Məhkəmə qərarları › İş №2(013)-1222/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1222/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1222/2025 02.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 02 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 10600 (on min altı yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər tanıdığı Cavabdeh maddi dəstəyə ehtiyac olduğu üçün aralarında olan borc müqaviləsinə əsasən 22 iyun 2023-cü ildə 14 ay müddətinə ayda 757 manat qaytarmaq şərti ilə ümumilikdə 10600 manat borc vermişdir. İddiaçı həmin pulu Cavabdeh müqaviləyə şəxsən imza etdirməklə vermişdir. Şərtləşdikləri kimi cavabdeh verdiyi pulları hissə-hissə geri qaytarmaq üçün iddiaçıya üç ədəd pensiya kartını vermişdir. Növbəti ayda iddiaçı cavabdehdən aldığı üç ədəd kartdan pulu şərtləşdikləri kimi çıxartmaq istədikdə məlum olmuşdur ki, cavabdeh iddiaçıya verdiyi kartları bloklamışdır. İddiaçı cavabdehdə qalan 10600 manat pulu dəfələrlə tələb etsə də sonuncu pulu geri qaytarmamışdır. Beləliklə cavabdeh 10600 manat pulu qanunsuz olaraq istifadə edir və geri qaytarmaqdan yayınır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2023-cü ildə Vaqifə baldızının evində 3000 manat, bir müddət sonra isə yenidən Vaqifə 3000 manat vermişdir. Bir müddət sonra Vaqif onun barəsində polisə şikayət etmişdir. Həmin vaxt Vaqifə 3000 manat da vermiş və sonuncu ona 10000 manat borclu olması barədə qəbz yazaraq vermişdir. Vaqif ona pul kartları vermiş, lakin həmin kartlardan heç bir məbləğ çıxara bilməmişdir. Tələb etməsinə baxmayaraq cavabdehin öhdəliyi icra etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Mülki iş xx.xx.2025-ci ildə məhkəmənin icraatına daxil olmuş, hazırlıq iclası xx.xx.2025-ci ildə keçirilərək məhkəmə baxışı xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə işin başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin səhhəti barədə məhkəməyə sənəd təqdim etməmişdir. Mülki işin məhkəmə baxışı xx.xx.2025-ci il tarixə saat 09:30-a təyin edilmişdir. xx.xx.2025-ci ildə keçirilmiş məhkəmə baxışında izahat verən Cavabdeh göstərmişdir ki, 2019-cu ildə Nazimdən hissə-hissə olmaqla 10500 manat sələmlə borc almışdır. Axırıncı dəfə Vaqifdən 2020-2021-ci illərdə pul almışdır. Özünə və ailəsinə məxsus pul kartlarını İddiaçı vermiş, İddiaçı həmin kartlardan 2019-cu ildən 2023-cü ilə qədər 28000 manat pul çıxarmışdır. Nazimə verdiyi kartları sonradan bağlatdırmışdır. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə təkrarən teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işin baxılmasının başqa tarixə keçirilməsini xahiş etmiş, lakin səhhəti barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. Məhkəmə Cavabdeh iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etdiyindən, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığı kimi qiymətləndirdiyindən və mülki işin xx.xx.2025-ci ildən məhkəmənin icraatında olduğunu nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 8000 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı pulu qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Mülki işin obyektiv, qərəzsiz, hərtərəfli və obyektiv araşdırılması üçün Cavabdeh məxsus “X3” növlü 416974******4352, Cavabdeh məxsus DSMF Debit Master CARD növlü 510307******1695, X1 məxsus DSMF Debit Master CARD növlü 510307******3841, X1 məxsus “X3” növlü 416974******4855, Cavabdeh məxsus **********927424 nömrəli və **********965698 nömrəli, X2 məxsus **********587527 nömrəli kartlardan 2019-2023-cü illərdə pullar çıxarılarkən aparılmış videogörüntülər "xxxx" ASC-dən götürülmüşdür. Həmin videogörüntülərdə İddiaçı sözügedən kartlardan pul çıxarması məlum olmamışdır. Bundan başqa işə baxılarkən məlum olmuşdur ki, Cavabdeh 2023-cü ildə İddiaçı barəsində Bərdə Rayon Polis Şöbəsinə şikayət etmiş, şikayətin araşdırılması üçün material həmin polis şöbəsindən Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir. Polis şööbəsində izahat verən Cavabdeh İddiaçı faizlə 2019-cu ildə 2000 manat, 2020-ci ildə 3000 manat, 2021-ci ildə 3000 manat aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh İddiaçı ona məxsus kartlardan pul çıxardığını bildirsə də, bu halı məhkəmədə sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında Cavabdeh ona 10600 manat borcunun olması barədə qəbz yazdığını bildirmiş, lakin həmin qəbzin əslini məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu tutulsun. İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan – 2600 (iki min altı yüz) manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar