Məhkəmə qərarları › İş №2(013)-1324/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1324/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1324/2025 27.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11944,7 AZN əsas, 2245,97 AZN faiz, 159,76 AZN cərimə borcu olmaqla, cəmi 14.350,43 AZN pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 133,06 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri "xxxx" KB ASC tərəfindən onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Kredit Müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 51 ay müddətinə, illik 25 % dərəcəsi ilə 12.222 AZN məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə ASC-yə 11944,7 AZN əsas, 2245,97 AZN faiz, 159,76 AZN cərimə borcu olmaqla, cəmi 14.350,43 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC məhkəməyə nümayəndə göndərməmiş, nümayəndəsi X1 ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını və tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmış, telefon əlaqəsi zamanı məhkəmə iclasına gəlmək istəyini bildirmiş, məhkəmə iclasının həftənin 1-ci, 2-ci gününə təyin edilməsini xahiş etmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Telefon əlaqəsi zamanı xəstə olmasını bildirmiş, iddia tələbləri üzrə qərar çıxarılmasına etiraz etmədiyini bildirmiş, iddia tələblərini qəbul etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını öyrənib hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 62nkCNTR/24 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün 51 ay müddtəinə illik 25 % dərəcəsi ilə ödəmək şərti ilə 12.222 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh ASCyə 11944,7 AZN əsas, 2245,97 AZN faiz, 159,76 AZN cərimə borcu olmaqla, cəmi 14.350,43 manat kredit borcu yaranmışdır. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxx 1996-cı il təvəllüdlüdür, Ağdam rayonunun Xıdırlı kəndində qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş 11 oktyabr 2024-cü il tarixli Xəbərdarlıq Məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə əsasən borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 133.06 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11944,7 AZN əsas, 2245,97 AZN faiz, 159,76 AZN cərimə borcu olmaqla, cəmi 14.350,43 manat məbləgində pul tutularaq iddiaçı «Unibank KB ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 133,06 manat da cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 11944,7 AZN əsas, 2245,97 AZN faiz, 159,76 AZN cərimə olmaqla, cəmi 14.350,43 (on dörd min üç yüz əlli manat qırx üç qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 133,06 (bir yüz otuz üç manat altı qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar