Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1291/2025 02.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə mülki işə 02 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh onlardan aldığı xurma məhsuluna görə borclu qaldığı 9050 manat məbləğində pulun və dövlət rüsumuna görə ödədiyim 125 manat olmaqla cəmi 9175 (doqquz min yüz yetmiş beş) manat alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Çöl Qubalı kəndində yaşayırlar. İddiaçılar özlərinə məxsus olan torpaq sahəsində xurma ağacları əkib-becərməklə yetişdirdikləri xurma məhsulunu satmaqla ailələrini dolandırırlar. 2024-cü ilin noyabr ayında xurma bağından 2430 yeşik xurma məhsulu yığıb Göyçay rayonunun Kürdəmiş kəndi ərazisində yerləşən və X2 işlətdiyi soyuducuya yerləşdirmişlər. xx.xx.2025-ci il tarixdə Cavabdeh iddiaçıların tanımadıqları üç nəfər türklə xurma məhsulunu yerləşdirdikləri soyuducuya gələrək xurma məhsulu almaq istədiklərini bildirmişlər. Həmin vaxt cavabdeh iddiaçılardan xahiş etmişdir ki, onunla gələn türklərə xurmanın qiymətini bildirməsinlər, xurmanın qiymətini türklərə özü deyəcək. İddiaçılar Cavabdeh təklifi ilə razılaşdıqdan sonra onlar xurma məhsuluna videoçəkiliş aparmaqla baxıb bəyənərək sonra 300 ədəd taxta yeşikdə olan xurmanın hər yeşiyinin qiyməti 12 manatdan, 2130 ədəd xurma yığılmış karzinin hər karzinin qiyməti 9 manatdan olmaqla, cəmi 22750 manata satmağa razılaşmışlar. Bundan sonra Cavabdeh iddiaçılardan aldığı xurma məhsulunu xx.xx.2025-ci il tarixdə yük tırına yükləyib Türkiyə Respublikasına aparmışdır. Xurma məhsulu yük tırına yüklənən vaxt məhsula videoçəkilişlə baxılmış məhsulda heç bir çatışmamazlıq müəyyən edilməmişdir. Cavabdeh iddiaçılardan aldığı xurma məhsulunu nisyə apardığına görə aralarında narazılıq olmasın deyə həmin tarixdə İddiaçı2 26100 borcunun olması barədə (xurma məhsulunun ümumi qiyməti 22750 manat olduğu halda 26100 manatı səhv qeyd etməklə) sadə formada yazılmış qəbz yazmış və həmin qəbzə hər ikisi imza etmişlər. Cavabdeh iddiaçılardan aldığı xurma məhsulunu deməsinə görə Türkiyə Respublikasına aparandan bir neçə gün sonra xurmanın ümumi dəyəri olan 22750 manat puldan 15200 manat pul vermiş, qalan 7550 manatı isə üç gün müddətinə verəcəyini bildirmişdir. Lakin aradan bir neçə gün keçəndən sonra Cavabdeh telefonla iddiaçılara zəng edərək aldığı xurma ) məhsulunun bir hissəsinin çürüdüyünü bildirib pul verməyəcəyini demişdir. Lakin cavabdeh iddiaçılardan aldığı xurma məhsulunun çürüməsi ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. İddiaçılar dəfələrlə cavabdehdən qalan pulu tələb etsələr də heç bir nəticə əldə edə bilməmişlər. Bundan əlavə xurma məhsulunun X2 işlətdiyi soyuducuda saxlanmasına görə həmin şəxsə əlavə olaraq 770 manat məbləğində iddiaçılar pul ödəməli olmuşlar və həmin pulu da cavabdeh ödəməli idi. Bundan başqa Cavabdeh iddiaçılara 2024-cü ilin noyabr ayında 180 manat borcu qalmışdır. Hazırda Cavabdeh iddiaçılara ümumilikdə 9050 manat məbləğində borcu qalmışdır. Cavabdeh iddiaçılardan aldığı xurma məhsuluna görə borclu qaldığı 9050 manat pulu vermədiyinə görə ondan Göyçay Rayon Polis Şöbəsinə müraciət etmişlər. Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılmış və cavabdehin iddiaçılardan 22750 manat dəyərində xurma məhsulu alması, həmin məhsula görə iddiaçılara ümumilikdə 9050 manat borcunun qalması öz təsdiqini tapmış, lakin tələbin mülki xarakterli olduğuna görə iddiaçılara aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilmiş və cinayət işinin başlanması rədd edilmişdir. Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılarkən cavabdehə iddiaçılara olan borcunu ödəməsi təklif edilsə də Cavabdeh bu günə kimi iddiaçılara olan 9050 manat məbləğində borcunu ödəməkdən yayınır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 10:15-ə təyin edilərək bu barədə tərəflərə məlumat verilmiş, lakin Cavabdeh heç bir səbəb göstərmədən hazırlıq iclasına gəlməmişdir. Hazırlıq iclası keçirildikdən sonra məhkəmə baxışı xx.xx.2025-ci il tarixə təyin edilərək cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh gəlmədiyindən məhkəmə baxışı 02 iyun 2025-ci il tarixə saat 11:45-ə təxirə salınmışdır. Cavabdeh 02 iyun 2025-ci ildə məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilməyəcəyini bildirib işin baxılmasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçılarla cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçılar cavabdehə 22750 manat dəyərində mal (xurma məhsulunu) verməklə üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə əşyanı qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam ödəməyərək 7550 manat borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmədə elan olunmuş Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, İddiaçı2 xurma aldığını və 26100 manat borcunun qaldığını etiraf etmişdir. İddiaçı tərəf isə məhkəmədə izahat verərkən cavabdehin qəbzdə səhvən 26100 manat qeyd etdiyini, əslində malın 22750 manat dəyərində olduğunu bildirmişdir. Göyçay Rayon Polis X1 təhqiqatçısı X3 HK-1/348 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh izahat verərkən Qara və İddiaçı1lardan 2430 yeşik xurma aldığını, 2130 ədəd yeşiyin hər birini 9 manata, 300 ədəd yeşiyin isə hər birini 12 manata almışdır (cəmi 22770 manat). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. İddiaçılar cavabdehin onlara 2024-cü ilin noyabr ayında 180 manat borclu qaldıqlarını bildirsələr də, bu halı məhkəmədə sübut edə bilməmişdir. Bundan başqa iddiaçılar xurma məhsulunun X2 işlətdiyi soyuducuda saxlanmasına görə həmin şəxsə əlavə olaraq 770 manat məbləğində pul ödəməli olmuqlarını, həmin məbləği cavabdehin ödəməli olduğunu göstərərək sonuncudan 770 manat tələb etmişlər. Cavabdehin malların soyuducuda saxlanılmasına görə pul ödəməsi barədə üzərinə öhdəlik götürməsi məhkəmə baxışında sübut olunmamışdır. Bu səbəbdən iddianın 2024cü ilin borcuna görə 770 manat və malların soyuduca saxlanılması üçün 770 manat tələbinə dair hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 95,50 manat məbləğində dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq İddiaçı1 verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 7550 manat və ödənilmiş dövlət rüsumu əvəzində 95,50 manat – cəmi 7645 (yeddi min altı yüz qırx beş) manat 50 (əlli) qəpik alınaraq İddiaçı1 və İddiaçı2 verilsin. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiasının qalan – 2024-cü ilin noyabr ayının borcuna görə 180 (yüz səksən) manat, malların soyuducuda saxlanılması üçün 770 (yeddi yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumu əvəzində 29 (iyirmi doqquz) manat 50 (əlli) qəpik tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1291/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1291/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver