Məhkəmə qərarları › İş №2(013)-1443/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1443/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1443/2024 23.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 23 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 4939 (dörd min doqquz yüz otuz doqquz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh onun əmisi oğludur. Elgün borcu olduğu üçün kredit götürərək ona verməsini ondan xahiş etmişdir. Elgün bankın pulunu vaxtında ödəyəcəyini ona demişdir. 13 yanvar 2021-ci ildə "xxxx" ASC-dən 8050 manat kredit götürərək Elgünə vermişdir. Banka Elgünlə birlikdə Elşən adlı şəxsin idarə etdiyi taksi avtomobili ilə getmişlər. Elşən zəngə cavab vermədiyindən onu məhkəməyə gətirə bilməmişdir. Pulu Elgünə özünün yaşadığı evdə əri X3 və Elgünün ata-anasının yanında vermişdir. Elgünün ondan aldığı pulu qaytarmaması bütün qəsəbə sakinləri, həmçinin "xxxx" ASC-nin Ağdam filialının xəzinədarı X1 məlum olmuşdur. Elgün pulun bir hissəsini ödəmiş, 4939 manat borclu qalmışdır. Tələb etməsinə baxmayaraq cavabdehdən pulunu ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X3 bildirmişdir ki, arvadı İddiaçı 2021-ci ilin yanvar ayında Cavabdeh yaşadığı evdə 8050 manat borc vermişdir. Həmin vaxt onların yanında Elgünün valideynləri də olmuşlar. Şahnisə pulu Elgünün xahişi ilə bankdan götürərək sonuncuya vermişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X2 bildirmişdir ki, bacısı qızı İddiaçı 2021-ci ildə bankdan 8050 manat götürərək Cavabdeh vermişdir. Elgünə pul onun yanında verilməmişdir. Elgünə pul verildiyini Şahnisənin və Elgünün sözlərindən bilmişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X4 bildirmişdir ki, "xxxx" ASC-nin Ağdam filialının xəzinədarı vəzifəsində işləyir. Cavabdeh onun bibisi qızı Aygünün əridir. Onunla eynio qəsəbədə yaşayan İddiaçı bankdan kredit götürərək Elgünə vermiş, Elgün isə pulu qaytarmamışdır. Şahnisənin Elgünə borc verməsi sonuncunun etirafından ona məlum omuşdur. Elgünə pul onun yanında verilməmişdir. Elgünə pul verildiyini Şahnisənin və Elgünün sözlərindən bilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 8050 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə həmin məbləğin 4939 manat hissəsini qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. İş üzrə dindirilmiş şahidlər iddiaçının cavabdehə nə vaxt, harada və hansı şəraitdə borc verdiyini təsdiq etmişlər. Həmin şahidlərin ifadəsi ilə iddiaçının izahatı arasında hər hansı bir ziddiyyət olmamışdır. Məhz göstərilən səbəblərdən məhkəmə şahidlərin həqiqəti danışdığı, iddiaçının cavabdehə 8050 manat borc verməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 69,39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 4939 (dörd min doqquz yüz otuz doqquz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 69 (altmış doqquz) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar