Məhkəmə qərarları › İş №2(013)-1526/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1526/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1526/2025 18.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4340,3 AZN əsas, 594,64 AZN faiz, 146,16 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5081,10 AZN pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 70,82 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri "xxxx" KB ASC tərəfindən onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizəsini-anketi imzalamaqla Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 18 % dərəcəsi olmaqla 5000 manat məbləğində kredit xətti açılmış, Ümumi Oferta müqaviləsinin 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə ASC-yə 4340,3 AZN əsas, 594,64 AZN faiz, 146,16 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5081,10 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC məhkəməyə nümayəndə göndərməmiş, ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını və tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin bundan əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbləri ilə bağlı bildirdi ki, borcunu ödəyə bilmir. Kitabxanaçı işləmiş, hazırda işləmir. Ərindən ayrılmış, uşaqlarını təkbaşına saxlayır. 1 il olar ki, borcunu ödəmir. Ona görə də hazırda məhkəmədən ona köməklik edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizə ünvanlamış, uşağının xəstəliyi ilə bağlı məhkəməyə gəlməyəcəyini bildirmiş, faiz və cərimə borclarının silinməsini xahiş etmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və Cavabdeh dinləyib və məhkəmə iclasında qeyd etdiklərini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, cavabdeh iddia təlblərinin təmin edilməməsi üçün yalnız maddi vəziyyətinin çətin olmasını bildirir. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 9022nkBRDb/23 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 5000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ASC-yə 4340,3 AZN əsas, 594,64 AZN faiz, 146,16 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5081,10 manat kredit borcu yaranmışdır. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1984-cü il təvəllüdlüdür, Ağdam rayonu Şıxbabalı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddiaçı iddia ərizəsində cavabdehdən 146.16 manat cərimə məbləğinin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunverici dəbbə pulunun azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulmalı olan cərimənin məbləği azaldılmaqla 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4340,3 AZN əsas, 594,64 AZN faiz, 50 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 4984.94 manat məbləgində pul tutularaq iddiaçı «Unibank KB ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119cu maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 70,82 manat da cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - 4340,3 AZN əsas, 594,64 AZN faiz, 50 AZN cərimə borcu olmaqla, cəmi 4984.94 (beş min səksən bir manat on qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 70,82 (yetmiş manat səksən iki qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1(bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar