Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1183/2024 06.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh borclu olduğu 46.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini belə əsaslandırdı ki, Cavabdeh tanıyır, qohumdurlar və münasibətləri yaxşı olmuşdur. Cavabdeh 2024-cü ilin yanvar ayında ona iş qurmaq istədiyini bildirmiş, avtomobil ehtiyyat hissələrinin və sürtkü materiallarının satışı ilə məşğul olmaq istədiyini, ona dəstək olmasını istəmişdir. Cavabdeh ondan 46.000 manat borc pul istəmişdir. Qohum olduğu və yaxşı münasibəti olduğuna görə ona köməklik etmək qərarına gəlmiş və cavabdehə xx.xx.2024-cü ildə 46.000 manat borc pul vermişdir. Cavabdeh borcu götürəndə xx.xx.2024-cü il tarixə qaytaracağına söz vermiş, ancaq həmin müddət ərzində cavabdeh aldığı borcu qaytarmamışdır. Bu səbəbdən cavabdehlə xx.xx.2024-cü il tarixdə öz aralarında borc müqaviləsi bağlamışlar. Cavabdeh xeyli müddət keçməsinə baxmayaraq pulu qaytarmır. Hətta cavabdeh ona borcu əvəzinə evini də verəcəyini bildirmiş, lakin yenə də onu aldatmışdır. Ona görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh 46.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunması məqsədə uyğundur. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qismən qəbul etdi. Göstərdi ki, İddiaçı ilə qohumluq münasibətləri var, iddiaçı ona və ailəsinə həmişə diqqət edib. Həqiqətən İbrahimdən avtomobil ehtiyyat hissələrinin və sürtkü materiallarının satışı ilə məşğul olmaq adı ilə 46.000 manat məbğləği götürmüşdür. İşlədiyi şirkətldə sair problemləri olduğu üçün götürdüyü məbləğlə heç bir iş görə bilməmişdir. Hazırda həmin məbləği maddi imkansızlığı ucbatından qaytara bilmir. İmkanı olan kimi həmin məbləği qaytarmaq istəyir. Borcunu ödəməkdən boyun qaçırmır, lakin hazırda imkanı yoxdur. Məhkəmə iddiaçını, cavabdehi dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 13 dekabr 2016-cı il tarixdə verilmiş AZE ******** saylı Şəxiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayon Şıxlar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən 02 avqust 2006-cı il tarixdə verilmiş AA 143739 seriyalı Məcburi Köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Ərizəyə əlavə edilmiş 19 mart 2024-cü il tarixdə Ağdam Rayon Dövlət Notariat Ofisində bağlanmış borc müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 46.000 manat məbəlində pulu borc vermişdir. Borc alan aldığı borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunan Məcəllənin 739.3-cü maddəsinə görə borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Sözügedən Məcəllənin 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbləri əsaslıdır və qanunamüvafiqdir. Cavabdeh borcunun 46.000 manat olmasını etiraf edir və ididaçı ilə onun arasında notariat müqaviləsi bağlanılıb. İddiaçı Cavabdeh borc olaraq 46.000 manat məbləğində pul vermiş, onun göstərdikləri təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, Cavabdeh 46.000 manat pul alınıb iddiaçının xeyrinə verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı məcburi köçkün olduğundan o, dövlət rüsumu ödəməmişdir /rüsum ödəməkdən azaddır/, bu səbəbdən də iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilməli olan 228 manat məbləğində pul Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinin müddəaları baxımından Cavabdeh tutulub dövlət nəfinə verilməlidir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 46.000 /qırx altı min/ manat məbləğində pul tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilməli olan 228 /iki yüz iyirmi səkkiz/ manat məbləğində pul tutulub dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1183/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1183/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver