Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1128/2024 18.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə 18 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi X1 rayon məhkəməsinə ünvanladığı ərizəsində İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli № 29-MK/4648 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı tərəfindən 36 ay müddətinə illik 8 faizlə 6336 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəmədiyini qeyd etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5640 ABŞ dolları əsas, 1009 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə - cəmi 6669 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)-1910/2018 saylı əmri ilə kreditorun tələbi təmin edilmiş, lakin borclu Cavabdeh2 etirazına əsasən xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə əmri ləğv edilərək materiallar iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini və işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı etiraf etməyərək zamin olmadığını, heç bir müqaviləyə qol çəkmədiyini qeyd etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə həmin cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2017-ci il tarixli № 29-MK/4648 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 8 faizlə 6336 ABŞ dolları kredit verilmişdir. xx.xx.2017-ci il tarixli 29-MK/4648 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini öz üzərinə götürmüşdür. İddiaçı tərəfin Cavabdeh1 ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borcu 5640 ABŞ dolları, faiz borcu 1009 ABŞ dolları, cərimə borcu isə 20 ABŞ dolları təşkil edir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1128/2024 saylı qərardadından görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 zamin qalmadığını və zaminlik müqaviləsinə imza etmədiyini bildirdiyindən iş üzrə məhkəmə-xəttişünaslıq ekspertizası təyin edilmişdir. 04 iyul 2024-cü il tarixli 3-16-16/2-4/915 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(013)-1128/2024 saylı mülki işin 6-cı vərəqində xx.xx.2017ci il tarixli, 29-MK/4648 saylı Zaminllik müqaviləsində olan "6. Müqavilənin qüvvədə olduğu müddət" bölməsində Zamin qrafasındakı imza və həmin müqavilənin arxa tərəfində "7.Tərəflərin rekvizitləri və imzaları" bölməsində "Zamin" qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh1 36 ay müddətinə illik 8 faizlə 6336 ABŞ dolları məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 5640 ABŞ dolları əsas məbləğdən, 1009 ABŞ dolları faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh1 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özünün icra edəcəyini üzərinə götürmüşdür. Cavabdeh1 müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddədə qeyd olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəyə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən gecikdirilən borc məbləğinə cərimə hesablanır və borc alan tərəfindən kreditora ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin tələblərinə uyğun olaraq Cavabdeh1 20 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» 14 may 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər» və həmin Məcəllənin 439.2-ci maddəsinin «əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir» müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin «ödəniş vasitəsi» müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və.s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbarı ödənişlərin ( vergi, sosial sığorta və.s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc)müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunmur və bu zaman həmin maddənin «ödəniş müddəti çatanadək» müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn «öhdəliyin əmələ gəldiyi vaxt» müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməli, cavabdehlərdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 manat tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 5640 ABŞ dolları əsas, 1009 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə - cəmi 6669 (altı min altı yüz altmış doqquz) ABŞ dolları və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1128/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1128/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver