Məhkəmə qərarları › İş №2(013)-1122/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1122/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1122/2025 03.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat məbləğində pul vəsaitinin alınaraq Dövlət nəfinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Səbail Rayon Məhkəməsinin 1(009)- 52/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, qərarın icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı icra məmuru tərəfindən məhkumun, yəni cavabdehin özünün iştirakı ilə müvafiq protokol tərtib edilmiş, onun cəza çəkdiyi müddət ərzində üzərində daşımalı olduğu elektron nəzarət vasitələrinin istifadə qaydaları izah edilərək tərtib edilmişdir. Elə həmin gün bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbağı, bir ədəd mobil qurğunun kabrosu cavabdehin üzərinə quraşdırılaraq ona təhvil verilmişdir. Cavabdehə həmin nəzarət avadanlıqlarını üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda (ADU-nun 2 saylı yataqxanası) yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsi cəza müddətinin başa çatması səbəbindən açılaraq ondan təhfil alınmışdır. Evrodizayn QSC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, zərbə nəticəsində kondensator yerindən qoparılıb, təmiri mümkün deyil və istifadəyə yararsız hala salındığı müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin həmin şəxsdən tutulmalı olduğunu nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh məhkəməyə ərizə daxil olmuş və ərizədə cavabdeh iddia tələbi ilə razı olduğunu və ziyanın ödənilməsinə etirazının olmadığını göstərmişdir. İddiaçı rəisi vəzifəsini icra edən X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş, həmin ərizədə sözü gedən mülki işə icra məmurunun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə İddiaçı icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-52/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə olmnası üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökm edilmişdir. İş materillarında olan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, ED 000598 nömrəli rəyinin surətindən görünür ki, Attenti V6 mobil qurğusuna keçirilən texniki baxış zamanı, qurğunun zərbə nəticəsində kondensator yerindən qoparıldığı, təmirinin mümkün olmadığı və istifadəyə yararsız hala salındığı müəyyən edilmişdir. İş materiallarında olan Maliyyə və təminat idarəsinin Təchizat şöbəsinin rəisi, Cavanşir Elminbəyli tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, “Attenti” markalı 1 ədəd ağıllı elektron qolbaq (sadə elektron qolbaq-1 mobil nəzarət qurğusu-1 ədəd, elektron adapter-1 ədəd, klipsa-1 cüt proqram lesenziyası-1 ədəd) mobil nəzarət qurğularının ümumilikdə qiyməti 2277.40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elktron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız hala saldıqda həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2277.40 manat məbləğində pul alınaraq Bakı Şəhər Maliyyə İdarəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 42.77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Dövlət Büdcəsinin xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar