Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1192/2025 15.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 15 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh tərəfindən dəfələrlə onun əmlakına və əşyalarına bilərəkdən vurduğu ziyana görə 5000 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 15 il ailə üzvləri ilə birlikdə kirayədə yaşamış, 2020-ci ildə Qarabağ müharibəsi qazisi olduğuna görə dövlət tərəfindən ona və ailə üzvlərinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi ev 3-də 67 saylı mənzil verilmişdir. Həmin evə köçdükdən sonra qonşusu Cavabdeh ailə üzvləri ilə yaşadığı evdən çirkli suları onların təmiz paltarlarının üstünə tökdüyü, siqaret kötüyünün atıldığını, dəfələrlə Cavabdeh məxsus evdən onun evinə su sızdığını, Cavabdeh bu barədə xəbərdarlıq etdiyini lakin cavabdehin su krantını düzəltdirmədiyini, sonuncu dəfə xx.xx.2025-ci ildə evlərinə su axdığını və evin tavan, divar kağızı və döşəməsinin yararsız hala düşdüyünü qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, sözügedən mənzil 2011-ci ildən onlara verilmiş, valideynləri həmin evdə yaşamışlar. Həmin evə anasına baş çəkmək üçün ara-sıra gəlmişdir. Özü kirayə müqaviləsinə əsasən başqa evdə yaşamışdır. İddiaçının evinə su axması ilə bağlı onun heç bir təqsirinin olmadığını, su axmasının onların evindən deyil şaxtadan axdığını, bundan mənzil istismar idarəsinində məlumatı olduğunu, bir dəfə paltaryuyan maşının borusunun partlaması nəticəsində 15 dəqiqə su axdığını və həmin vaxt iddiaçıya evə dəyən ziyanı aradan qaldıracağını bildirdiyii, lakin iddiaçının razı olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarn Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi ev 3-də yerləşən 67 saylı mənzil İddiaçı adına qeydə alınmışdır. İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi ev 3, mən 67 saylı mənzilinə və mənzildə olan əmlakına dəymiş ziyanın hesablanması üçün xüsusi bilik tələb olunduğundan Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1192/2025 saylı qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edilmədiyindən Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1192/2025 saylı qərardadı icra edilmədən mülki işin materialları xx.xx.2025-ci ildə Məhkəmə Ekspertizası Mərkəzindən Ağdam Rayon Məhkəməsinə qaytarılmışdır. Bu səbəbdən məhkəmə yenidən ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsi «X2» MMC-yə həvalə edilmişdir. «X2» MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Mehdiabad qəsəbəsi Binəqədi Gənclər şəhərciyi ev 3-də yerləşən 74 saylı mənzilə və əşyalara usta xərcləri ilə birlikdə dəymiş ziyan 4710 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı onun yaşadığı evə ziyanın cavabdeh tərəfindən vurulduğunu bildirsə də, qarşı tərəf orada yaşamadığını və ziyan vurmadığını bildirmişdir. İddiaçının yaşadığı evə cavabdehin ziyan vurması məhkəmədə təsdiq olunmamışdır. Hazırki iddianın cavabdehə qarşı irəli sürülməsinin qanuni əsası mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Ələmdar Salahov arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi ev 3-də yerləşən 67 saylı mənzili müvəqqəti yaşamaq üçün keçmiş məcburi köçkün Ələmdar Salahov və ailəsinə verilmişdir. «Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi» barədə xx.xx.2023cü il tarixli müqavilənin surətindən görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Mircəlal küçəsi ev 111-də yerləşən 2 saylı mənzili Cavabdeh kirayəsinə vermişdir. Beləliklə işə baxılarkən məlum olmuşdur ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Əsl olmayan tərəfin əvəzi ediməsi məhkəmə prosesində iddiaçıya təklf edilmiş, lakin iddiaçı buna razılıq verməmişdir. Məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsində göstərilmişdir ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsində göstərilmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsində qeyd olunmuşdur ki, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyana görə 5000 manat tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1192/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1192/2025
15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver