Məhkəmə qərarları › İş №2(013)-144/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-144/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-144/2025 05.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 05 mart 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 825 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 03 iyun 2024-cü ildə Gülyanaq ondan borc pul istəmişdir. Bərdə rayonunda yaşayan tanışı onun kartına 1500 manat pul köçürmüş, Gülyanaq isə onun kartını götürərək 1485 manat pul çıxarmışdır. Gülyanaq hər dəfə 225 manat olmaqla üç dəfəyə ona 675 manat qaytarmışdır. Bundan başqa Gülyanaqla birlikdə borc pul almaq üçün Bərdə rayonunda yaşayan tanışının yanına getdiyinə görə cavabdeh ona 50 manat vermişdir. Tələb etməsinə baxmayaraq cavabdehin öhdəliyi icra etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, 03 iyun 2024-cü ildə Teyyub ona faizlə 1485 manat borc vermişdir. Pulu almaq üçün Teyyubun idarə etdiyi avtomobillə Bərdə rayonuna getmiş, lakin pul sonradan Tyyubun kartına vurulmuşdur. Pulu Teyyubun kartından çıxarmışdır. Bundan sonra Teyyuba 50 manat qaytarmış, daha sonra isə üç ay ərzində 675 manat vermişdir. Teyyub onun haqqında xoşagəlməz sözlər danışdığından borcunu qaytarmayacağını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 1485 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı puldan 50 manat və 675 manat – cəmi 725 manat ödəyib qalan 760 manat hissəni qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. İddiaçı Cavabdeh 1500 manat pul verdiyini məhkəmədə sübut edə bilməmişdir. Hər iki tərəfin işə baxılarkən verdikləri izahatlardan məlum olmuşdur ki, iddiaçı cavabdehə 1485 manat borc vermiş, sonuncu isə İddiaçı 725 manat qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 30 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 760 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat – cəmi 790 (yeddi yüz doxsan) manat alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan – 65 (altmış beş) manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar