Məhkəmə qərarları › İş №2(013)-111/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-111/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-111/2025 05.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi – anası Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə mülki işə 05 mart 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh E.E.Quluyevdən 3719 (üç min yeddi yüz on doqquz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Elşən Quluyev onun oğlu Rafiqlə birlikdə çörək bişirmə yerində işləmişdir. Elşən iki il bundan qabaq Rafiqə 22000 manata nisyə olaraq X3 3 markalı ** CZ *** nömrəli avtomobili satmışdır. Elşənə Rafiq hər ay 500 manat ödəməli olmuşdur. Elşənə Rafiq 3000 manat ödəmişdir. Avtomobil təxminən 10-15 gün Rafiqin istifadəsində qalmış və həmin vaxt ərzində avtomobili təmir etdirmək üçün Rafiq 1700 manat xərc çəkmişdir. Bundan sonra Elşən avtomobili Rafiqdən geri almışdır. Elşən Quluyevin ona cəmi 2000 manat qaytardığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh E.E.Quluyevə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələbləri baxımından E.E.Quluyevin İddiaçı satmaq istədiyi avtomobil rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olmaqla alqı-satqı zamanı satıcı onu alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, avtomobilə sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Lakin mülki işin məhkəmə araşdırmasında məlum olmuşdur ki, E.E.Quluyev avtomobili İddiaçı mülkiyyətinə verməmiş, avtomobilin İddiaçı sahiblik, istifadə və mülkiyyətinə verilməsinə dair notariat qaydasında hər hansı bir əqd təsdiqlənməmişdir. Göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyin tələblərinə zidd olaraq rəsmi reyestrdə qeydə alınan daşınar əşyanın alqısatqısına dair əqd bağlanmışdır. Ona görə də həmin əqd bağlandığı andan etibarsız sayılmalıdır. Belə olan halda İddiaçı avtomobili almaqdan ötrü cavabdeh E.E.Quluyevə vermiş olduğu 3000 manat məbləği geri tələb etmək hüququ vardır. Cavabdeh isə iddiaçıya cəmi 2000 manat qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Daşınar əmlakın dövlət reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rrezidentinin 11 aprel 2007-ci il tarixli fərmanından (əlavə 2) görünür ki, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarım qoşquları rəsmi reysterləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsində göstərilmişdir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 146.1-ci məddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 648.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 648.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsində qeyd olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadəyə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarında olan mobil telefonla yazışmalara dair fotoşəkildən görünür ki, cavabdeh iddiaçıdan 3000 manat aldığını etiraf etmişdir. Cavabdehin iddiaçıya 2000 manat qaytarması sonuncunun etirafı ilə təsdiq olunmuşdur. Həmin səbəbdən məhkəmə iddianın 1000 manat hissədə təmin olunması qənaətinə gəlmişdir. İddiaçı tərəf avtomobilin təmirinə görə 1700 manat xərc çəkdiyini bildirsə də, bu halı təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu əvəzində cavabdehdən 30 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X1 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 (otuz) manat alınaraq İddiaçı verilsin. İddiaçı X2 qarşı olan iddiasının qalan – 2719 (iki min yeddi yüz on doqquz) manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar