Məhkəmə qərarları › İş №2(013)-117/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-117/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-117/2025 17.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4397,98 AZN əsas, 809,22 AZN faiz, 254,49 AZN cərimə borcu olmaqla, cəmi 5461,69 AZN pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 74,62 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri "xxxx" KB ASC tərəfindən onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 29 % dərəcəsi ilə 4400 AZN məbləğində kredit xətti açılmış, müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə ASCyə 4397,98 AZN əsas, 809,22 AZN faiz, 254,49 AZN cərimə borcu olmaqla, cəmi 5461,69 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC məhkəməyə nümayəndə göndərməmiş, nümayəndə Nübar Hüseynli məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını və tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə 4 dəfə SMS məlumat və məhkəmə bildirişi ilə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə görə fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşin materiallarında olan Ağdam Rayon Polis Şöbəsi tərəfindən 22 noyabr 2018-ci il tarixdə verilmiş AZE 19151414 saylı Şəxiyyət Vəsiqəsinin surətindən görünür ki, cavabdeh Ağdam Rayonunun işğala məruz qalmamış Sarıcalı kəndinin qeydiyyatındadır. Həmin Nümayəndəliyə məhkəmə bildirişi təqdim edilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. /Telefon əlaqəisi zamanı Nümayəndəlikdən bildirildi ki, cavabdeh tərəf uzun illərdir ki, Rusiya Federasiyasında yaşayırlar/. Məhkəmə iş materiallarında olan sənədlər əsasında tərəflərin iştirakı olmadan işin baxılmasını və qərar qəbul edilməsini mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur, cavabdeh iddia tələbləri ilə bağlı məhkəməyə gəlmir, hər hansı etirazlarını bildirmir. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 11697sAHM/21 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə 4400 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh ASCyə 4397,98 AZN əsas, 809,22 AZN faiz, 254,49 AZN cərimə borcu olmaqla, cəmi 5461,69 manat kredit borcu yaranmışdır. 22 iyul 2024-cü il tarixli BİLDİRİŞdən görünür ki, borc məbləğinin ödənilməsi ilə bağlı Cavabdeh xəbərdar edilmişdir. AZE 19151414 saylı Şəxsiyyət Vəsiqəsindən və iş materiallarından görünür ki, Cavabdeh 1993-cı il təvəllüdlüdür, Ağdam Rayon Sarcalı kəndinin qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4397,98 AZN əsas, 809,22 AZN faiz, 254,49 AZN cərimə borcu olmaqla, cəmi 5461,69 AZN pul tutularaq iddiaçı «Unibank KB ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 74,62 manat da cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 4397,98 AZN əsas borc olaraq, 809,22 AZN faiz borcu, 254,49 AZN cərimə borcu olmaqla, cəmi 5461.69 /beş min dörd yüz altmış bir manat altmış doqquz qəpik/ AZN pul məbləği və dövlət rüsumu kimi ödənilmiş 74.62 /yetmiş dörd manat altmış iki qəpik/ AZN məbləğ tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar