Məhkəmə qərarları › İş №2(013)-1121/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1121/2025

14.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1121/2025 14.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi tələbi barədə mülki işə 14 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh sağlamlığının bərpa olunması yəni əməliyyat olunması üçün sərf etdiyi 5700 manat, cərrahi əməliyyatdan sonrakı müttəmadi müalicəsi üçün 4400 manat, əmək qabiliyyətinin uzun müddətə itirməyi ilə baglı 15000 manat, mənəvi ziyana görə 10000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək avtomobilinin vurulub sonra hadisə yerindən qaçması barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə Ağdam rayonunun Eyvazlı kəndi istiqamətində Quzanlı qəsəbəsi ərazisində yolun sol tərəfindən sağ tərəfinə keçən zaman Ağdam Rayon Prokurorluğu tərəfindən gələn avtomobilin onu vurması nəticəsində sağ ayağının bud hissəsindən açıq qəlbəli sınıq xəsarəti və alın nahiyəsindən kəsilmiş-cırılmış yaraları ilə müşayət olunan agır xəsarəti almışdır. Hadisə zamanı özündə olmadığı üçün hadisənin necə baş verdiyini xatırlamamışdır. Həmin avtomobil sürətlə gəlmişdir. Hadisədən sonra Ağdam Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, daha sonra isə Bərdə Rayon Diaqnostika mərkəzinə getmiş, orada əməliyyat olunduqdan sonra xəstəxanada qalmışdır. Tələsdiyi üçün piyada keçidindən kənar yolu sol tərəfdən sağ tərəfə keçmiş, hadisə zamanı sağ ayağının bud hissəsindən sınıq xəsarəti və alın nahiyəsindən kəsilmiş-cırılmış yara xəsarəti almış, hadisə zamanı nəqliyyat vasitəsini gördükdə aralarında təxminən 5 metr məsafə olmuş, yolu sol tərəfdən sağ tərəfə iti yerişlərlə keçdiyini, avtomobili gördükdə aralarındakı məsafə çox az olduğundan hər hansı bir reaksiya verə bilməmiş, yolu keçməmişdən əvvəl sağ və sol tərəfinə baxmış, lakin hər hansı bir avtomobilin gəlmədiyini görmüş, avtomobilin sürücüsünü hadisə zamanı görməmişdir. Həmin yol hadisəsi Cavabdeh tərəfindən törədilmişdir. Ağdam rayonunun Eyvazlı kəndi istiqamətində Quzanlı qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt orada olan video çəkiliş texniki vasitələr tərəfindən qeydə alınmışdır. Bir gün sonra X3 əməliyyat olunmuşdur. Əməliyyatın bütün zəruri xərcləri Səddam tərəfindən ödənilmişdir. Bununla bağlı Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, dəymiş zərərin tamamilə ödənildiyini və Səddamdan hər hansı bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Daha sonra Səddam lazım olan dərman preparatlarını da almış və digər xərcləri ödəmişdir. Lakin avtomobilin onu vurması nəticəsində ayağı tam sagalmamış və həkimlər tərəfindən əyagının tam sağalması üçün bir neçə ay vaxt tələb olundugu bildirilmişdir. Bununla baglı Cavabdeh müraciət edərək müalicə olunmalı olduğunu demiş, lakin Səddam pulunun olmadıgını və zərərin ödədiyini ona bildirmişdir. Bundan başqa ayağından yenidən əməliyyat olunmalı, bunun üçün 5000 manat pul tələb olunduğunu, mütəmadi olaraq müalicə olunmalıdır. Bu kimi xərcləri Cavabdeh üzərinə götürmüşdür. Bundan fərdi işlə məşgul olmuş, müxtəlif işlərə gedərək ailəsini saxlamaq üçün pul qazanmışdır. Yol hadisəsi nəticəsində ayağıma dəymiş zərərə görə pensiya təyin edilməmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, iddia ərizəsində göstərilənləri təsdiq edir. xx.xx.2024-cü ildə yolu keçdiyi vaxt onu avtomobil vurmuşdur. Xəstəliyinə xeyli xərc çəkmiş, lakin heç bir sənədi yoxdur. Səddam onun ayağına mil almış, milin qiyməti ona məlum olmamışdır. İş yerində məhrum olunduğu üçün Səddam ona 900 manat vermişdir. Bundan başqa Səddam üç dəfə onun reseptində göstərilən dərmanları almışdır. Sonradan cavabdehin ona heç bir köməklik göstərmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı avtomobillə vurduqdan sonra sonuncunun ayağına 1000 manata mil almış və 700 manat həkimə vermişdir. Dəfələrlə Xəlilin dərmanlarını almış və buna görə 700-800 manat xərcləmişdir. Xəlil işləmədiyindən sonuncuya əmək haqqının əvəzi olaraq 900 manat vermişdir. Hazırda Xəlilin ayağında olan milin çıxarılması xərcini çəkməyə etiraz etmədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Polis X2 təhqiqatçısı X1 qəbul etdiyi cinayt işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixi qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1ci maddəsində nəzədə tutulan cinayəti törətmiş, lakin onun İddiaçı ilə barışması və sonuncuya dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmaqla başlanılmış cinayət təqibinə xitam verilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2025-ci ildə saat 20 radələrində idarə etdiyi «Nissan Tiida» markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq asfalt yolu sol kənardan sağ kənara iti yerişlərlə keçən piyada İddiaçı vurmuş, onun ehtiyatsızlığından piyada İddiaçı sağlamlığına sağlamlığın uzun müdddətə pozulmasına səbəb olan az ağır zərər vurmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı tələbinin Cavabdeh sağlamlığının bərpa olunması, yəni əməliyyat olunması üçün sərf etdiyi 5700 manat, cərrahi əməliyyatdan sonrakı müttəmadi müalicəsi üçün 4400 manat, əmək qabiliyyətinin uzun müddətə itirməyi ilə baglı 15000 manat tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı tələbinin Cavabdeh sağlamlığının bərpa olunması, yəni əməliyyat olunması üçün sərf etdiyi 5700 manat, cərrahi əməliyyatdan sonrakı müttəmadi müalicəsi üçün 4400 manat, əmək qabiliyyətinin uzun müddətə itirməyi ilə baglı 15000 manat tələbinə dir hissəsini əsaslandırmaq üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı sağlamlığının bərpa olunmasına, yəni əməliyyat olunması üçün hansı məbləğdə vəsait, əməliyyatdan sonrakı müttəmadi müalicəsi nə qədər məbləğ tələb olunması, həmçinin əmək qabiliyyətinin uzun müddətə itirməyi ilə hansı məbləği əldən çıxarması məhkəməyə məlum olmamışdır. İddiaçı əlindən çıxmış faydanın nədən və hansı məbləğdən ibarət olmuşdur. Göründüyü kimi İddiaçı iddiasının əldən çıxmış faydanın ödənilməsi tələbini əsaslandıra bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanunda icbari tibbi sığortanın əsas prinsipləri öz əksini tapır. Qeyd olunan Qanun 15-1.1.1-ci maddəsində əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin, dərman və tibb vasitələrinin əlçatanlığına və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi, 15-1.1.3. maddəsində sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi, habelə onun dərman və tibb vasitələri ilə təmin edilməsi qeyd olunmuşdur. Həmin Qanunun 15-2.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMTnin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Həmin Qanunun 15-4.1-ci maddəsində icbari tibbi sığorta üzrə sığortaolunanların hüquqları göstərilmişdir. Sözügedən Qanunun 15-4.1.2-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 15-3.1ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək, həmçinin bu Qanunun 15-3.4-cü və 15-23- 1.1-ci maddələri nəzərə alınmaqla, aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək. Həmin Qanunun 15-5.2-ci maddəsinəəsasən icbari tibbi sığorta üzrə sığortalıların vəzifələrindən biri sığorta haqlarını vaxtında və tam həcmdə ödəməkdir. Qanunun 15- 7.1.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək; 15-7.1.3. maddəsində isə bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini sığortaçıdan tələb etmək. Tibb müəssisəsinin vəzifələri isə Qanunun 15-7.2-ci maddəsində öz əksini tapır. Həmin vəzifələrdən biri bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməkdən, eləcə də icbari tibbi sığorta çərçivəsində və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat verməkdir. İddiaçı ona hansı tibbi diaqnozun qoyulması və müalicəsinin icbari tibbi sığortanın xidməti zərflər paketində mövcud olub-olmaması barədə sübutlar təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. İddianın mənəvi zərərə görə 10000 manat təəbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki işə baxılarkən məlum olmuşdur ki, Cavabdeh xx.xx.2025-ci ildə saat 20 radələrində idarə etdiyi «Nissan Tiida» markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində hərəkətdə olarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzədə tutulan cinayəti törətmiş, lakin onun İddiaçı ilə barışması və sonuncuya dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmaqla başlanılmış cinayət təqibinə xitam verilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Cavabdeh ehtiyatsızlığından piyada İddiaçı sağlamlığına sağlamlığın uzun müdddətə pozulmasına səbəb olan az ağır zərər vurmuşdur. Mülki işə baxılarkən məlum olmuşdur ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olan hazırki İddiaçı mənəvi zərər dəymişdir. Məhkəmə İddiaçı dəymiş mənəvi zərəri onun baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıq formasında olmasını, zərərçəkən şəxsin hazırda da müalicəyə ehtiyacının olmasını nəzərə alaraq 4000 manat miqdarda müəyyən etmişdir. Məhkəmə tərəfindən mənəvi zərərin 4000 manat miqdarda müəyyən edilməsi ağlabatan və ədalətli olmuşdur. Belə olan halda Cavabdeh İddiaçı vurduğu 4000 manat mənəvi zərərin əvəzini ödəməlidir. Cinayət hadisəsi zamanı və sonradan sağlamlığının düşdüyü vəziyyət İddiaçı şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmaqla o, mənəvi sarsıntı, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməklə iztirab keçirmişdir. İşə baxılarkən məlum olmuşdur ki, İddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində fəal həyat tərzindən məhrum olunmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərəin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyi, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olunması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yuxarıda qeyd edilən Qərarın 4-cü bəndinin 1-ci abzasında nəzərdə tutulmuşdur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, mənəzi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətinin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və s. maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş mənəvi zərərin əvəzi olaraq 4000 (dörd min) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 60 (altmış) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddiaçı Cavabdeh qarşı iddiasının sağlamlığının bərpa olunması, yəni əməliyyat olunması üçün sərf etdiyi 5700 manat, cərrahi əməliyyatdan sonrakı müttəmadi müalicəsi üçün 4400 manat, əmək qabiliyyətinin uzun müddətə itirməyi ilə baglı 15000 manat, mənəvi ziyana görə 6000 manat tələbinə dair hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar