Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1129/2024 05.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbi barədə mülki işə 05 iyun 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh B.Ə.Alıyevdən 13000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 130 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Bayram Alıyev onun dayısının yeznəsi olmaqla aralarında yaxşı münasibət olmuşdur. Özünün qaynı icarəyə mağaza götürüb Bayramla orada işləməsini ona təklif etmişdir. xx.xx.2017-ci ildə Bakı şəhərində ət mağazasını Bayram Alıyevlə icarəyə götürərək şərik heyvan kəsib satmaqla məşğul olmağa başlamışlar. Ət mağazasının yanında tövlədə olmuşdur. Mağaza ilə tövləyə hər ay 500 manat icarə haqqı ödəmişlər. O, heyvanı alıb gətirdikdən sonra kəsərək satmaq üçün Bayrama vermiş, sonuncu isə əti mağazada satmışdır. Satılmış ətin hər kiloqramına görə Bayrama 1 manat vermişdir. 1-ci ay ərzində Bayrama 21 mal və 45 qoyun vermişdir. Bayram 1-ci ay qazanc olmadığını ona demişdir. 2-ci ay Bayram cəmi 100 manat qazanc olduğunu ona demişdir. Bundan sonra Bayramla şərikliyə son qoymuşdur. Sonrakı aylarda Bayrama hər ay nisyə olaraq heyvan satmış, sonuncu isə onları satdıqdan sonra onun pulunu ayın sonunda ödəmişdir. Bayramla cəmi 5 il 6 ay bu qaydada işləmişlər. Bu müddət ərzindən cavabdehə cəmi 872 baş iribuynulzu, 830 baş isə xırda buynuzlu heyvan satmışdır. Hər ay Bayrama təxminən 11-14 baş iribuynuzlu heyvan satmışdır. Bayrama heyvanları nisyə satmışdır. Hər ayın sonunda Byramla hesablaşmışlar. 2023-cü ilin mart ayında Bayrama 21319 manat dəyərində 11 baş iribuynuzlu heyvan satmışdır. Bütün alış verişi barədə özünə məxsus dəftərdə qeydlər aparmışdır. Hər ayın axırında Bayramla hesablaşma aparmışdır. Bayrama heç vaxt borc verməmiş, iddia ərizəsində Bayrama 2000 manat borc verməsi barədə fikir vəkilin səhvi nəticəsində yazılmışdır. xx.xx.2023-cü ildə Bayramla ayrılmışdır. Həmin vaxta qədər Bayramın ona 13000 manat borcu qalmışdır. Bayramdan pulunu istədikdə sonuncu borcunu tövləyə icarə haqqına həsablşadığını demişdir. Halbuki tövlədə heyvan saxladığına görə 5 il 6 ay ərzində Bayrama 19600 manat pul vermiş, sonuncu isə üstünü düzəldərək mağaza ilə tövlənin birlikdə icarə haqqını ödəmişdir. Bayram əvvəllər pulu ödəməyə etiraz etməmişdir. Bir müddət əvvəl Bayram telefonda danışarkən 3000 manata mağazanı verəcəyini, nisyələrdən yığıb üstünə də 3000 manat qoyacağını, qalan məbləği isə sonra ödəyəcəyini ona demişdir. Bayramın həmin səsini yazıb diskə yerləşdirib işə əlavə etmişdir. Bundan əlavə Bayramın Bakı şəhərində yaşamaqla ət mağazasında işləyən bir nəfər də cavabdehin ona 10000 manatdan artıq borcunun olduğunu demişdir. Həmin səs yazısını da işə əlavə etmişdir. Tələb etməsinə baxmayaraq cavabdehin öhdəliyini icra etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən B.Ə.Alıyev iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı onun qohumudur. 2017-ci ildə Bakı şəhərində Qaçayla birlikdə ət mağazası və tövləni 500 manata icarəyə götürərək şərik işləmişlər. 2 ay şərik işlədikdən sonra ayrılmışlar. Bundan sonra Qaçay heyvan gətirərək kəsib ona satmış, o isə əti mağazada satdıqdan sonra Qaçayın pulunu ödəmişdir. 2017-ci ildən 2023-cü ilin aprel ayına qədər bu cür işləmişlər. Hər gün Qaçaydan 150-180 kq nisyə ət almışdır. Hər ayın sonunda Qaçayla hesablaşmışdır. Qaçaydan hər ay təxminən 15 baş dananı nisyə almış, dananın hər birinin qiyməti 1500 manat ətrafında olmuşdur. 2023-cü ilin aprel ayında mağaza bağlanmış və Qaçaydan ayrılmışdır. Həmin vaxt onun nisyədə 6000 manat pulu olmuşdur. Bu səbəbdən nisyədən pulu alıb 3000 manatı Qaçaya verəcəyi barədə telefonda demişdir. 2023-cü ilin mart ayında Qaçaydan nisyə olaraq 11 baş iri buynuzlu heyvan almış və pulunu ödəmişdir. İddiaçı borcunun olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 21319 manat dəyərində nisyə olaraq 11 baş iri buynuzlu heyvanları satmaqla üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə malları qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam olaraq ödəməmiş və 13000 manat borclu qalmaqla öhdəliklərini icra etməmişdir. Beləliklə B.Ə.Alıyev Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan məlum olmuşdur ki, 2017-ci ildən 2023-cü ilin mart ayına qədər tərəflər arasında nisyə alqı-satqı olmuş, hər ayın sonunda onlar hesablaşmışlar. İddiaçı cavabdehə 2023-cü ilin mart ayında 21319 manat dəyərində iribuynuzlu mal satmışdır. Cavabdeh məhkəmədə izahat verərkən 11 baş malı 2023-cü ilin mart ayında iddiaçıdan aldığını etiraf etmiş, lakin pulunu ödədiyini sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində B.Ə.Alıyevdən 130 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. X1 13000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 130 manat – cəmi 13130 (on üç min yüz otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1129/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1129/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver