Məhkəmə qərarları › İş №2(013)-1187/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1187/2024

04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1187/2024 04.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh ilə aralarında olan nikah aktı qeydinin Bərdə Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(021)-3822/2019 saylı qətnaməsi ilə pozulduğunu Bərdə Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(021)-3086/2018 saylı qətnaməsi ilə pozulduğunu, birgə nikahlarından doğulmuş 2 övladının da onun himayəsinə verildiyini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(013)-156/2017 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin təyin edildiyinin, , daha sonra 05 noyabr 2019-cu il tarixli, 2(021)-3822/2019 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa 120 manat olmaqla cəmi 240 manat miqdarında qət edildiyini, hazırki dövrdə alimentin miqdarınin uşağın müasir tələbatını ödəməyə kifayət etmədiyini, uşaqların böyüdüyünü və gündəlik tələbatlarının da artdığını, Cavabdeh imkanının yaxşı olduğunu, lakin uşaqların saxlanmasında könüllü olaraq təyin olunmuş alimentdən əlavə maddi kömək güstərməkdən imtina etdiyini, bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(021)-3822/2019 nömrəli qətnaməsinin sürətindən görünür ki, həmin qətnamə ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(013)-156/2017 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay, hər uşağa 120 manat olmaqla cəmi 240 manat sabit pul miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşaqların hüquqlarını müdafiə edən qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək təyin edilmiş alimentin miqdarının hər ay, hər uşaq üçün 150 manat olmaqla ümumilikdə cəmi 300 manat sabit pul məbləğdə alimentin artırılmasını məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(021)-3822/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulmalı, Artırılmış alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 04 iyun 2024-cü il tarixli, 2(013)-1187/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(021)-3822/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Artırılmış alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 04 iyun 2024-cü il tarixli, 2(013)-1187/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar