Məhkəmə qərarları › İş №2(013)-1518/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1518/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1518/2025 31.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə 31 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8500 (səkkiz min beş yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehləri tanımış, Cavabdeh1 qəssablıq fəaliyyəti ilə məşğul olmuş, iddiaçı ilə Xəyyamın münasibətləri yaxşı olmuşdur. İddiaçı da qəssablıq fəaliyyəti ilə məşğul olmuş, onun Quzanlı qəsəbəsində heyvan kəsim və satış məntəqəsi var. İddiaçı Cavabdeh1lə heyvan alıb, kəsib, satmaqla bağlı razılığa gəlmişdir. Cavabdehin pulu olmadığı üçün iddiaçıya məxsus avtomobili satıb, həmin pulla alver etmək istəmişlər. Digər Cavabdeh2 avtomobil təmiri ustasıdır. Razılaşmalarına görə iddiaçıya məxsus avtomobili Sadiq təmir edərək satmalı və pulunu iddiaçıya verməli olmuşdur. Sadiq avtomobili 9000 (doqquz min) manata satıb pulu özünün dediyinə görə qardaşı Cavabdeh1 vermişdir. Ortada olan maya ilə təxminən bir il alver etmişlər. Cavabdeh1 2-3 aydan bir iddiaçıya 150 manat icarə pulu vermişdir. Cavabdehlər 9000 manatdan iddiaçıya 500 manat ödəmişlər. Cavabdehlərin iddiaçıya 8500 manat borcu qalmışdır. Cavabdehlərin hər ikisi iddiaçının pulunu qaytaracaqları barədə sonuncuya söz vermişlər. Sadiq pulun qaytarılmasına cavabdeh olduğunu demişdir. Ancaq uzun müddət keçməsinə baxmayaraq iddiaçı cavabdehlərdən pulu ala bilməmişdir. Cavabdeh1 iddiaçıya verməli olduğu 8500 manat pulu vermədiyi üçün onu iddiaçı mağazasından kənarlaşdırmışdır. Cavabdehlərin iddiaçıya borclu olmalarını Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində yaşayan X2 və X5 da təsdiq edə bilərlər. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək bildirmişdir ki, Xəyyam onun ət mağazasında işləmişdir. Xəyyamın ona 11000 manat borcu yaranmışdır. Sonradan Xəyyam 2500 manat ödəyərək 8500 manat borclu qalmışdır. Özünə məxsus avtomobili satmaq üçün cavabdehlərə etibarnamə vermiş, onlar onun avtomobilini 10700 manata satmışlar. Cavabdehlər onun pulunu ödəyəcəklərini bildirmiş, lakin 2023-yaranmasına baxmayaraq ödəməmişlər. Son vaxtlar cavabdehlərin atası və qardaşı ilə görüşmüş, onlar da pulun ödəniləcəyini demişlər. Qeyd edilənlərə əsasən iddanın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan təkrarən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə cavabdehlərin iclasa gəlməmələrinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X2 göstərmişdir ki, Elməddinin qəssabxanası var, Xəyyam orada işləmişdir. Xəyyam avtomobilini etibarnamə ilə Sadiqə vermiş, sonuncu sataraq pulu qaytarmamışdır. Elməddin kredit götürərək Xəyyama vermişdir. X3 8500 manat borcu qalmışdır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X1 göstərmişdir ki, Sadiqi tanımır, Xəyyamı isə tanıyır. Xəyyəm Elməddinin obyektində işləmişdir. Elməddin Xəyyama borc vermişdir. Xəyyamın Elməddinə 8000 manat borcu qalmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Mülki işə baxılarkən məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 8500 manat məbləği heç bir hüquqi əsas olmadan əldə etmişlər. Belə olan halda cavabdehlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 8500 manat məbləği geri qaytarmalıdırlar. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş üzrə dindirilmiş şahidlər cavabdehlərin iddiaçıya 8500 manat borcunun olduğunu təsdiq etmişlər. Həmin şahidlərin ifadələri ilə iddiaçının izahatı arasında hər hansı bir ziddiyyət olmamışdır. Məhz göstərilən səbəbdən məhkəmə şahidlərin həqiqəti danışdığı, iddiaçının haqlı olduğu, yəni cavabdehlərin əsassız olaraq iddiaçıya məxsus 8500 manat pulu əldə etdikləri qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının hazırki tələbi irəli sürərkən ödəməkdən azad edildiyi 105 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8500 (səkkiz min beş yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 105 (yüz beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar