Məhkəmə qərarları › İş №2(013)-1337/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1337/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1337/2024 23.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti (bundan sonra- "xxxx" KB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6023.57 manat əsas kredit borcu, 1158.42 manat faiz borcu, 540.53 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7722.52 manat pulun və ödənilmiş 97.23 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh1 24 ay müddətinə illik 23% faiz ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyi, kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Hazırda cavabdehlərin xx.xx.2024-cü il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş 6023.57 manat əsas, 1158.42 manat faiz, 540.53 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi borcu 7722.52 manat təşkil edir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1337/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyd olunan mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" KB ASC-dən xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd ounan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2462micBRD/22-EM saylı “Əsas Kredit və X1”ndən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh1 120 ay müddətinə qaytarılmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmış və eyni tarixli əlavə kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 23% faiz ödənilməklə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 180micBRD/22 saylı Zaminlik müqavilələrindən görünür ki, zaminlər kreditor "xxxx" ASC qarşısında borclu Cavabdeh1 xx.xx.2022ci tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1nın xx.xx.2022-ci il tarixli, 2462micBRD/22-EM saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan ödənilməmiş borcu 6023.57 manat əsas, 1158.42 manat faiz, 540.53 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7722.52 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 2462micBRD/22-EM saylı kredit müqaviləsi üzrə tətbiq olunmuş 540.53 manat məbləğində dəbbə pulunun 400 manat manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 140.53 manat hissəsində təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 6023.57 manat əsas kredit borcu, 1158.42 manat faiz borcu və 140.53 manat cərimə borcu olmaqla, cəmi 7322.52 manat borcu və iddiaçı tərəfindən ödənilmiş 97.23 manat dövlət rüsumu pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada 6023.57 manat əsas kredit borcu, 1158.42 manat faiz borcu və 140.53 manat cərimə borcu, cəmi 7322.52 (yeddi min üç yüz iyirmi iki manat əlli iki qəpik) manat məbləğində borc və ödənilmiş 97.23 (doxsan yeddi manat iyirmi üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar