Məhkəmə qərarları › İş №2(013)-1498/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1498/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1498/2024 11.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Süymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyirinə 5000 manat borcun və 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, Cavabdeh əvvəllər tanımadığını, özünə maşın almaq məqsədi ilə, TURBO. Az sayıtında VAZ 21103 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin satıcısı, cavabdehin həyat yoldaşı Eyvaz adlı şəxslə danışdığını, qarşı tərəfin avtomobili 5000 manata satdığını, özünün bununla razılaşdığını və Bərdə regional “asan xidmət” mərkəzində görüşdüklərini, Cavabdeh ondan 5000 manat pulu alaraq, ona etibarnamə verdiyini, etibarnamə verərkən avtomobilin mülkiyyətçisi olmasa da, ona məxsus olduğunu və mülkiyyətçiyə heç bir borcunun olmadığını söylədiyini və özünün də buna inandığını, bir müddət sonra avtomobili adına sənədləşdirmək istədikdə, adına verilmiş etibarnaməyə xitam verildiyini, səbəbinin isə, cavabdehin əsas mülkiyyətçiyə borcunun olduğu və borcunu qaytarmadığı üçün etibarnaməyə xitam verdirdiyini öyrəndiyini, bundan sonra Cavabdeh ona olan borcunu qaytarması üçün dəfələrlə müraciət etdiyini, lakin Cavabdeh nə olan borcunu qaytamadığını, nə də, avtomobilin mülkiyyətçisinə olan borcunu ödəmədiyi üçün VAZ 21103 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili adına keçirə bilmədiyini bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında İddiaçı VAZ 21103 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili satın almaq məqsədi ilə, Cavabdeh 5000 manat pul verdiyini, daha sonra İddiaçı aldığı avtomobili adına keçirə bilmədiyini, Cavabdeh ona verdiyi 5000 manatı qaytarmasını tələb etdiyini, lakin Cavabdeh bu günə qədər həmin məbləği qaytarmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında İddiaçı VAZ 21103 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili satın almaq məqsədi ilə, Cavabdeh 5000 manat pul verdiyini, Cavabdeh isə bunun qarşılığında iddiaçıya etibarnamə verdiyini, daha sonra İddiaçı aldığı avtomobili adına keçirə bilmədiyini, etibarnamənin ləğv edildiyini, İddiaçı Cavabdeh ona verdiyi 5000 manatı qaytarmasını tələb etsə də, Cavabdeh bu günə qədər həmin məbləği qaytarmadığını bildirdi. Məhkəmə iddiaçının izahatını və çıxışını, şahid izhatlarını dinləyib iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ƏH-Vİİİ №899783 olan etibarnamənin surətindən görünür ki, X1 mülkiyyətində olan VAZ 21103 minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçinin etibarnamə üzrə nümayəndəsi, X4 tərəfindən xx.xx.2023-cü il tarixdə etibar edilən şəxsində İddiaçı xx.xx.2024-cü il tarxədək, etibarnamədə göstərilən şərtlərlə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nnin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 5000 (beş min) manat məbləğində pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar