Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1499/2024 14.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, nümayəndəsi /vəkil, Bərdə Rayon Vəkil Bürosu/ X2, cavabdehlərdən Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia açaraq Cavabdeh1 9500 manat pulun və həmçinin ödəmiş olduğu 115 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi, vəkil X4 ərizə verərək cavabdeh qismində həmçinin Cavabdeh2 da işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin 24 may 2024-cü il tarixli Qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh2 də cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh2 və onun arvadı Cavabdeh1 2019cu ildən tanıyır. Belə ki, 2019-cu ilin noyabr ayından Cavabdeh2 razılaşmaları əsasında gəlib ailəsi ilə birlikdə onun fermasında çoban işləmişdir. Cavabdeh2 və onun arvadı Cavabdeh1 onun fermasında çoban işləməyə gələrkən əvvəl işlədikləri fermanın sahibinə borclu olduqları üçün onların həmin fermaya olan borcunu ödəmişdir. Cavabdeh1 qardaşı Nail 2023-cü ilin noyabr ayında yol-nəqliyyat hadisəsi törətmişdir. Günəş əri Nizami ilə birlikdə onun yanına gəlib demişlər ki, Nailin sürdüyü maşının təmir etdirilməsinə və müalicəsinə pul lazımdır, bu məqsədlə onlara pul lazım olduğunu bildirmişlər. Ona görə də ondan 9500 manat borc pul istəmişlər. Onlara yazığı gəlmiş və onlardan şübhələnməmişdir, belə ki, onlar onun etibarını qazanmışlar. Günəşə 9500 manat pul vermiş, ancaq bunun üçün onlardan qəbz istəmişdir. Cavabdeh2 öz xətti ilə öz adından və arvadı Cavabdeh1 adından ondan 9500 manat pulu almaları ilə bağlı qəbz yazıb vermişdir. Onu da qeyd edir ki, onlar bu pulu ondan 21 noyabr 2023-cü il tarixdə almışlar. Nizami də qəbzi həmin tarixdə yazıb ona vermişdir. Günəş bildirmişdir ki, Nail Bakıdakı evini girov qoymaqla bankdan kredit götürərək 9500 manat pulu qısa müddətdə qaytaracaqdır. Günəş pulu gətirib verməmiş, eyni zamanda pulu verməmək üçün ona müxtəlif bəhanələr gətirirərək onu şərləmək istəmişlər. 01 dekabr 2023-cü il tarixdə gecə Nizami Günəşlə birlikdə fermadan qaçıb getmişlər. Məcbur olub onlardan Ağcabədi Rayon Polis Şöbəsinə şikayət etmiş, polis onları 16 dekabr 2023-cü il tarixdə yaxalayıb Polis Şöbəsinə gətirmişdir. Orada təhqiqatçı onların adından qəbz yazmış və Nizami də qəbzi imzalamışdır. Onlar 9500 manat pulu qaytarmalarına söz versələr də bu günə kimi onun pulunu qaytarmamışlar. Bu səbəbdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətndə qalmışdır. Ona görə də hesab edir ki, iddia tələbləri əsaslıdır, tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehlər Günəş və əri Nizami fermalarda işləyirlər, 2019-2022-ci il ərzində onlar onun fermasında işləmişlər, onlara hər ay 450-500 manat əmək haqqı vermiş, həmçinin ərzaqla təmin etmişdir. Günəşlə Nizaminin əvvəl işlədikləri Vəkil adlı şəxsin fermasına 5700 manat borcları olduğu üçün həmin pulu Vəkil adlı şəxsə vermişlər. Həmin 5700 manat pulla bağlı, yəni həmin məbləğin cavabdehlərdən Cavabdeh1 tutulmasına dair məhkəmə qətnaməsi var, məbləğin bir qismi, 1700 manatı onun xeyrinə tutulub. Sonradan Günəş və Nizami başqa fermaya olan borcları ilə bağlı gəlib ondan 9500 manat da pul istəmişlər və tezliklə hər hansı bəhanə etmədən qaytaracaqlarını bildirmişlər. Günəş və Nizami fermasında işlədiyi üçün onlara həmin məbləği vermişdir. Nizami bu barədə öz xətti ilə qəbz yazmış, Günəşlə birlikdə həmin qəbzi imzalamışlar. Hazırda Günəşin danışdıqlarının aldıqları borca heç bir aidiyyəti yoxdur, Günəşin danışdıqları yalandır. Dəfələrlə onlardan pullarını tələb etmiş, lakin heç bir faydası olmamışdır. Ona görə də məhkəməyə müraciət edib. Cavabdeh1 iddia tələblərini qəbul etmədi. Göstərdi ki, Nizami ilə ailəlidir, 3 uşaqları var, Bakı şəhərində fermada yaşayırlar. Nizaminin məhkəmə icraatından məlumatı var, lakin uşaqlar xəstə olduğu üçün məhkəməyə gəlməmiş, Bakıda uşaqların yanında qalmışdır. 5700 manat həqiqətən əvvəl işlədikləri fermaya borcları olduğundan İddiaçı ər-arvad olaraq 5700 manat borc almışlar, həmin pulla bağlı məhkəmə qətnaməsi var, pulun 1700 manatını Rəxşənə ödəyib, imkanı olmadığından qalanı qalır. Hazırda Rəxşən ondan əlavə 9500 manat tələb edir ki, həmin tələbə etiraz edir. Rəxşənə 9500 manat borclu olmalarına dair qəbzi əri Nizami yazıb, hər ikisi imzalamışlar, lakin savadı olmadığı üçün qəbzə nə üçün imza etməsini bilmir. Qəbz Nizami tərəfindən yazılıb. Rəxşəndən həmin pulu alsalar da, pulları bibisi gətirib Rəxşənə qaytarıb. Rəxşən yalan danışır, Rəxşənə borcları yoxdur. Əgər Rəxşənə borclu olduqları 5700 manat pulun qalan hissəsini onlara güzəşt etsə, Rəxşənə 9500 manat pulu ödəməyə razıdırlar. Ona görə də iddianı rədd edir, təmin edilməməsini istəyir. Cavabdehlərdən Cavabdeh2 yaşayış yeri üzrə məhkəmə bildirişləri göndərilmiş, Cavabdeh2 ailəsinin fermer təsərrüfatında işlədiyi Əli adlı şəxsin ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, həmin şəxs bildirmişdir ki, hazırda onun yanında Nizaminin arvadı Günəş işləyir və uşaqları ilə birlikdə yaşayır, Nizami isə onun yanında işləmir, harada yaşamasını bilmir. Şahid qismində məhkəmə iclasında izahat verən X11 göstərdi ki, İddiaçı onun atasıdır. X17 və əri Nizamiyə əvvəl işlədikləri fermaya borcları olduğundan 5700 manat borc vermiş, lakin onlar borcu qaytarmamış, buna görə də atası məhkəməyə müraciət etmiş, həmin məbləğlə bağlı qətnamə var, 5700 manat puldan yalnız 1700 manat qaytarılıb. Sonradan Günəş və Nizami başqa fermada da işləyiblər, onların həmin fermaya da borcları olduğu üçün gəlib atası Rəxşəndən borc istəyiblər. 9500 manat həmin pulu da X17 və Nizamiyə verib. Həmin pulun 6200 manatını Günəş və Nizami əvvəl fermasında işlədikləri Elməddin adlı şəxsə vermişlər, qalan məbləği isə Nizami və Günəş öz ehtiyaclarına sərf etmişlir. Dəfələrlə atası Rəxşən onlardan pulunu tələb etmiş, lakin heç bir faydası olmamışdır. Şahid qismində ifadə verən X1 göstərdi ki, Günəş onun baldızıdır. Günəş əri Nizami ilə fermalarda işləyirlər. Günəşlə Nizami əvvəlki işlədikləri fermaya borcları olduğu üçün 5700 manat Elməddin adlı ferma sahibinə pul veriblər. Hazırda Rəxşən yalan danışır. Günəş və Nizami Rəxşənin fermasında işləyərkən maddi vəziyyətləri yaxşı olmayıb, onlara bazarlıq edib aparıb. Günəşlə Nizami 5 il Rəxşənin fermasında işləyiblər. Məhkəmə tərəfləri, şahidləri dinlədikdən sonra, iş materiallarında olan sənədləri, sübutları nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1959-cu il təvəllüdlüdür. Ağcabədi RİH Başçısının Hindarx Qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 141 saylı, 03 may 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı hazırda rayonun Hindarx Qəsəbəsində yaşayır. AZE 14493699 saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 1988-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən 30 oktyabr 2013cü il tarixdə verilmiş AA 301961 seriyalı X8 surətindən görünür ki, Cavabdeh1 Ağdam rayonundan məcburi köçkündür. Ağdam RİH Başçısının Qiyaslı Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 344 saylı, 04 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 nümayəndəliyin Keşdazlı kəndində /Ağdam Rayon/ pasport qeydiyyatındadır. Bərdə RİH Başçısının Bərdə Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 3649 saylı, 04 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bərdə şəhəri, Füzuli küçəsi ev 4/6-da yaşayır, aşağıdakı ailə üzvləri vardır : Cavabdeh2 – həyat yoldaşı /əri/, X5 – qızı, X6 – qızı və X9 – oğlu. Hərbi Biletin surətindən görünür ki, Cavabdeh2 09 yanvar 1978-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ərizəyə əlavə edilmiş hazırkı cavabdehlərdən Cavabdeh2 tərəfindən 21 noyabr 2023-cü il tarixdə yazılmış, həmçinin onun özü və arvadı, digər Cavabdeh1 tərəfindən imzalanmış sadə yazılı qəbzdən görünür ki, o, həyat yoldaşı Cavabdeh1 ilə birgə hazırkı İddiaçı 9500 manat borc pul almışlar, heç bir bəhanə olmadan qaytaracaqlar. Ərizəyə əlavə edilmiş Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış sadə qəbzdən görünür ki, Bərdə şəhəri Füzuli küçəsində yaşayan Tağıyev X12 Rayon Hinarx Qəsəbə sakini İddiaçı Ağdam Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərar əsasında 5735 manat borcu qaytarmış, başqa da onun fermasında çoban işlədiyi müddətdə xx.xx.2023-cü il tarixdə 9500 manat ehtiyacı olduğu üçün borc almışdır, həmin pulu onun fermasında çoban işləyərək hissə-hissə onun verdiyi maaşdan qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunan Məcəllənin 739.3-cü maddəsinə görə borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Sözügedən Məcəllənin 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbləri əsaslıdır və qanunamüvafiqdir, hazırda tələb olunan həcmdə təmin edilməlidir. Cavabdeh1 iddia tələblərini rədd edərkən öz mülahizələrinə əsaslanır, gah borc aldığını etiraf edir, gah iddia tələblərini rədd edir, sübutlar təqdim etməsə də iddiaçının pullarını hansısa qohumu vasitəsi ilə qaytarmasını bildirir. Cavabdeh1 İddiaçı pul almadığını bildirsə də, 9500 manatın borc kimi alınmasına dair qəbzin əri Cavabdeh2 tərəfindən yazılmasını etiraf edir, həmin qəbzi imzalamasını etiraf edir, savadsız olması ilə bağlı qəbzə pul almadığı halda imza etməsi kimi ağlabatmayan fikirlər bildirir. Cavabdeh2 məhkəməyə gəlmir, iddia tələblərinin təkzibi ilə bağlı məhkəməyə sübutlar təqdim etmir. Məhkəmə iddia tələblərini əsaslı edir, İddiaçı təqdim etdiyi sənədlər hazırkı iddia tələblərində onun tələblərinin əsaslı olmasını sübut edir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu kimi ödədiyi 115 manat məbləğ də Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinin müddəaları baxımından cavabdehlərdən tutulub onun xeyrinə verilməlidir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9500 manat pul və həmçinin iddiaçı tərəfindən ödənilmiş 115 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilməlidir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 - 9.500 /doqquz min beş yüz/ manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 115 /bir yüz on beş/ manat tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1499/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1499/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver