödəmişdir ki, iddia tələbləri təmin ediləcəyindən həmin məbləğ də cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 3700 manat pul, 57 manat dövlət rüsumu kimi ödənilən məbləğ tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 3700 /üç min yeddi yüz/ manat pul və dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 57 /əlli yeddi/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar