Məhkəmə qərarları › İş №2(013)-1293/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1293/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1293/2025 21.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 20.400 manat əsas borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Ağdam şəhərindən məcburi köçkün düşərək Yevlax şəhərində müvəqqəti yaşayır. Əvvəllər tanıdığı və münasibətdə olduğu Cavabdeh maddi dəstəyə ehtiyac olduğu üçün aralarında olan borc müqaviləsinə əsasən 27 noyabr 2021-ci il tarixdə 30 ay müddətində ayda 680 manat qaytarmaq şərti ilə 20.400 manat borc pul vermişdir. Həmin pulu Cavabdeh müqaviləyə şəxsən imza etdirməklə vermiş, müqavilənin surətini ərizəsinə əlavə etmişdir. Şərtləşdikləri kimi cavabdehə verdiyi pulları hissə-hissə geri qaytarmaq üçün ona 2 ədəd pensiya kartı verəcəkdir. Cavabdeh həmin kartları da ona vermiş, lakin növbəti ayda ondan aldığı 2 ədəd kartdan pulu şərtləşdikləri kimi çıxarmaq istədikdə məlum olmuşdur ki, cavabdeh ona verdiyi kartı bloklamış, üzərinə düşən öhdəliyi icra etməmiş və onu aldatmışdır. Sonradan o, cavabdehdə qalan 20.400 manat pulu dəfələrlə tələb etsə də ona məxsus pulu geri qaytarmamışdır. Beləliklə Cavabdeh 20.400 manat pul vəsaitini qanunsuz saxlamaqla və qanunsuz olaraq istifadə edərək geri qaytarmaqdan yayınmışdır. Bir neçə dəfə cavabdehə borcunu ödəməsini tələb etsə də Cavabdeh yalan vədlər verərək onu aldadır. Bu səbəbdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi, tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh məhkəmə prosesini uzatmaq məqsədi güdür. Cavabdeh ondan başqa ayrı-ayrı şəxslərdən də borc pullar alıb qaytarmayıb. Məhkəmə prosesinin yekunlaşdırılmasını xahiş edir. Cavabdeh məhkəmənin bundan əvvəlki iclasında iddia tələblərini qəbul etmədi. Göstərdi ki, Nazimdən hissə-hissə faizi ilə pullar götürüb. Pulu götürərkən Nazimə atasının pensiya kartını və ailəsinin çörək pulu kartını verib. Nazim həmin kartlardan 50.800 manat pul götürüb. Nazimə hazırda olan borcu faizi ilə birlikdə təxminən 17.000 manat olar. İddiaçının onun tərəfindən yazıldığını bildirdiyi 27 noyabr 2021-ci il tarixli qəbzdə olan imza ona məxsus deyil, ekspertiza yolu ilə bunun məyyən edilməsini istəyir. Ona görə də iddia tələbini qəbul etmir, onun rədd edilməsini xahiş edir. Cavabdeh hazırkı məhkəmə iclasına gəlməmiş, teleqram vuraraq xəstə olması səbəbindən iclasın təxir edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, işin hazırda baxılması və qərar qəbul edilməsi mümkündür. Məhkəmə tərəfləri dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1962-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Yevlax Şəhər Bölməsinin 07 mart 2025-ci il tarixli, 209 saylı arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün İddiaçı Yevlax şəhəri Yeni Qəsəbə 2/35 ünvanında müvəqqəti məskunlaşmışdır. Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 081779 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X3 Birliyi tərəfindən verilmiş 10 aprel 2017-ci il tarixli MV, 011664 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Ərizəyə əlavə edilmiş hazırkı cavabdeh X4 tərəfindən 27 noyabr 2021-ci il tarixdə yazılmış sadə yazılı qəbzdən görünür ki, o, İddiaçı 20.400 manat pulu 30 ay müddətinə almış, pulu hissəhissə qaytarmağına söz verərək imzası ilə təsdiq etmişdir. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü il təvəllüdlüdür. Cavabdeh İddiaçı iddia ərizəsinə əlavə etdiyi 20.400 manat pulun alınmasına dair sadə yazılı qəbzdə olan xətt və imza nümunələrinin ona məxsus olmamasını bildirdiyindən məhkəmənin 24 aprel 2025-ci il tarixli Qərardadı ilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, işin materiallarında olan, Cavabdeh adından yazılmış ərizədə olan imza və xəttin ona məxsus olubolmamasının müəyyən edilməsi ekspertlərə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli Ekspert RƏYi ilə müəyyən edilmişdir ki, 27 noyabr 2021-ci il tarixli həmin qəbzdə olan xətt və imza nümunələri Cavabdeh tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarına müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi Cavabdeh iddia tələblərini etiraf etməsə də, onun iddiaçıdan pul borc alması özünün yazdığı sadə yazılı qəbzlə təsdiqini tapır, həmçinin məhkəmə iclasında iddiaçıdan pul almasını etiraf etmiş, ziddiyyətli izahatlar vermişdir. Cavabdeh iddia tələblərini qismən etiraf edir, iddia tələblərinin təkzibi ilə bağlı məhkəməyə heç bir mötəbər sübutlar təqdim etmir, yalnız ağlabatmayan mülahizələri ilə iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, cavabdeh X1 20.400 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı məcburi köçkün olduğundan qanunla dövlət rüsumu ödəməkdən azaddır, bu səbəbdən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş həcminə müvafiq olaraq, yəni 151.20 manat məbləğində pul MPM-nin 119-cu maddəsinin tələbləri baxımından cavabdehdən alınıb dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh – 20.400 /iyirmi min dörd yüz/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh – dövlət rüsumu kimi ödənilməli olan 151.20 /bir yüz əlli bir manat iyirmi qəpik/ manat pul tutularaq dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar